Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:21

YAP-ın təklifi parlamentə tövsiyə olundu


Layihə Konstitusiya Məhkəməsinə göndərilməsi üçün Milli Məclisə tövsiyə olunub
Layihə Konstitusiya Məhkəməsinə göndərilməsi üçün Milli Məclisə tövsiyə olunub
Dekabrın 18-də parlamentin Dövlət quruculuğu və hüquq siyasəti komissiyası ilə İnsan hüquqları komissiyası birgə toplantı keçirərək konstitusiyada bir nəfərin 2 dəfədən artıq prezident seçilməsinə qoyulan məhdudiyyətin aradan götürülməsi ilə bağlı tövsiyə verdi. Üstəlik təkliflərdə əlavə edildi ki, müharibə şəraitində hərbi əməliyyatlar prezident seçkilərini mümkün etmədikdə, prezidentin səlahiyyət müddəti əməliyyatların sonuna qədər uzadıla bilər. Konstitusiyaya əlavə kimi təklif edilən bu hal tək prezident yox, o cümlədən parlament seçkilərini də əhatə edir. Bundan ötrü də Konstitusiya Məhkəməsi qərar verməlidir.

Müsavat Partiyasının başqanı İsa Qəmbər deyir ki, bir nəfərin iki dəfədən çox prezident seçilməsinə qoyulan məhdudiyyətin götürülməsi nəinki demokratiyaya, bütünlükdə Azərbaycanın maraqlarına böyük zərbədir. İsa Qəmbər hərbi əməliyyatlar dövrü prezidentin səlahiyyət müddətinin uzadılmasına imkan yaradılmasını da təhlükəli hal hesab edir:

«Hakimiyyət hər hansı bir seçkini uduzacağını biləndə, seçkini təxirə salmaq imkanı əldə edir. Yəni seçkiyə bir qədər qalmış saxta hərbi əməliyyatlar təşkil edib, süni gərginlik yaratmaqla deyəcəklər ki, seçkini təxirə salırıq. Bu 21-ci əsrin prinsiplərinə ziddir. Əksinə Azərbaycanı geriyə sürükləyən, monarxiya üsul-idərsini formal yox mahiyyətcə tətbiq etməyə bir cəhddir».
Həmin tövsiyələrin müəllifləri olan millət vəkilləri isə hesab edirlər ki, söhbət bu əlavədə heç də şəxsi maraqlardan asılı olaraq seçkiləri təxirə salmaq imkanı əldə etməkdən getmir. Hakimiyyət Azərbaycanın işğal edilmiş torpaqlarını geri qaytarmaq əzmindədir və bu əlavə də həmin halları nəzərdə tutur. Üstəlik onlar bir şəxsin iki dəfədən artıq prezident seçilməsinə qoyulan məhdudiyyətin götürülməsini də demokratiyaya zidd addım saymırlar.
Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalı: «Seçim xalqın əlindədir. Xalq əgər bir prezidenti, bir lideri müdafiə edəcəksə o seçiləcək, yox əgər müdafiə etməsə o seçilməyəcək. Üstəlik bu dəyişiklik digər namizədlərin hüquqlarını məhdudlaşdırmır».

Deputatlar ümumilikdə konstitusiyanın 30-a yaxın maddəsinə düzəlişlər təklif ediblər. Bura həm prezidentin səlahiyyətlərinin artırılması, həm parlament nəzarətinin gücləndirilməsi və həm də insan haqlarının genişləndirilməsi ilə bağlı tövsiyələr daxildir. Bu tövsiyələrin qəbul edilməsi bundan sonra imkan verəcək ki, 40 mindən çox vətəndaş birlikdə hər hansı qanun layihəsinin parlamentdə qəbul edilməsi ilə bağlı təşəbbüslə çıxış etsinlər.

«Zerkalo» qəzetinin əməkdaşı Azər Rəşidoğlu deyir ki, əslində hakim komanda 30-a yaxın müxtəlif təklifləri gündəliyə gətirməklə bu dəyişiklikləri islahat kimi təqdim etmək istəyir. Sadəcə yeganə məqsəd hakim komandanın ömrünü uzatmaqdır: «Əgər beynəlxalq təşkilatlar, yerli ictimaiyyət bunun qarşısını almasa, Azərbaycan Orta Asiya ölkələrindən birinə çevriləcək. Bu artıq Azərbaycanda anti-Qərb rejiminin bərqərar olması demək olacaq».

Təkliflərin dekabrın 19-da parlamentdə geniş müzakirə ediləcəyi gözlənilir. Müstəqil təhlilçilər parlamentdə çoxluq hakimiyyətin siyasətini müdafiə etdiyindən oradan təkliflərin geri qaytarılacağını istisna edirlər…
XS
SM
MD
LG