Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:09

Mirvari Qəhrəmanlı: «Qanunu ən çox Dövlət Neft Şirkəti pozur»


Mirvari Qəhrəmanlı: «Neft Şirkəti işçilərlə müqavilə bağlayır və istədiyi vaxt onları işdən çıxarır»
Mirvari Qəhrəmanlı: «Neft Şirkəti işçilərlə müqavilə bağlayır və istədiyi vaxt onları işdən çıxarır»
Dinlə

«Ən çox Əmək Məcəlləsini Dövlət Neft Şirkəti pozur». Bunu «Azadlıq» radiosunun «Can Bakı» proqramına Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlı deyir:

«2003-cü ildən etibarən hər il illik hesabatı ictimaiyyətə təqdim edirik. Araşdırırıq ki, ilkin olaraq ölkədə kimlərin haqları pozulur və niyə pozulur? Biz hüququ pozulan insanları necə müdafiə edirik və hansı nəticəsi olur? Apardığımız monitorinq göstərir ki, Azərbaycanda əsasən işçilərin haqqı pozulur. Bir il ərzində bununla bağlı bizə 1554 şikayət ərizəsi daxil olub, 28 məhkəmə işi keçirilib. Araşdıranda gördük ki, hüququ pozulan işçilər, öz hüquqlarını bilmirlər, maarifləndirilmirlər, Azərbaycanın məhkəmə sisteminə etibarları yoxdur. İşə götürənlərin isə Azərbaycan Respublikasının Əmək Məcəlləsindən xəbərləri yoxdur, mənəvi və maddi cəhətdən işçidən üstündürlər, məhkəmədə ümumi dil tapa bilirlər».

Mirvari xanımın sözlərinə görə, hüququ pozulan işçi ictimai təşkilat kimi Həmkarlar Təşkilatına, dövlət qurumu kimi isə Dövlət Əmək Müfəttişliyinə müraciət edir. Amma bunun da bir faydası olmur:

«Çünki Həmkarlar Təşkilatı Dövlət Neft Şirkətinin qeyri-rəsmi bir strukturuna çevrilib. Dövlət Əmək Müfəttişliyi isə işçidən çox, işə götürənin hüququnu müdafiə edir».

Müsahibimiz Azərbaycanda neftçilərin hüquqlarının da pozulduğunu söyləyir:

«Ötən əsrlərdə Bakının neft milyonerləri neft gəlirlərindən xalqa miras qoyublar. Toxuculuq kombinatı, Opera teatrı, Qızlar gimnaziyası və s. tikdiriblər. İndi isə Bakının neft milyonçuları özləri üçün villalar, istirahət mərkəzləri tikdirirlər, bahalı maşınlar alırlar. Hacı Zeynalabdin Tağıyev neft fəhləsi üçün çox gözəl şərait yaratmışdı, elə Sovet vaxtı da ən yaxşı pul alan, ən yaxşı yerdə yaşayan neftçilər idi. İndi neftçilərin maaşı iş şəraitlərinə görə, çox azdır, onlar ağır, radiasiyalı şəraitdə işləyirlər. Eyni otaqda həm yemək yeyirlər, həm də yatırlar. Televizor, soyuducu təminatları yoxdur».

Mirvari Qəhrəmanlı əlavə edir ki, ölkədə işçilərin hüququnu ən çox Dövlət Neft Şirkəti pozur:

«Neft Şirkəti Əmək Məcəlləsini ən çox pozan və bunun nəticəsində cəzasız qalan qurumdur. Bu qurum işçilərlə müqavilə bağlayır və istədiyi vaxt onları işdən çıxarır».
XS
SM
MD
LG