Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 05:16

İranın Müdafiə naziri Bakıda hərbi əməkdaşlıq məsələlərini müzakirə edir


Mustafa Məhəmməd Nəccar: «Əlaqələrimizdə bəzi problemlərimiz olsa da, danışıb həll edəcəyik»

Aprelin 19-da İranın Müdafiə naziri Mustafa Məhəmməd Nəccar Bakıya üçgünlük rəsmi səfərə gəlib. O, azərbaycanlı həmkarı Səfər Əbiyevlə görüşüb. Cənab Nəccar jurnalistlərlə söhbətində iki ölkə arasında hərbi sahədə əməkdaşlıq məsələlərinin müzakirə olunacağını dedi: «Azərbaycana Müdafiə naziri Səfər Əbiyevin dəvəti ilə gəlmişəm. İranla Azərbaycan dost ölkələrdir. İki dövlət arasında hərbi və təhlükəsizlik sahələrini əhatə edən sazişlərimiz var. Danışıqlar aparacağıq, əlaqələrimizdə bəzi problemlərimiz olsa da, danışıb həll edəcəyik. Hazırda olan sazişin üstündə işləyirik. Danışıqlarda yeni imkanlar yaransa, yeni saziş imzalanması ehtimalı da var».

Müdafiə naziri Mustafa Məhəmməd Nəccar ölkəsinin uran zənginləşdirmək planları barədə suala cavabında bildirib ki, bu, sadəcə İran xalqının istəyidir: «İranı İslam Respublikası bu proqramı sülh məqsədilə həyata keçirir. İran vətəndaşları bunu istəyirlər. Son vaxtlarda da biz bu işi bitirdik, uranın zənginləşdirilməsi prosesində nəticə əldə etdik. Onun bayramını da etdik».


Aprelin 20-də cənab Nəccar Xarici İşlər və Müdafiə Sənayesi nazirliklərində görüşlər keçirəcək, onu prezident İlham Əliyev də qəbul edəcək.


2004-cü ildə İranın Müdafiə naziri Əli Şəmxani Bakıya gəlmişdi. 2005-ci ildə isə Azərbaycanın Müdafiə naziri Səfər Əbiyev İranda olmuşdu. Həmin vaxt İran və Azərbaycan hökumətləri arasında hərbi sahədə əməkdaşlıq haqqında saziş imzalanmışdı.


XS
SM
MD
LG