Keçid linkləri

2024, 14 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 21:37

«Rüşvət rəqabətə davamlı turizmin yaranmasını əngəlləyir»


Şəki rayonunda turizm bazası
Şəki rayonunda turizm bazası
Azərbaycan turizminin inkişafı ilə bağlı çəkilən reklam çarxları dünyanın məşhur telekanallarında yayımlanmaqdadır. Prezident İlham Əliyevin qızlarının da görüntüsü olan bu çarxlar ölkəyə turist axınının artırılmasına hesablanıb. İqtisadçı Rövşən Ağayev də deyir ki, Azərbaycan iqtidarı neft sektorundan sonra ən böyük ümidlərini turizmə bağlayır. Onun fikrincə, son illər turizm sektoruna qoyulan investisiyaların həcminin artırılması da deyilənləri sübut edir. Ancaq investisiyaların həcmi artırılsa da, R.Ağayev yaxın illərdə Azərbaycanda dayanıqlı turizm sektorunun yaradılacağına ümid etmir. Çünki turizmin inkişafı üçün vacib olan infrastrukturun yaradılması yubanır:

«Turizm regionlarında infrastrukturla bağlı yetərincə problemlər var. Bu sırada elektrik, təbii qaz, rabitə təminatı ön yerlərdədir. Qəbələdə, Zaqatalada qalan turistin internetə çıxışında ciddi problemlər var. Bilmirəm bunları rəsmilərin dediyi kimi, turizmin normal inkişafı saymaq olar, yoxsa yox, ancaq ortada hələ ki normal nəticə yoxdur».

Rəsmi statistikaya görə, 2008-ci ildə Azərbaycana gələn turistlərin sayı 1 milyona yaxın olub. Ancaq iqtisadçılar bu məsələnin də bir qədər mübahisəli olduğunu düşünürlər. Onların fikrincə, qonşu Türkiyədə hətta Azərbaycandakından daha ucuz qiymətə keyfiyyətli xidmət almaq mümkün olarkən komfortlu dincəlməyə üstünlük verənlərin ölkəyə axın etməsi inandırıcı görünmür.

Türkiyə isə 2008-ci ilin başlanğıcından təxminən 25 milyon turist qəbul edib.

«Azadlıq» radiosunun Türkiyə müxbiri Mais Əlizadə deyir ki, bu ölkənin dövlət büdcəsində turizmdən gələn gəlirin payı artıq 4 faizə çatıb. Bu isə hökumətin təxminən 30 ilə yaxındır iqtisadiyyatın liberallaşdırılmasının dərinləşdirilməsi çərçivəsində turizmə böyük dəyər verməsinin göstəricisidir. M.Əlizadə Türkiyənin dünya turizm liderləri sırasının ölkənin keçmiş prezidentlərindən Turqut Ozalın adı ilə bağlı olduğunu deyir:

«Turizmi inkişaf etdirmək üçün çox güclü infrastruktur çalışmaları gərək idi – limanlar, yollar, kommunikasiya, rabitə. Özal bu addımları atdı. Buna paralel olaraq xüsusilə ölkənin cənub bölgələrində xəzinəyə məxsus olan torpaqları çox ucuz qiymətə, bəzən də müftə turizm firmalarına verdi. Eyni zamanda sahibkarlar bank kreditləri vasitəsilə dəstəkləndilər».

Azərbaycanda isə durum fərqlidir. Ekspertlər deyirlər ki, monopoliya, dövlətin ayırdığı investisiyaların xərclənməsində şəffaflığın olmaması, bu sahəyə investisiya qoymaq istəyənlərin rüşvətlə üzləşməsi ölkədə rəqabətə davamlı turizmin yaranmasını əngəlləyir. İqtisadçı Zöhrab İsmayılın fikrincə, Azərbaycanda sahibkarlıqla bağlı bütün problemlər turizm sektorunda da yaşanır:

«Turizmlə bağlı fərdi vətəndaşlar layihələr həyata keçirən zaman ciddi problemlərlə üzləşirlər. Birincisi, torpaq sahələrinin əldə olunmasıdır. Burada sahibkarlar mütləq rüşvət verməli olurlar. Ya da hansısa məmurlar bu torpaqları inzibati resurslardan yararlanmaqla ələ keçirirlər. Burada artıq rəqabət prinsipi pozulur. İkincisi, turizmlə bağlı lisenziyalar var. Həm otel, həm fərdi turizm biznesi ilə məşğul olmaq üçün lisenziyalar var. Bu lisenziyalar bir qayda olaraq rüşvətlə əldə olunur».

Z.İsmayıl deyir ki, bu il dövlətin turizmə ayırdığı investisiyaların həcmi təxminən 200 milyon olub. Vəsaitin təxminən 123,5 milyonu yalnız bir layihəyə - Qusarda turizm infrastrukturunun yaradılmasına yönəldilib.

İqtisadçılar bildirirlər ki, Azərbaycan turizminə xaricdən qoyulan investisiyaların həcmi isə o qədər də böyük deyil. Bu layihələrdən ən böyüyünün müəllifi İlham Əliyevin kürəkəni – Rusiya vətəndaşı Emin Ağalarovdur. Onun Xəzərin Bakı sahillərində tikdiyi turizm kəndinin investisiya dəyəri təxminən 1 milyard dollardır. Mediaya müsahibəsində Emin Ağalarov turizm kəndinin 2009-ci ilin yayından turistləri qəbul edəcəyini bildirib.
XS
SM
MD
LG