Cihazın şüalanması normadan 600 dəfə çoxdur
Binəqədi rayonu ərazisində güclü şüalanmaya malik cihaz tapılıb. Rayon Polis İdarəsindən «Azadlıq» radiosuna verilən məlumata görə, hazırda cihazın əraziyə haradan və necə düşməsi araşdırılır. Faktla bağlı cinayət işi açılıb.
Binəqədi Rayon Polis İdarəsinin rəisi Nazim Nağıyev ehtimal edir ki, cihaz yaxınlıqdakı gölməçələri doldurmaq üçün gətirilən torpağın içində olub.
Mütəxəssislər cihazın şüalanmasının normal səviyyədən qat-qat artıq olduğunu deyirlər. Epidemioloq Fikrət Aslanovun sözlərinə görə, radioaktiv şüalanmanın normal həddi 20 miqrolent olduğu halda, bu cihazın şüalanması 600 dəfə çoxdur.
Radiasiya Problemləri İnstitutu və Ekologiya və Təbii Sərvətlər Nazirliyindən isə, bildirirlər ki, cihazın təhlükəlilik dərəcəsi haqqında mütəxəssislər martın 23-də rəy verəcəklər.