Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:56

DİN-in sözçüsü: «Vətəndaşın əsəbləriylə oynayırsız»


«Harda görünüb ki, müxbirin böyründə 3-4 əli silahlı polis hərlənsin?»
«Harda görünüb ki, müxbirin böyründə 3-4 əli silahlı polis hərlənsin?»
Jurnalist istəmirsə ki, onu hədələsinlər, vətəndaşın heysiyyatına toxunmasın, əsəbləri ilə oynamasın. Çünki bu halda vətəndaşın gücü özünə çatır, telefonla hədə-qorxu gəlməkdən başqa yolu qalmır. Bunu Daxili İşlər Nazirliyindən (DİN) Ehsan Zahidov deyir. «Azadlıq» radiosu Naxçıvan müxbiri Məlahət Nəsibovanın təhlükəsizliyini təmin etmək üçün nazir Ramil Usubova məktub göndərib. Ehsan Zahidov:
- Harda görünüb ki, müxbirin böyründə 3-4 əli silahlı polis hərlənsin? Vətəndaşın əsəbləriylə oynayırsız, o da götürüb zəng eləyir. Siz müraciət eləmisiz, baxılıb, araşdırma aparılar.
Nazirliyin dəftərxanasından deyirlər ki, «Azadlıq» radiosunun məktubunu alıblar, fevralın 3-də bu barədə ətraflı məlumat veriləcək.
Məlahət Nəsibovaya yanvarın 29-da özünü Malik Əliyev kimi təqdim edən şəxs zəng edib, onu ölümlə hədələyib. Həmin şəxs Naxçıvanda başqa bir jurnalist Elman Abbasova da eyni məzmunlu zəng edib. Elman Abbasov deyir ki, güc strukturlarına müraciətlərinə hələ cavab verilməyib:
- Naxçıvan Daxili İşlər Nazirliyinə, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə müraciət etmişik, ancaq heç bir cavab almamışıq. Əksinə bir gün sonra Həkimeldostu Mehdiyevi başından külqabıyla vurublar.
Öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə, hədənin icra ediləcəyi üçün real əsaslar olduqda iki ilədək azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Bu cəzanı Cinayət Məcəlləsinin 134-cü maddəsi müəyyənləşdirib.
Jurnalistləri ölümlə hədələmiş Sədərək sakini Malik Əliyevsə deyir ki, sadəcə əsəbləşərək Məlahət Nəsibovaya bəzi sözlər deyib, sonra da zəng edib üzr istəyib. M.Əliyev «Yeni Müsavat»ın müxbiri Həkimeldostu Mehdiyevlə Məlahət Nəsibova Sədərəkə reportaj üçün gələndə əsəbləşib:
- Biz müqəddəs torpaqda yaşayırıq, Sədərək strateji rayondur. Gördüm Həkimeldostu bir qohumuyla burda şou düzəltmək istəyir, üstlərində də press-mress yazılmış xələtlər varıydı. Bir də gördüm ki, deyir ki, buraları mən qorumuşam. O, veteranları təhqir eləyib, şəhidlərin ruhuna hörmətsizlik eləyib.
Malik Əliyev deyir ki, Məlahət Nəsibovaya Həkimeldostu Mehdiyevlə oturub-durmamağı məsləhət görüb.
«Azadlıq» qəzetinin baş redaktoru Qənimət Zahid xuliqanlıqda ittiham olunaraq, dərhal saxlandı, daha sonra 4 illik həbs cəzası aldı.
Bir müddət əvvəl jurnalist İdrak Abbasov evinə basqın edən şəxsi polisə təhvil versə də, polis onu buraxdı. Jurnalist deyir ki, o, həmin şəxsin deyil, onu göndərənin tapılmasını istəmişdi. İdrak Abbasovun indilik təsəllisi ona basqının bir daha təkrarlanmamasıdır:
- Bu, jurnalistlərə qarşı total, sifarişli basqıdır. Aparıb polisə təhvil verirsən, tutub buraxırlar. Bu, jurnalistlərə ögey münasibəti göstərir. Qanunlar hamı üçün eyni deyil.
«Azadlıq» radiosunun müxbiri Məlahət Nəsibova isə Naxçıvanın Mətbuat Şurasını məhkəməyə verməyə hazırlaşır. Səbəb Şuranın yerli «Şərq qapısı» qəzetində dərc etdirdiyi məqalədir. M.Nəsibova məqalədə onları təhqir edən məqamların olduğunu deyir.
Mətbuat Şurası məqalədə onu da bildirir ki, İsmayıl Hüseynovun bir neçə dəfə ailə qurması milli dəyərlərə hörmətsizlikdir.
72 yaşlı İsmayıl Hüseynov polis zorakılığına etiraz etdiyi üçün psixiatrik klinikaya yerləşdiriləndə, «Azadlıq» radiosunun müxbiri Məlahət Nəsibova bu faktı araşdırıb. Sonradan ailənin qalan üzvləri ilə maraqlanmaq üçün jurnalistlər Sədərəkə getmiş, orada təzyiqlə üzləşmişdilər.
Ötən həftə Avropa Birliyinin və Amerika səfirliyinin rəsmiləri də İsmayıl Hüseynovun ailəsinə baş çəkiblər.
XS
SM
MD
LG