Keçid linkləri

2024, 07 Dekabr, şənbə, Bakı vaxtı 09:19

Hər 12 minə cəmi 1 vəkil…


Azərbaycanda bəzi rayonlarda ümumiyyətlə, vəkil yoxdur
Azərbaycanda bəzi rayonlarda ümumiyyətlə, vəkil yoxdur
Azərbaycanda vəkil olmaq üçün təkcə hansısa universitetin hüquq fakültəsində dörd il bakalavr təhsili alıb «hüquqşünas» diplomuna yiyələnmək kifayət etmir. Vəkil olmaq üçün mütləq Vəkillər Kollegiyasının üzvü olmaq lazımdır. Üzvlük üçün isə Kollegiyanın rəhbərliyi qarşısında imtahan vermək lazımdır. Vəkillər Kollegiyasının sədr müavini Fərhad Nəcəfov bildirir ki, bu il də 505 nəfərin sənədlərini götürüblər, yaxınlarda onların hamısını imtahan edib, kimin Kollegiyanın üzvü olub-olmaması barədə qərar verəcəklər.

Fərhad Nəcəfovun dediyinə görə, hazırda Azərbaycanda 722 nəfər vəkil var. Yəni ölkədə hər 12 min nəfərə yaxın adama cəmi 1 vəkil düşür. Halbuki, hüquqşünaslar dünya üzrə orta göstəricinin hər 2000 min nəfərə bir vəkili olduğunu deyirlər. Bu hesabla Azərbaycan vəkillərin sayına görə dünya üzrə orta göstəricidən 6 dəfə geridədir. İnkişaf etmiş, məhkəmə hakimiyyətinin güclü olduğu ölkələrdə vəkillərin sayı dünya üzrə orta göstəricidən bir neçə dəfə yuxarıdır. Məsələn, son məlumatlara görə İsraildə hər 175, ABŞ-da 260, İtaliyada isə 280 adama bir vəkil düşür.

Vəkillər Kollegiyasının sədr müavini Fərhad Nəcəfov bildirir ki, Azərbaycanda vəkillərin sayı indi az olsa da, vəkil olmaq istəyənlərin sayı ildən-ilə artır:

«2004-cü ildə Azərbaycanda vəkillərin sayı 370 nəfər idi. İndi iki dəfə artırılıb. 2005-ci ildə vəkilliyə 359 nəfər sənəd vermişdi. 2006-cı ildə 441 nəfər sənəd verib. Bu il isə 505 nəfərin sənədini qəbul etmişik. Yəni vəkilliyə maraq artır».

Amma vəkilliyə marağın artması barədə deyilənləri vəkillərin özləri təsdiqləmirlər. Tanınmış vəkil Adil İsmayılov deyir ki, çox sevdiyi vəkillik peşəsinə indi onun özünün də həvəsi qalmayıb:

«1995-98-ci illərə qədər vəkillik etmək maraqlı idi, hardasa, vəkilin sözünə qulaq asırdılar. Amma indi vəkilin nə dediyini eşitmək istəyən yoxdur. Mənim özümdə də vəkilliyə həvəs qalmayıb. Açığı sonuncu dəfə vəkil kimi gördüyüm hansısa işdən zövq aldığım yadıma gəlmir».

Azərbaycanda təhlilçilər hüquqşünasların vəkilliyə deyil, hakimliyə, prokurorluğa, polisə getmələrinin səbəbini vəkillərin qazancının az olmasında görürlər. Avropada, ABŞ-da və başqa ölkələrdə isə əksinə, vəkilin qazanmaq imkanı prokurorlardan daha çoxdur. Çünki onlar təkcə maaşlardan asılı olmurlar, müştərilərinə xidmət əvəzində daha çox qazancları olur. Prokurorların isə, maaşdan kənar gəlir əldə etmək imkanları yoxdur.

Azərbaycanda müstəqil vəkillər tam bunun əksinin olduğunu iddia edirlər. Üstəlik, dövlətin dəvəti ilə vətəndaşın hüququnu müdafiə edən vəkilin bir saatlıq işinin qiyməti isə cəmi 90 qəpikdir.

Söhbət etdiyimiz vəkillər deyirlər ki, indi Azərbaycanda vəkillərin çoxu əsasən hakimlə vətəndaşlar arasında vasitəçilik edirlər. İşi məhkəməyə düşən, haqlı-haqsız məhkəmədən öz xeyrinə qərar istəyən vətəndaş isə vəkilin yalnız vasitəçi olduğunu görüb, işini elə birbaşa hakimin özü ilə görməyə üstünlük verir. Əlbəttə, bu cür ittihamları Vəkillər Kollegiyası da, hakimlər də rədd edirlər.

Azərbaycanda vəkilliyin əsas problemləri sırasında bürokratik maneələrin, xüsusilə də Vəkillər Kollegiyasının yaratdığı problemlərin rolunu qeyd edənlər də az deyil. Xaraktercə qeyri-hökumət təşkilatı olan Kollegiyaya vəkillik fəaliyyətinin az qala bütün sferalarını tənzimləmək səlahiyyəti verilib. Halbuki bu qurumun üzvü olan vəkillərin onun idarə edilməsində iştirakı təmin edilməyib. Üç ildə bir dəfə qurultayı keçirilməli olan Kollegiyanın son beş ildə qurultayı keçirilmir. Başqa müstəqil hüquqşünaslar qeyri-hökumət təşkilatı kimi fəaliyyət göstərən müstəqil vəkil birlikləri yaratsalar da həmin qurumların üzvlərinin Vəkillər Kollegiyası üzvləri kimi vəkillik fəaliyyətinə icazə verilmir. Vəkillər Kollegiyasının sədr müavini Fərhad Nəcəfov bildirir ki, hazırda qüvvədə olan qanun yalnız Kollegiyanın üzvü olanların vəkillik fəaliyyətinə icazə verir. Ola bilər, gələcəkdə, vəkillərin sayı artsa, başqa vəkil qurumları da yarana bilər:

-Vəkillər Kollegiyası necə təşkilatdır?
-Qeyri-hökumət təşkilatıdır.
-Bəs niyə başqa qeyri-hökumət təşkilatları da yaranmır?
-Bizim nəzdimizdə 17 hüquq məsləhətxanası, 7 vəkil bürosu var...
-Başqa vəkillər kollegiyası yarana bilərmi?
-Gələcəkdə xaricdə olan kimi, say artdıqca, iki min nəfərdən sonra hər hansı başqa bir vəkillər kollegiyası da yarana bilər».

Vətəndaşın vəkilə və ədalətə inamı olan ölkələri həm də qanunun aliliyinin qorunduğu ölkələr adlandırırlar. Azərbaycanda bəzi rayonlarda ümumiyyətlə, vəkil yoxdur. Vəkillər Kollegiyasının sədr müavini Fərhad Nəcəfov deyir ki, indi bəzi vəkillərə bir neçə qonşu rayonlarda məhkəmələrə gedib vətəndaşın hüququnu qorumağı xahiş edirlər.
XS
SM
MD
LG