Keçid linkləri

2024, 07 Dekabr, şənbə, Bakı vaxtı 09:01

Neftin pulları şəffaf xərclənirmi?


Neft Fondunun prezidenti Şahmar Mövsümov deyir ki, fondun büdcəsi təsdiq edilmək üçün
Neft Fondunun prezidenti Şahmar Mövsümov deyir ki, fondun büdcəsi təsdiq edilmək üçün
Bu günlər Azərbaycan Mədən Hasilatında Şəffaflıq Təşəbbüsünə tam hüquqlu üzv seçilib. Neft Fondunun prezidenti Şahmar Mövsümov bunu Azərbaycanda neft gəlirlərinin şəffaflığına verilən qiymətin təzahürü sayır.

Ancaq Azərbaycandakı müstəqil iqtisadçılar da hesab edirlər ki, neft gəlirləri kimi, onun xərclənməsi prosesində də şəffaflıq təmin edilməlidir.

Ötən il Neft Fondundan büdcəyə 3,8 milyard manat vəsait transfer edilib. Həmin vəsaitin də böyük bir hissəsi investisiya layihələrinin maliyyələşdirilməsinə xərclənib. Üstəlik Neft Fondundan birbaşa bir sıra iri layihələrə də vəsait ayrılıb. Elə təkcə 145 milyon manat vəsaitin qaçqın və məcburi köçkünlərin mənzil şəraitinin yaxşılaşdırılmasına ayrıldığı bildirilir. Bundan başqa 211 milyon manat Oğuz-Qəbələ-Bakı su kəmərinin çəkilişinin davam etdirilməsinə ayrılıb. Yeri gəlmişkən bu kəmərin çəkilişi uzandıqca ona ayrılan vəsaitlərin də ildən-ilə həcmi artmaqdadır. İlkin maliyyə dəyəri 480 milyon manat olan bu kəmərin çəkilişinə bu il əlavə olaraq 300 milyon manatın ayrılacağı proqnozlaşdırılır.

Mədən Sənayesində Şəffaflığın Artırılması üzrə Qeyri Hökumət Təşkilatları Şurasının üzvü İlham Hüseynov deyir ki, Neft Fondundan ayrılan vəsaitlərin xərclənməsi prosesinə dövlətin effektli nəzarəti yoxdur. İlham Hüseynov deyir ki, onlarda olan məlumatlara görə, təkcə qaçqın və məcburi köçkünlərin mənzil şəraitinin yaxşılaşdırılmasına ayrılan vəsaitin 40 faizdən çoxu təyinatı üzrə xərclənməyib:

«Bu yaxınlarda belə bir məlumat aldıq. Tovuz rayonunda bir kənd məktəbində, bir sinif otağının inşasına 80 min manat vəsait xərclənib. Bu vəsait xərclənib yeyilib. Neft Fondundan ayrılan vəsaitlərin xərclənməsinə həm dövlətin, həm də vətəndaş cəmiyyətinin nəzarəti artırılmalıdır. Bu işdə də təşəbbüskar elə Neft Fondu olmalıdır».

Neft Fondunun prezidenti Şahmar Mövsümov isə deyir ki, onlar infrastruktur layihələrinin maliyyələşməsinə ayrılan vəsaitlər üzərində də monitorinq aparırlar. Şahmar Mövsümovun sözlərinə görə, onlar ilk növbədə bu vəsaitlərin xərclənməsinin qanunvericiliyin tələblərinə cavab verib-vermədiyinə nəzarət edirlər:

«Ancaq başqa tərəfdən mən qeyd etməliyəm ki, bütün layihələri ayrı-ayrı dövlət qurumları həyata keçirirlər. Və onlar ayrılan vəsaitlərin təyinatı üzrə düzgün xərclənməsinə tam məsuliyyət daşıyırlar».

Əslində müstəqil iqtisadçılar da etiraf edirlər ki, neft xərcləri zamanı yol verilən korrupsiya hallarının aradan qaldırılması tam Neft Fondundan asılı məsələ deyil. İlham Hüseynov hesab edir ki, burda Hesablama Palatası və başqa bir sıra dövlət qurumlarının da üzərinə vəzifələr düşür. Ancaq onun fikrincə, bütünlükdə prosesdə dönüş yaratmaq daha çox ölkə rəhbərliyindən asılıdır:

«Burada siyasi iradə olmalıdır. Bu siyasi iradə ölkəyə gələn neft pullarının hər manatının iqtisadiyyatın inkişafına, əhalinin vəziyyətinin yaxşılaşdırılmasına sərf edilməsini təmin etməlidir».

Artıq iki ay arxada qalsa da bu il hələ ki, Neft Fondunun büdcəsi təsdiq edilməyib. Neft Fondunun prezidenti Şahmar Mövsümov deyir ki, artıq layihə prezidentə təqdim edilib və yaxın günlərdə bu proses başa çatacaq…
XS
SM
MD
LG