Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 04:19

«Üzərində işlədiyimiz razılaşma BMT qətnamələrinə əsaslanır»


Metyu Brayza «Azadlıq» radiosunda, 13 noyabr 2008
Metyu Brayza «Azadlıq» radiosunda, 13 noyabr 2008
ABŞ Dövlət katibi yardımçısının müavini, ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Metyu Brayza «Azadlıq» radiosuna müsahibə verib.

- Moskva görüşünün nəticələri barədə nə deyə bilərsiniz? Həqiqətənmi prezidentlərin görüşündə imzalanan sənəd Sizin rusiyalı həmkarınızın dediyi qədər vacib idi?

- Bəli iki prezidentin bu deklarasiyanı imzalanması həqiqətən də vacib idi və vacibdir. Çünki bu 1994-cü ildən bəri Dağlıq Qarabağla bağlı ilk sənəddir ki, Azərbaycan və Ermənistan prezidentləri imzalayırlar. Bunun özü çox vacib faktdır. Mənim özümün prezidentlər Əliyev və Sərkisyanla söhbətlərimdən də anladığım budur ki, bu dövlət başçılarının özü də sənədə ciddi bir sənəd kimi yanaşır. Onlar bu sənədi danışıqları davam etdirməyin yol xəritəsini – istiqamətini cızan bir sənəd kimi görürlər. Onlar bu sənədə çox diqqətlə yanaşırlar. Odur ki, bu vacibdir.

- Bu sənəddə öhdəlikləri ehtiva edən beynəlxalq təminatlardan söhbət gedir. Bu hansı beynəlxalq təminatlardır və nə kimi öhdəliklərdir?

- Bu, siyasi təminatlardır, hansı ki, böyük ehtimalla BMT Təhlükəsizlik Şurasının qətnamələrində əksini tapacaq. Buna görə də münaqişənin nizamlanmasının bütün tələblərinin yerinə yetirilməsi üçün Təhlükəsizlik Şurasının dəstəyini və bununla da beynəlxalq hüququn qüvvəsini təmin etmək mümkün olar. Burada sülhü qoruma qüvvələrinin də yerləşdiriləcəyi məsələsi hələ danışılmalıdır. Amma bu barədə qərarı mən yox prezidentlər verəcək. Təminatlar həm siyasi həm də hüquqidir. Onlar Təhlükəsizlik Şurasının qətnaməsində əksini tapacaqsa, hüquqi qüvvəyə malik olacaq, çünki bu qətnamə beynəlxalq hüququn ən yüksək ifadəsidir.

Moskva görüşü və ondan sonra çox şey baş verdi

- Nizamlanmada növbəti addım nə olacaq? Nə kimi tədbirlər görüləcək?

- Noyabrın 13-də mən və mənim həmsədr həmkarlarım Yerevana gedəcəyik. Orada xarici işlər naziri Nalbəndyanla görüşəndən sonra Xankəndinə gedəcəyik. Şənbə və bazar günü orda olandan sonra yenidən Yerevana gəlib prezident Sərkisyanla görüşəcəyik. Onunla görüşdə bizim Moskva görüşü və prezident İlham Əliyevlə buradakı söhbətimizdən təəssüratlarımızı bölüşəcəyik. Biz İlham Əliyevə burada Bakıda etdiyimiz təkliflər barədə Sərkisyana danışacağıq. Sonra yəqin ki, həmsədrlər regiona yenidən səfər edəcək, sonra isə xarici işlər nazirləri görüşəcək. Helsinkidə ATƏT xarici işlər nazirlərinin görüşündə Məmmədyarov və Nalbəndyan arasında görüş olacaq. Sonra isə bir neçə həftədən sonra, ola bilsin ki, prezidentlərin yenidən görüşünə razılıq ala bildik. Amma biz proqress nümayiş etdirməliyik və biz onu artıq nümayiş etdiririk. Moskva görüşü və ondan sonra çox şey baş verdi. Və bu proqresi davam etdirə bilsək, prezidentlər yenidən görüşəcək.

- Təqribən 15 ilə yaxındır ki, bu formatda danışıqlar gedir…

- 14 il.

İki prezidentin bir-birinə hörməti var

- 14 ildir ki, prezidentlər və Minsk qrupunun həmsədrləri danışıqları aparır. Elə müzakirə olunan da eyni şeylərdir. Bəs yeni olan nədir? Prosesə dəyişiklik gətirən nə olacaq? Proqresi şərtləndirən nədir?

- Ədalətli sualdır. Biz artıq bu yeniliklərdən birinə toxunduq. Biri elə deklarasiyadır. Deklarasiya adi səslənir, elə gələ bilər ki, burda yeni bir şey yoxdur və hər şey aydındır. Amma belə deyil. Oradakı bəzi elementlər mənim - danışıqlarda iştirak edən birisi üçün demək olar ki, dramatik əhəmiyyət daşıyır. Məsələn, orada nizamlanmanın yalnız Minsk Qrupu çərçivəsində davam etdiriləcəyi ilə bağlı müddəa var. Orada deyilir ki, bu siyasi və sülh yolu ilə baş verməlidir. Orada həmçinin deyilir ki, tərəflər beynəlxalq hüquq prinsiplərini - rəhbər tutmalıdırlar ki, bu da ərazi bütövlüyü deməkdir. Həmçinin beynəlxalq sənədlər rəhbər tutulmalıdır ki, bu, Helsinki yekun aktı ola bilər ki, bu da həm ərazi bütövlüyü, həm də ərazi bütövlüyü kontekstində öz müqəddəratını təyin etmə haqqına istinad edir. Deklarasiyada yol xəritəsini ehtiva edən beynəlxalq təminatlardan əlavə başqa məsələlər də var. Bundan əlavə, bu sənəd özü özlüyündə heç bir əhəmiyyət daşımazdı, əgər prezidentlərin keyfiyyətcə dəyişmiş yanaşmasını əks etdirməsəydi. Mən prezidentlərin Moskvada çox pozitiv görüş keçirdiyini hiss elədim, həmçinin bu görüş Sankt-Peterburqda iyunun 6-da keçirilən görüşdə bir biri haqqında əldə etdiyi yaxşı təəssüratları yenilədi. İki prezidentin bir-birinə tamamilə yeni səviyyədə olan bir hörməti var. Və bundan başqa yeni olan odur ki, prezidentlərin hər biri digərinin razılaşmanı öz xalqı üçün məqbul variantda olması üçün ehtiyaclarını nəzərə almağa hazırlığı hiss olunurdu. Əvvəllər bu yox idi. Ki-Uestdə buna yaxın idik. Amma sona qədər alınmadı. Yenə də prezidentlər arasında əməkdaşlıq və etimad ruhu var ki, bu da finiş xəttinə çatmaq üçün lazım olan bir şeydir. Yeni olan da bu idi

- Ermənistanın yeni prezidenti və prezident Əliyev arasında yeni etimadın yaranması.

- Dediniz ki, həmin sənəddə ərazi bütövlüyü və öz müqəddəratını təyin etmə prinsiplərini ehtiva edən sənədlərə istinad olunur. Amma elə indiyədək də həmin iki prinsip masa üzərində idi və onlar arasında balans tapmaq çətin idi. İndi necə siz və prezidentlər bu balansı necə əldə edəcəksiniz?

- Bu, ən vacib və ən fundamental sualdır. Siz onu müəyyənləşdirdiniz. Mən bunun necə olacağını öncədən görə bilərəm amma bunu prezidentlər etməlidir. Həmsədr olaraq biz bunu edə bilmərik. Amma bunun xüsusilə həssas məsələ olduğunu nəzərə alaraq, gəlin bir az da izah edək. Bütün həmsədrlər Azərbaycanın ərazi bütövlüyünün nəzərə alınması prinsipindən başlayırıq. Bu, bu gün qarşımızda olan reallıqdır. Çünki beynəlxalq hüquq da məhz bunu diktə edir. Nizamlanma olacaqsa, hansısa mərhələdə, hansısa formada öz müqəddəratını təyinetmə hüququ da nəzərə alınmalıdır, necə ki, Helsinki yekun aktında bu nəzərdə tutulub. Bu o deməkdir ki, hansısa məqamda deməlidir ki, yaxşı biz öz müqəddəratını təyinetmənin hansısa formasının olduğu ideyasının qəbul edirik. Biz bilmirik bu necə olacaq, bunun müəyyənləşdirilməsi müəyyən qədər vaxt aparacaq, amma prinsipcə biz Ermənistanla razılığa gəlinməsini qəbul edirik, bu da Ermənistanın da istədiyi bir razılaşma olmalıdır və buna görə də müəyyən mənada öz müqəddəratını təyinetməni də nəzərdə tutmalıdır. Öz müqəddəratını təyin etmə hüququnu nəzərə almağın çox yolu var. Biz heç bir halda Kosovonu presedent kimi görmürük. Bunu aydın şəkildə demişik. Biz Rusiyanın Cənubi Osetiya və Abxaziyanı tanımaqla etdiyinin tamamilə əleyhinəyik. Kosovonun müstəqilliyi ona görə hüquqi status qazana bildi ki, bunu nəzərdə tutan BMT Təhlükəsizlik Şurası qətnamələri vardı. Dediyim kimi bu qətnamələr beynəlxalq hüququn ən ali ifadəsidir. Odur ki, Kosovo ilə bağlı Təhlükəsizlik Şurası qətnamələri vardı ki, onlar Kosovonun unikal statusunu nəzərdə tuturdu. Bu Qarabağa aid edilə bilməz. Həm də prezidentlər və xalqlar öz aralarında razılığa gəlməlidirlər.

Biz güclənən danışıqların həssas bir məqamındayıq

- BMT Təhlükəsizlik Şurasının Qarabağ münaqişəsi ilə bağlı artıq qəbul etdiyi qətnamələr var. Onların yerinə yetirilməsi nəzərdə tutulurmu və ya heç olmasa müzakirə olunurmu?

- Əlbəttə ki. Bizim üzərində işlədiyimiz razılaşma həmin qətnamələrin tam yerinə yetirilməsinə şərait yaradacaq müddəaları ehtiva edir.

- Mənim danışıqlar barədə bildiyim budur ki, mən onların gedişi barədə heç nə bilmirəm. Prezidentlər nə danışır, təkliflər nədir, yeni təkliflər, köhnə təkliflər. Elə milyonlarla azərbaycanlı da mənim kimi – bu danışıqlar barədə heç bir məlumata malik deyillər. Sizcə, bu, normaldırmı?

- Bu ona görə belədir ki, biz güclənən danışıqların olduqca həssas bir məqamındayıq. Və Azərbaycanın da Ermənistanın da milli təhlükəsizlik marağındadır ki, danışıqlar indii hələlik məxfi aparılsın. Amma hər şey açıqlanacaq. Əhali razılıq verməsə, heç bir razılaşma mümkün deyil. Tezliklə bunlar bəlli olacaq və müzakirələr başlayacaq və ictimaiyyət də öz sözünü deyəcək.

- Hər hansı vaxt çərçivəsi varmı?

- Dəqiq vaxt çərçivəsi yoxdur. Hər şey prezidentlərin öz işini nə zaman görəcəyindən asılıdır. Biz onları ruhlandırırıq ki, onlar mümkün qədər tez işləsinlər.

- Türkiyənin Qarabağ danışıqlarında iştirakı necə? Ankaranın regionda sülhü bərqərar etmək səylərində Minsk qrupunun həmsədrlərinə qoşulmaq ehtimalı varmı?

- Türkiyə Minsk qrupunun üzvüdür. Həmsədr olmaq niyyəti yoxdur. Amma o, tərəflər arasında etimad və stabilliyin təmin olunması üçün addımlar ata bilər və atır da. Biz də bunu alqışlayırıq. Biz prezident Gülün prezidentlər Əliyev və Sərkisyanın görüşünü təşkil edəcəyi barədə xəbərləri eşitmişik və bu çox müsbət haldır.

- Müsbətdir, amma hər hansı öhdəliyi nəzərdə tutan beynəlxalq təminatlar gözlənilmir bu görüşdən?

- Yox. Amma çox çətin bir razılaşma üzərində iş gedərkən diplomatiya o zaman müvəffəq olur ki, bir qrup əsas danışıqları aparır, amma tərəflərin yardıma ehtiyacı olur. Onların dəstəyə, əhəmiyyətli qonşular tərəfindən etimadın yaradılmasına ehtiyacı olur. Türkiyənin etdiyi də məhz budur, odur ki, bu çox faydalıdır.

- Siz burada enerji sammitində iştirak etmək üçün gəlmisiniz. Bu sammitdən hansısa nəticə olacaqmı? Bu qədər prezident, nazirlər toplaşıb. Hər hansı əhəmiyyətli nəticə olacaqmı?

- Mənim üçün də maraqlıdır. Məqsəd bütün ölkələrin razılaşacağı deklarasiyanın imzalanması idi. Amma bu da dünyanı dəyişməyəcək. Əsas məsələ odur ki, bütün bu dövlət başçıları buraya gəlib ki, öz strateji baxışlarını çatdırsınlar. Biz hər bir liderin strateji baxışının nədən ibarət olduğunu bilməsək, ümumi planları və nəqliyyat dəhlizlərini koordinasiya edə bilmərik. Avropa Birliyinin liderləri hər ay görüşür. Məncə bu cür enerji sammitləri də mütəmadi olmalıdır.

Azərbaycanın Avropa ilə əlaqələrini dərinləşdirmək üçün strateji imkanı var

- Azərbaycan qazını kimə satır sualına cavabınız varmı?

- Azərbaycan bizə dost olan suveren ölkə və bizim müttəfiqimizdir. Bu, Azərbaycanın qərarı olmalıdır. Mən hiss edirəm ki, Azərbaycan Birləşmiş Ştatların strateji görüşünü bölüşür. Biz isə Azərbaycanın, eləcə də, Türkmənistan, Qazaxıstan, İraqın öz nəqliyyat imkanlarını müxtəlifləşdirib Avropa qaz bazarlarına və dünya neft bazarına çıxış əldə etməklə enerji müstəqilliyini artırmasını istəyirik. Biz o cümlədən NATO və Avropa müttəfiqlərimizin öz enerji təchizatını müxtəlifləşdirməsi ilə bağlı maraqlarrını bölüşürük. Bu onlara «Qazprom»la danışıqlarda daha tutarlı mövqedə olmaq imkanı yaradacaq. Biz «Qazprom»u alçaltmaq, ona ziyan vurmaq istəmirik. «Qazprom» Avropanın qaz ehtiyacının 25 faizini ödəyir. Biz istəyirik ki, o buna davam etsin, daha çox qarşılıqlı hörmət şəraitində etsin bunu. Bunu elə etsin ki, bu, hər iki tərəf üçün əlverişli olsun. Əgər bizim istehlakçı müttəfiqlərimizin Azərbaycan qazı kimi alternativ mənbələri olsa, onların mövqeləri möhkəmlənər.

- Siz nəticə barədə bir söz demədiniz. Amma siz deklarasiya mətni üzərində danışıqlarda iştirak edirdiniz. Birləşmiş Ştatların həmin sənəddə görmək istədiyi nə idi?

- Bu istək strateji əhəmiyyətin qeyd olunmasıdır ki, bu fikri bütün ölkələr bölüşür. Birincisi, Azərbaycanın tez bir müddətdə mümkün qədər çox qaz istehsal etməsi, ikincisi Azərbaycanın enerji nəqli yollarını müxtəlifləşdirməklə qazı Avropa bazarlarına çıxarıb onun Avropa qiymətlərinə satılmasına imkan əldə etməsi. Amma deklarasiya vacib deyil. Vacib olan, Azərbaycanın qonşu Türkiyə və Gürcüstan kimi ölkələrlə danışıqlarıdır ki, ümid edirəm, bu danışıqlar razılaşma ilə bitəcək.

- Belə məlumat var ki, enerji nazirləri deklarasiyanın mətnində razılığa gələ bilməyiblər.

- Nazirlər bir və ya bir neçə layihə barədə danışmaq istəyəndə hər kəs özünün istədiyini əlavə etmək istəyir ki, bu da vəziyyəti mürəkkəbləşir. Otaqda hər kəs «Nabukko»nu dəstəkləyirdi. Rusiya isə təmsil olunmur, onlar bu iclasa gəlməmək qərarını verib. Odur ki, sənədə «Nabukko» ilə bağlı hər hansı istinad əlavə etmək çətin olmamalıydı. Mənim fikrimcə, bizim deklarasiyada əsas diqqət göstərməli olduğumuz məsələ strateji faktor idi. Və buda ondan ibarət idi ki, Azərbaycan Avropaya enerji təminatını müxtəlifləşdirmək üçün açar mövqeyə sahibdir. Bu yeni ixrac yolları deməkdir. Müxtəlifləşdirmək deyərkən, gəlin açıq danışaq, bu o deməkdir ki, bir şirkətin – bir ölkənin yox ha, bir şirkətin, hansı ki, onsuz da Avropa qaz bazarında dominant mövqeyə malikdir, - bir şirkətin asılılığında olmayan yeni ixrac marşrutları yaradılmalıdır. Əgər biz vaxt sərf edib ölkə başçılarını və nazirləri bir araya gətirsək ki, onlar strateji baxımdan doğru qərar qəbul etsinlər, mən düşünmürəm ki, doğru qərar monopolistə öz monopoliyasını genişləndirmək üçün imkan yaratmaq qərarı olar. Bu heç də strateji düşüncə deyil. Azərbaycanın Avropa ilə əlaqələrini dərinləşdirmək üçün strateji imkanı var və «Qazprom» Cənubi Axın layihəsi ilə bunun qarşısını almağa çalışır. Gəlin oyaq qalaq.

Biz dostlarımızın müstəqilliyində maraqlıyıq

- Birləşmiş Ştatlarda seçkilərin nəticələri bəlli olandan bəri biz dinləyicilərimizdən suallar alırıq ki, yeni administrasiya Birləşmiş Ştatların regiona münasibətdə enerji, demokratiya və kadr məsələlərində nəyi dəyişəcək?

- Nəyin baş verəcəyini əvvəlcədən deyə bilmərəm. Bu prezident Obama, onun dövlət katibi vəzifəsinə kimi təyin edəcəyindən çox asılıdır. Amma onu deyə bilərərəm ki, mən Klinton hakimiyyəti dövründə Bakı-Ceyhan və Bakı-Ərzurum layihələri üzərində bu regionla işləyəndə mənə eyni sualı vermişdilər. Mən onda da demişdim ki, indi də buna inanıram. Bizim Cənubi Qafqazdan keçən cənub koridoru ilə bağlı siyasətimiz Birləşmiş Ştatların dəyişməyən maraqlarını əks etdirir. Bir sözlə, həmin maraqlar dəyişmir. Biz dostlarımızın müstəqilliyində maraqlıyıq. Rəqabət mühiti şəraitində bazar iqtisadiyyatının möhkəmlənməsində maraqlıyıq. Elə cənub koridoru da bu deməkdir. Ümumi siyasət davam edəcək məncə. Demokratiyaya gəldikdə, demokratiyaya dəstək də ABŞ-ın dəyişməyən siyasətidir. Birləşmiş Ştatlarda Buş administrasiyasının demokratiyanı necə bərqərar etdiyi ilə bağlı debatlar vardı, amma demokratiya hər zaman Amerika xarici siyasətinin özülünü təşkil edib. O ki qaldı kadr siyasətinə, mən bilmirəm. Özüm haqda deyə bilərəm ki, mən ümid edirəm, ömrümün sonunadək bu regionla işləyəcəyəm. Istər Dövlət departamenti olsun, istər başqa bir yer. Mənim kimliyimin elə böyük bir hissəsi Cənubi Qafqaz və Türkiyə ilə bağlıdır ki, mən burda qalmaq istəyirəm.

Biz «Azadlıq» radiosunun yayımını davam etdirəcəyini görəcəyik

- Sizi bu regionda görmək hər zaman xoşdur və xüsusilə də «Azadlıq» radiosunun redaksiyasında. Son zamanlar «Azadlıq» radiosunun ətrafında gedən söhbətlərdən də yəqin xəbərdarsınız.

- Əlbəttə

- Nə düşünürsünüz bu barədə?

- İlk növbədə deyim ki, mən burda olmaqdan şərəf duyuram. Mənim üçün doğrudan da böyük şərəfdir. Mən sizinlə, sizin müxbirlərinizlə mətbuat konfranslarında, telefonla dəfələrlə məmnuniyyətlə danışmışam və buraya gəlmək və üzbəüz söhbət etmək çox xoş idi. Mən Azərbaycanın müxtəlif rəhbərləri ilə söhbətlərimdən irəli gələrək, ümid edirəm ki, bu problemin «Azadlıq» radiosunu efirdə saxlamağı nəzərdə tutan bir həlli olacaq. Beləliklə, «Azadlıq» radiosu Azərbaycan vətəndaşları üçün olduqca vacib olan bu informasiya axınını davam etdirə biləcək. Mən sizi tanıyıram və bilirəm ki, siz qərəzli və ya tərəfkeş deyilsiniz. Siz Azərbaycan hökuməti ilə hər zaman razılaşmaya bilərsiniz. Siz mənimlə hər zaman razılaşmaya bilərsiniz. Əslində heç də həmişə razılaşmırsınız. Və bu normaldır. Mən də sizinlə həmişə razılaşmıram və fikir müxtəlifliyi, tənqid demokratiyanın bir hissəsidir. Mən inanıram ki, sağlam məntiq və demokratik dəyərlərə sadiqlik Azərbaycanda qalib gələcək və biz «Azadlıq» radiosunun yayımını davam etdirəcəyini görəcəyik. Onu da deyim ki, son günlər mən Bakıda gəzirdim və bu radionun populyarlığının daha da artdığını görmüşəm. Adamlar nəyisə itirmək təhlükəsi ilə üzləşəndə onlar üçün dəyərli olan şeyləri daha artıq qiymətləndirməyə başlayırlar. Amma mən düşünmürəm ki, biz «Azadlıq» radiosunu itirəcəyik.
XS
SM
MD
LG