Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:23

Plaf 50.000 dolları kimə versin?


Plaf qonorarını demokratiya uğrunda mübarizə aparan qruplara bağışlamaq niyyətindədir
Plaf qonorarını demokratiya uğrunda mübarizə aparan qruplara bağışlamaq niyyətindədir
ABŞ prezidenti Barak Obamanın seçki qərargahının keçmiş rəhbəri Deyvid Plaf Azərbaycandakı çıxışının qonorarını - 50.000 dolları kimə verəcək? Xarici mətbuat yazırdı ki, Devid Plaf bu pulu Qafqazın keçmiş sovet ölkələrində demokratiya uğrunda mübarizə aparan qruplara bağışlamaq niyyətindədir. Yerli hüquq müdafiəçiləri bir məsələdə həmrəydirlər ki, pul qeyri-hökumət, özü də əsl qeyri-hökumət təşkilatlarına verilməlidir.

Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun rəhbəri Emin Hüseynli deyir ki, 50.000 dollar hamıdan əvvəl həbsdəki jurnalistlərin ailələrinə verilməlidir:

«Mən Devid Plafa təşkilat adından bir qrant ərizəsi yazacağam ki, 50.000-i zəhmət olmasa verin, həbsdəki jurnalistlərin ailələrinə. Gündə bir jurnalistin ailə üzvü düşür xəstəxanaya, işıqları kəsilir, onların yanına gedib-gəlmək elə nə qədər pul aparır. Ayda 800 manat-1.000 dollar edir. Müraciət edəcəyik ki, o pulun bir hissəsini bizə versin, biz də paylayaq jurnalistlərin ailələrinə».

Emin Hüseynli deyir ki, həbsdəki jurnalistlərin ailələri tez-tez zəng vurub maddi durumlarının ağır olduğunu deyirlər. Onlara maddi kömək məqsədilə yeni marafon da təşkil edəcəklər.

Hüquq müdafiəçisi Arzu Abdullayeva isə deyir ki, yaxşı olardı Plaf 50.000 dolları insan haqları, iqtisadiyyat, neft-mədən şəffaflığı, ən vacibi beyin institutlarına versin. Qaçqın və məcburi köçkünləri də unutmaq olmaz:

«Qaçqın və məcburi köçkünlərin QHT-lərdən uzaqlaşdırılması nəticəsində onlar demokratiyanın nə olduğunu bilmirlər. Qarabağ məsələsinin həllində xalq diplomatiyasına, Dağlıq Qarabağın azərbaycanlı icmasının formalaşmasına da maddi kömək lazımdır».

Arzu Abdullayeva düşünür ki, referendum ərəfəsi 50.000 dollardan seçki üzrə ixtisaslaşan QHT-lərə də pay düşsə, pis olmaz.

Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun rəhbəri Emin Hüseynli deyir ki, Devid Plafa konkret layihə göndərib təklif edəcəklər ki, 50.000-i paylamaq üçün açıq qrant tenderi keçirsin, qoy hər şey şəffaf olsun:

«Həbsdə 5 jurnalist var, hər ailəyə ayda 1.000 dollar olmaqla, 2 aylıq pul ayrılsın, 10.000 dollar edir, qalan 40.000-i də çıxarsın ortalığa».
Emin Hüseynli deyir bununla fiziki şəxs olsa da, Devid Plaf Azərbaycanda açıq tender ənənəsinin də başlanğıcını qoymuş olar, azərbaycanlı və xarici iş adamlarına Azərbaycana qrant ayırmağa stimul verər.

Barak Obamanın seçki qərargahının keçmiş rəhbəri Devid Plafın Bakıya hökumətyönlü QHT tərəfindən dəvət olunması ciddi rezonans doğurdu, sonradan köməkçiləri bildirdi ki, Plaf özü bu barədə təyyarədə xəbər tutub, qonorarını da yerli demokratik qruplara verəcək. ABŞ-ın Azərbaycandakı səfiri Enn Ders isə Plafın Bakıya özəl şəxs kimi gəldiyini deyib.
XS
SM
MD
LG