Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:20

«İnternet yoxdur»


Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyir ki, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi operatorlar arasında işi düzgün tənzimləmir
Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyir ki, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi operatorlar arasında işi düzgün tənzimləmir
«Bu, analoqu olmayan bir haldır! Dünyanın heç yerində belə şey yoxdur».
Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz belə deyir. Haqqında danışdığı analoqu olmayan hal isə eşitdiyi şikayətdir...
Bakı sakini, Elmira adlı xanım zəng edib, deyir ki, ATS-dən—Avtomat Telefon Qovşağından internet istəyir, vermirlər:
«Biz internet almaq istəyirik ki, «Azadlıq» radiosuna qulaq asaq, deyir, bizdə yoxdur, mümkün deyil, elə xətt yoxdur».
Elmira xanımın istədiyi xətt ADSL-dir.
ADSL - internetə geniş zolaqlı, yüksək sürətli qoşulma deməkdir. İnternetə telefonla, amma telefon danışığına mane olmadan qoşulmaq.
Bu isə bəzi ATS-lərə sərf etmir. Çünki hər bir ATS öz əlində olan xidmət növünün işə keçməsini istəyir. Yəni inhisarçılıq edir, müştərinin seçim hüququnu pozur.
Elektron nəşrlər üzrə ekspert Rafiq Məmmədli deyir ki, Bakıdakı ATS-lərin çoxu Rabitə Nazirliyinin yaratdığı provayderin - «Bakinternet»in xidmətini təklif edir.
Daha sürətli interneti, məsələn ADSL-i olan provayderlərin ATS-lərlə əməkdaşlığına imkan verilmir:
«Başqa özəl provayderlər var, məsələn, «Azevrotel»in xidməti dövlətinkindən çox yaxşıdır, sadəcə onu ATS-lərə yaxın buraxan yoxdur».
Beləliklə, sürətli interneti olan provayderi ATS özünə yaxın qoymur, müştəriyə isə belə provayderdən internet almaq imkanı olmadığını bildirir.
İnternet mütəxəssisləri deyirlər ki, qoşulmaq problem deyil. Problem provayderlərin qaydalara əməl etməməsidir.
Hansısa operator, ya ATS başqa provayderi yaxına buraxmırsa, telekommunikasiya haqda qanunu pozur. Nəticədə istifadəçinin seçim haqqını əlindən alır.
Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyir ki, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi operatorlar arasında işi düzgün tənzimləmir.
Birinci problem isə Rabitə Nazirliyinin hər şeyi öz əlində cəmləməsidir:
«Bizdə nazirliyin üç funksiyası var, birincisi, tənzimləmə, ikincisi, kommersiya funksiyasıdır, interneti nazirlik özü alıb-satır, üçüncüsü, lisenziyanı da verir. Bax absurd burdadır. Dünyanın heç yerində belə şey yoxdur ki, bir nazirlik üç işi görsün».
İnformasiya texnologiyaları ekspertlərinin diliylə desək, indi Azərbaycandakı ATS-lər, həm də bəzi özəl provayderlər, hərəsi bir xanlıq olub, ərazisinə başqasını buraxmır.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi işə qarışa bilmir, çünki öz maraqları var. Nazirliyin mətbuat katibi Müşfiq Əmirov isə başqa şey deyir:
«Problem yoxdur, ola da bilməz. İnternetin istifadəsi üçün hər şərait yaradılıb».
Müşfiq Əmirov deyir ki, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi Azərbaycanda internetin inkişafı üçün hər şeyi edir.
Nazirliyin provayderi «Bakinternet» limitsiz 1 meqobit interneti 320 manata təklif edir. Türkiyədə eyni şey 10 dəfədən də ucuz, təxminən 24 manatdır. Danimarkada isə Azərbaycan pulu ilə təxminən 8 manatdır.
XS
SM
MD
LG