«Azadlıq» qəzetindəki «Hakimiyyət cəmiyyəti özünə qarşı birləşdirdi» başlıqlı məqalədə AXCP sədri Əli Kərimli deyir ki, son addımlar İlham Əliyevin lobbistlərini çətin vəziyyətdə qoyub:
«Hakimiyyətin xarici radiolarla bağlı mövqeyi onu göstərir ki, o daxilən tərəddüdlərə son qoyaraq, uzun illərdən bəri elan olunmuş «keçid» dövrünü özünə məxsus şəkildə başa çatdırmaq istəyir. Çox təəssüf ki, hökumət bu dövrü demokratiyaya, söz və mətbuat azadlığına keçidlə yox, Azərbaycanı qapalı cəmiyyətə, Özbəkistan, Türkmənistan modelinə çevirməklə başa vurmaq istəyir».
Ə.Kərimli deyir ki, demokratiya və respublika prinsipləri kimin üçün əzizdirsə, onlar bir araya gəlməlidirlər:
«Son addımlar İlham Əliyevin həm xaricdəki lobbistlərini, həm də ölkə daxilində ona müsbət imic yaratmaq istəyənləri çətin vəziyyətdə qoydu. Azərbaycan hakimiyyətinin dünyanın ən sərt rejimləri ilə bir sırada durmasına artıq heç nə mane olmur».
«Ekspress» qəzeti yazır ki, Ankara Bakıdan əlavə qaz istəyəcək. Rusiya ilə Ukrayna arasındakı qaz münaqişəsi Türkiyəyə də problem yaradıb. Türkiyə Rusiyadan iki marşrut üzrə qaz alır: Qara dənizin dibindən keçən «mavi axın» kəməri və Ukrayna-Bolqarıstan marşrutu ilə.
«Türkiyənin başqa alternativi də var - bu, Azərbaycan qazıdır. Ankara Bakıdan əlavə olaraq «Şahdəniz» qazının nəqlinin artırılmasını istəyəcək», - deyə Ankaradakı «TürkSAM» Siyasi Araşdırmalar Mərkəzinin rəhbəri Sinan Oğan bildirib. Ekspertə görə, Kiyevlə Moskva arasındakı qaz münaqişəsinin yaxın vaxtlarda həllini tapacağına ümid azdır. Belə ki, bu, iqtisadi yox, sırf siyasi məsələdir.
«Yeni Müsavat» qəzeti yazır ki, telekanallarda türk seriallarının yayımı dayandırılıb. MTRŞ-ın telekanallarda Azərbaycan dilinin işlənmə səviyyəsi ilə bağlı dekabrın 30-da verdiyi qərardan sonra yerli telekanallarda türk seriallarının yayımı dayandırılıb. Bəzi televiziyaların serialları yarımçıq dayandırmaq məcburiyyətində qalması isə serial həvəskarı olan tamaşaçıların narazılığına səbəb olub.
«Yeni Azərbaycan» qəzeti yazır ki, Konstitusiyaya əlavə və dəyişikliklərin edilməsi xalqdan gələn istək və arzunu ifadə edir. Deputat Mübariz Qurbanlı əmin olduğunu bildirir ki, referenduma çıxarılan məsələlər xalq tərəfindən böyük dəstək qazanacaq və seçicilər əsas qanunun keyfiyyətcə yeniləşməsinə səs verəcək:
«Bu dəyişikliklərin edilməsi zamanın tələbidir».