Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 14:26

Mənbəni göstərməsən, bağlanacaqsan…


«Bundan istifadə edib müxalifət qəzetlərini, heç müxalifətə yaxın olmayan bir internet saytını da bağlamaq olar»
«Bundan istifadə edib müxalifət qəzetlərini, heç müxalifətə yaxın olmayan bir internet saytını da bağlamaq olar»
Bundan sonra «etibarlı» və ya «mötəbər mənbələr»ə onların adlarını çəkmədən istinad, həmin mətbu orqanın bağlanması ilə nəticələnə bilər. Artıq buna KİV haqqında qanuna edilən son dəyişiklik imkan verir.

Qanunun 19-cu maddəsinə edilən düzəlişə görə, bir mətbu orqanı informasiya azadlığından və jurnalist hüququndan sui-istifadə edirsə, həmin mətbu nəşrin fəaliyyətinin 2 ay dayandırılması ilə bağlı məhkəmə qarşısında iddia qaldırıla bilər.

Qanunun 60-cı maddəsində də, bir sıra məqamlar kimi, qanunda göstərilmiş hallardan başqa, informasiyanın mənbə açıqlanmadan verilməsi sui-istifadə hesab edilir.

Media Hüququ İnstitutunun rəhbəri Rəşid Hacılı «Azadlıq» radiosuna deyir ki, KİV haqqında qanunda mənbənin hansı hallarda açıqlanmasının tələb edildiyi aydın şəkildə əks edilməyib. Qanuna görə, yalnız məhkəmənin tələbi olarsa, mətbu orqanı mənbəni açıqlamağa borcludur:

- Bundan istifadə edib müxalifət qəzetlərini, heç müxalifətə yaxın olmayan bir internet saytını da bağlamaq olar. Lap hakimiyyətə yaxın olan bir məmurun da evini yıxmaq olar. Məsələ ondadır ki, bu, qanunsuzluqlar üçün böyük imkan yaradan hüquqi dolaşıqlıqdır.

Əslində Azərbaycanda mətbuatın üzləşdiyi problemlərlə tanış olmadan bu dəyişikliyin rolunu dəqiq qiymətləndirmək çətindir.

«Azadlıq» qəzetinin direktoru Azər Əhmədov deyir ki, Azərbaycanda korrupsiya halları baş alıb gedir. Onun fikrincə, rəsmi mənbələrə çıxmaq KİV üçün problem olduğundan korrupsiyaya aid məlumatları dəqiqləşdirmək çox çətin olur. Nəticədə də onlar adının çəkilməsini istəməyən etibarlı, mötəbər mənbələrlə işləmək məcburiyyətində qalırlar:

- Bu dəyişiklik azad sözün boğulmasını, sıxılmasını leqallaşdırmağa yönəlib.

KİV haqqında qanuna dəyişiklik edən parlamentin əksər üzvləri isə heç də bunu azad sözün boğulması kimi dəyərləndirmirlər. Deputat Zahid Oruc deyir ki, bu, mətbu orqanlarında böhtanın və yalan məlumatların qarşısını almağa yönəlib:

- Bir tərəfdən mətbuatda təhqir halları güclənib, başqa tərəfdən də reket jurnalistikası istila halını alıb. Bu, belə halların qarşısını almaq üçün düşünülüb və qəbul edilib.

«Azadlıq» qəzetinin direktoru Azər Əhmədov isə deyir ki, Azərbaycanda həmişə reket jurnalistikasının qarşısında yaşıl işıq yandırılıb və bundan sonra da belə olacaq. Onun fikrincə, bu dəyişikliklər əslində ölkədəki korrupsiya, özbaşınalıq hallarının işıqlandırılmasının qarşısını almağa, qapalı bir mühit yaratmağa istiqamətlənib.
XS
SM
MD
LG