AŞ PA-da Azərbaycanda siyasi məhbuslar məsələsiylə əvvəllər britaniyalı deputat Malkolm Brüs məşğul olurdu. İndi isə Azərbaycanda həm siyasi məhbuslar, həm də Avropa Şurası qarşısında öhdəliklərin yerinə yetirilməsinə Monitorinq Komitəsi nəzarət edir.
Hüquq müdafiəçisi Murad Sadəddinovsa siyasi məhbus probleminin həlli üçün Avropa Məhkəməsindən istifadəni bir variant kimi görür: «Avropa ölkələrinin təcrübəsi göstərir ki, belə problemlər Avropa Məhkəməsində həllini tapır, gec-tez biz də bu yolu gedəcəyik».
Azərbaycanın Avropa Şurası yanında daimi nümayəndəliyinin rəhbəri, səfir Aqşin Mehdiyevin fikrincə isə, Azərbaycanda siyasi məhbus məsələsi bağlanmaq üzrədir. Buna görə də qurumun hər hansı məruzəçisinin bu işlə məşğul olmasına ehtiyac yoxdur. Bunu Aqşin Mehdiyev «Azəri-press» Agentliyinə deyib.
Yerli hüquq müdafiəçiləri ölkədəki siyasi məhbusların sayı barədə müxtəlif rəqəmlər söyləyirlər, bəziləri onların sayının 50, digərləri isə, 80-dən çox olduğunu deyir. Onların bildirdiyinə görə, may, yaxud iyun ayında amnistiya gözlənir.