Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 23:07

Ekspertlər sabiq nazirin həbsini istisna etmirlər


Sabiq İqtisadi İnkişaf naziri Heydər Babayev
Sabiq İqtisadi İnkişaf naziri Heydər Babayev
«Sabiq İqtisadi İnkişaf nazirinin həbsi istisna olunmur. Böhran Azərbaycana da gəlir, çox acı nəticələri artıq indidən özünü göstərir. Buna görə də iki-üç nəfər «günahkar» tapılıb cəzalandırılmalıdır. Günah onların boynuna qoyulmalıdır. İndiki məqamdasa hakimiyyət üçün ən ideal namizəd Heydər Babayevdir».
Politoloq Ərəstun Oruclu sabiq İqtisadi İnkişaf naziri Heydər Babayevin hökumətin iclasında tənqid olunmasını bu cür dəyərləndirir. Onu əvəzləyən nazir Şahin Mustafayev deyib ki, ondan əvvəlki nazirlərin vaxtında dövlət əmlakının özəlləşdirilməsi, sahibkarlığın inkişafı, haqsız rəqabətin və inhisarçılığın aradan qaldırılması sahəsində ciddi pozuntulara və cinayət xarakterli əməllərə yol verilib.

Ərəstun Oruclunun sözlərinə görə, əslində Heydər Babayevin birinci şəxsin qəzəbinə tuş gəlməsi haqda söz-söhbət çoxdan dolaşırdı. Ötən prezident seçkiləri zamanı namizədlərdən biri naziri hədəfə götürüb, onun və ailəsi haqda təhqiramiz fikirlər yayırdı. Politoloq deyir ki, hələ o zaman Heydər Babayev vəzifədəydi və bu hal onu göstərirdi ki, ona qarşı nəsə hazırlanır:
«Azərbaycanda idarəetmə prinsiplərini Osmanlı dövrünü xatırladır. Vəzir sultanın qəzəbinə gəlibsə, mülkiyyəti alınır, boynu vurulur. İndi boynu vurulmasa da, həbsxana mexanizmi işə düşür. İstisna etmirəm ki, Heydər Babayev və ona bağlı şəxslər cəzalandırıla bilər».

Politoloqa görə, bu həm də hakim komanda üzvlərinə işarədir:

«Açıq nəzərə çarpmasa da, komanda daxilində başıpozuqluq var. Təcili referendum keçirilməsi zərurəti də bunun göstəricisidir. Bu gün Babayevin həbs edilməsi komandaya işarədir ki, hamı bir nəfərə tabe olmalıdır».

Başqa politoloq İlqar Məmmədov düşünür ki, Azərbaycandakı korrupsiya piramidasında günahsız adam yoxdur:

«Korrupsiya bu sistemi nizamlayır. Gələcəkdə məmurla prezident arasında qarşıdurma yaranarsa, dərhal həmin məmur korrupsiya adıyla həbs edilə bilər. Azərbaycanda belə nümunələr olub. Heydər Babayevə qarşı rəsmi ittihamlar irəli sürülsə, hüquq mühafizə orqanları yetərincə əsaslı sübutlar tapa bilərlər. Problem ondadır ki, başqalarına qarşı da bu cür ittihamlar sürülə bilər, amma irəli sürülmür. Siyasi sistemdəki problem ondadır».

İlqar Məmmədova görə, indidən həbs haqda danışmaq tezdir: «Babayevin yaxın adamları həbs edilə bilər. Şəxsən ona toxunmaya da bilərlər. Əgər Heydər Babayev sussa …»

Amma politoloqa görə, sabiq nazir susmaya da bilər. O xatırladır ki, Heydər Babayev hələ ötən ilin əvvəllərində hüquq mühafizə orqanları və mafioz qruplardan şikayətlənirdi. Sabiq nazir həmin qruplar tərəfindən məhsulun bir rayondan başqasına aparılmasına qadağa qoyulduğunu iddia edirdi. Və əgər bu cür çıxışlar davam etsə, hadisələrin istiqaməti dəyişə bilər…
XS
SM
MD
LG