Dekabrın 3-də Finlandiya paytaxtı Helsinkidə Azərbaycan və Ermənistan xarici işlər nazirləri Elmar Məmmədyarovla Edvard Nalbandyan görüşüblər.
Görüşü 3 saata yaxın davam edib, ictimaiyyətə heç bir məlumat verilməyib. Hər iki ölkə naziri Helsinkidə ATƏT Nazirlər Şurasının iclası çərçivəsində görüşüblər.
Dekabrın 4-də xarici işlər nazirləri həmsədr ölkələrin iştirakıyla Helsinkidə danışıqlar aparacaq. Danışıqlarda ABŞ, Rusiya və Fransanın xarici işlər nazirləri iştirak edəcəklər.
Bu arada ATƏT-ə hazırda sədrlik edən Finlandiyanın xarici işlər naziri Aleksandr Stub deyib ki, sammitin gündəliyində əsas 2 məsələ durur - Cənubi Qafqazda dondurulmuş münaqişələr və Avropada təhlükəsizlik məsələsi. Cənab Stub Dağlıq Qarabağ və Dnestryanı münaqişələrlə bağlı iki regional bəyannamənin əldə olunmasına çalışacaqlarını deyib.
Ancaq Finlandiyalı nazir bəyannamənin məzmununa dair açıqlama verməyib. Sənəd üzərində işin davam etdiyini deyib və əlavə edib ki, «mən demirəm ki, biz burada nizamlanmaya tam nail olacağıq. Lakin iştirakçıların əhval-ruhiyyəsi və prosesin özü nikbinliyə əsas verir».