Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 20:40

Təşviqatla bağlı pulsuz efir vaxtının müddəti artırılmalıdır


Qeydiyyatdan keçmiş təşəbbüs qruplarına bir həftə ərzində İctimai Televiziya və radioda ən azı 3 saat efir vaxtı verilir
Qeydiyyatdan keçmiş təşəbbüs qruplarına bir həftə ərzində İctimai Televiziya və radioda ən azı 3 saat efir vaxtı verilir
Doqquz təşəbbüs qrupu Mərkəzi Seçki Komissiyasının (MSK) qeydiyyatla bağlı cavabını gözləyir. Təşviqat qruplarının imzaları təqdim etmə müddəti fevralın 1-də başa çatıb. Komissiyanın məlumatına görə, imza vərəqəsi üçün müraciət edən 14 təşəbbüs qrupundan 13-ü tələb olunan 40 min seçici imzasını MSK-ya təqdim edib. Üç təşəbbüs qrupu isə artıq qeydiyyatdan da keçib. Bunlar «Yeni Azərbaycan», «Şəhər» və «Tərəqqi» təşəbbüs qruplarıdır. MSK-nın Mətbuat Xidmətinin rəhbəri Azər Sarıyev:

«Bir təşəbbüs qrupu – «Demokratik Azərbaycan dünyası» rəsmi müraciət edərək referendumda «Yeni Azərbaycan» təşəbbüs qrupunu dəstəkləyəcəklərini bildirdi. İndiyə kimi yalnız bir – «Abadkənd» təşəbbüs qrupu qeydiyyata alınmayıb».

A.Sarıyevin dediyinə görə, imzaların həqiqiliyi növbəti 10 gün ərzində araşdırılacaq və müvafiq qərar qəbul ediləcək.

MSK-ya tələb olunan imza vərəqələrini təqdim edən 13 təşəbbüs qrupundan 9-u referendumun lehinə, 4-ü isə əleyhinə çıxır. Referendum əleyhinə yaradılan təşəbbüs qrupları «Qarabağ və Respublika Uğrunda», «Respublikaçılar», «Azərbaycan Xalq Cümhuriyyəti» və «Milli İstiqlal» təşəbbüs qruplarıdır.

Fevralın 18-dən referendumla bağlı təşviqat başlayır. Təşviqat martın 18-də keçiriləcək səsverməyə 24 saat qalmış dayandırılır. Seçki Məcəlləsinin tələbinə görə, qeydiyyatdan keçmiş təşəbbüs qruplarına bir həftə ərzində İctimai Televiziya və radioda ən azı 3 saat efir vaxtı verilməlidir. Yəni əgər 13 qrupun 13-ü də qeydiyyatdan keçərsə, hər birinin həftə ərzində ən azı təxminən 4 dəqiqə efir vaxtı olacaq. Amma MSK-nın Mətbuat Xidmətinin rəhbəri Azər Sarıyev deyir ki, təşəbbüs qruplarının efirdə çıxışları üçün daha çox vaxt ayırmağa çalışacaqlar:

«Çalışacağıq ki, öz fikirlərini ifadə etmələri üçün imkanları olsun».

Konstitusiyanın 29 maddəsinə 40-dan çox dəyişiklik nəzərdə tutulur. Əsas dəyişiklik bir nəfərin iki dəfədən artıq prezident seçilməsinə qadağanın götürülməsidir.

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin əməkdaşı Bəşir Süleymanlı deyir ki, əsas qanuna təklif olunan dəyişikliklərin çox olmasını nəzərə alaraq hər bir təşviqat qrupuna həftə ərzində ən azı 20 dəqiqə efir vaxtı verilməlidir. Amma ekspertin dediyinə görə, bugünədək olan təcrübə onu göstərir ki, heç vaxt tərəflərə kifayət qədər pulsuz efir vaxtı verilmir:

«Vaxt müddətini artırmaq lazımdır. Amma təəssüflər olsun ki, hökumət bu məsələdə maraqlı deyil. İstəmirlər ki, efirdə hər hansı bir müxalifət partiyasının nümayəndəsi görünsün və ordan öz təbliğatını, təşviqatını aparsın. Qrupların sayını artırmaqla, müxalifətin payına düşən vaxtı azaltmaqla məqsədlərinə nail olurlar. Çünki onsuz da, dövlət televiziyalarında iqtidarın bu və ya digər şəkildə reklamı gedir».

Artıq qeydiyyatdan keçmiş «Yeni Azərbaycan» təşviqat qrupundan olan, Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri Ramil Həsənov isə pulsuz efir vaxtının azlığı ilə bağlı deyilənlərlə razılaşmır. Bundan başqa, R.Həsənov hesab edir ki, təşviqat qrupları efir vaxtı ilə bağlı öz aralarında da razılığa gələ bilərlər:

«Təbii ki, 13 qrupdan 13-ü də eyni istiqamətdə, ya referendum lehinə, ya da əleyhinə kampaniya aparmayacaqlar. Yəqin ki, bir çoxu tərəfdarı olacaq, bir qrup da qarşı çıxacaq. Buna görə də, hesab edirəm ki, vaxtı bölüşdürmək məsələsində öz aralarında qanuni razılığa gələ bilərlər».

Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı isə deyir ki, qanuna uyğun şəkildə ayrılan pulsuz efir vaxtı həmişə formal xarakter daşıyır və daha çox bərabər hüquqlu təbliğatın olması görüntüsünü yaratmaq məqsədi güdür.

A.Hacılı deyir ki, təşəbbüs qrupları qeydiyyatdan keçərsə, efir vasitəsilə çıxışdan başqa, referendum əleyhinə kütləvi aksiyalar keçirmək, təşviqat materiallarını yaymaq və başqa bu kimi tədbirlər görməyi planlaşdırırlar. Və çox güman ki, əleyhdarlar xalqı referendumu boykot etməyə çağıracaqlar:

«Bu məsələlər ətrafında müzakirələr aparılacaq. Nəzərə alsaq ki, 29 maddədə 41 dəyişiklik nəzərdə tutulub, seçicinin bülletendə göstərilən sualların hər birinə cavab verməsi üçün bir seçki günü kifayət deyil. Ona görə də düşünürəm ki, referendumu boykot etməyin tərəfdarları daha çox olacaq».

Bu arada AzərTAc xəbər verir ki, prezident İlham Əliyev referendumla bağlı növbəti dəfə öz rəyini açıqlayıb. Agentliyin məlumatına görə, «Wall Street Journall» qəzetinə müsahibəsində prezident deyib ki, xalqın bir şəxsin iki dəfədən artıq prezident seçilməsinə səs vermək hüququna malik olması demokratik prinsipdir.
XS
SM
MD
LG