Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 02:50

Müxalifətin təşəbbüs qrupları qeydə alınmayacaq?


Azər Rəşidoğlu
Azər Rəşidoğlu
Mərkəzi Seçki Komissiyası (MSK) referendumla bağlı yaradılan «Davamlı İnkişaf Naminə» və «Ziya» təşəbbüs qruplarını qeydə aldı. Bununla da qeydə alınan təşəbbüs qruplarının sayı 7-yə çatdı.

MSK-nın fevralın 9-da keçirilən toplantısında müxalifətçilərin yaratdıqları «Respublikaçılar» və «Respublika və Qarabağ Uğrunda» təşəbbüs qruplarının qeydiyyatı məsələsinin gündəliyə çıxarılacağı ilə bağlı gözləntilər isə doğrulmadı.

Siyasi şərhçi Azər Rəşidoğlu deyir ki, MSK-nın indiyə qədər yalnız iqtidaryönlü təşəbbüs qruplarını qeydə alması müxalifəti bütünlüklə seçki prosesindən kənarda saxlamaq cəhdidir:

«MSK-nın birbaşa iqtidaryönlü təşəbbüs qruplarını qeydə alması ötən prezident seçkisində olduğu kimi, 18 mart referendumunu da alternativsiz «fikir mübadiləsi» şəraitində keçirmək, olduqca yüksək faizlə İlham Əliyevin ömürlük prezidentliyinə «hə» deməkdir. Bu, onu göstərir ki, MSK birbaşa funksiyasını yerinə yetirməkdən çox, siyasi fəaliyyətlə məşğul olur, hakim partiyanın maraqlarının təmsilçisi kimi çıxış edir».

A.Rəşidoğlu müxalifətçilərin təşəbbüs qruplarının qeydə alınmayacağı haqda proqnozları həm də bu qrupların imzatoplama kampaniyasında ciddi maneələrlə üzləşməsi ilə əsaslandırır. Onun sözlərinə görə, iqtidar beynəlxalq birlikdə referendumu ictimaiyyətin bütün təbəqələrinin dəstəklədiyi haqda fikir formalaşdırmağa çalışır. Elə bir mərhələdə müxalifətçilərin İTV-nin efirindən fərqli fikir səsləndirməsinə imkan verilməyəcək.

MSK-nın Mətbuat Xidmətinin rəhbəri Azər Sarıyev isə müxalifətdən olan təşəbbüs qruplarının sənədlərinə hələ indiyə qədər baxılmamasını onların imza vərəqələrini ən gec təqdim etmələri ilə izah edir. O deyir ki, fevralın 11-nə kimi bu qrupların da sənədlərinə baxılacaq.

İndiyə qədər MSK-da qeydiyyatdan keçən təşəbbüs qruplarının təmsilçiləri isə deyirlər ki, nə imzatoplama, nə də qeydiyyata alma prosesində problemlə üzləşiblər.

Fazil Qəzənfəroğlu
«Hüquq və Demokratiya» təşəbbüs qrupunda əsasən iqtidara yaxınlığı ilə tanınan millət vəkilləri və hüquqşünaslar toplaşıb. Qrupa parlamentin Hüquq Siyasəti və Dövlət Quruculuğu Daimi Komissiyasının sədri Əli Hüseynov rəhbərlik edir. Qurumda Milli Məclisin üzvü Fazil Qəzənfəroğlu da var.

F.Qəzənfəroğlu deyir ki, «Hüquq və demokratiya» təşəbbüs qrupunda əsasən hüquqşünaslar təmsil olunub:

«Orda mənim daha çox üzərində durduğum məsələ eks-prezidentlərin statusudur. Bizim qrup əsasən bunu təbliğ edir. Qalan maddələrdə isə razılaşmadığımız məqamlar da var. Buna baxmayaraq nə imzatoplama kampaniyasında, nə də qeydiyyata alma prosesində problem yaşamışıq».

Daha bir təşəbbüs qrupu - «Vətəndaş Cəmiyyəti» isə bəzi təhlilçilərə görə, iqtidara yaxın QHT-lərdən yaradılıb. Qrupun üzvü Çingiz Bayramovun sözlərinə görə, qurumda əsasən cəmiyyətdə fəal mövqeyi ilə fərqlənən vətəndaş cəmiyyəti institutları təmsil olunur.

Ç.Bayramov referenduma çıxarılacaq məsələni açıq şəkildə müdafiə etdiklərini də deyir.

İndiyə qədər MSK iki təşəbbüs qrupunu qeydə almayıb. Bunlar «Azadkənd» və «Azad söz» təşəbbüs qruplarıdır.

MSK-dan verilən xəbərə görə, «Azadkənd» əsasən bölgələrdən olan ictimai fəalların, «Azad söz» isə daha çox rəsmi mətbuatda və iqtidaryönlü media orqanlarında çalışan jurnalistlərin formalaşdırdığı qrup olub. Hər iki təşəbbüs qrupu imzaların yetərli olmaması səbəbilə qeydə alınmayıb.

Müstəqil media iqtidarın onu dəstəkləyən bu qrupları iki məqsədlə qeydə almadığını yazır. Birincisi, bu yolla referendumla bağlı prosedurların şəffaf olduğu önə çəklir. İkincisi isə müxalifətin subyektivliklə bağlı gələcəkdə səsləndirə biləcəyi iddiaların qarşısı indidən alınmış olur.

Təşəbbüs qruplarının qeydə alınması mərhələsi fevralın 11-də başa çatır. İndi qeydiyyatla bağlı qərarı müxalifətyönlü təşəbbüs qrupları ilə yanaşı daha iki qrup da gözləyir.
XS
SM
MD
LG