Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 13:31

İ.Ağazadə: «Seçicilərlə fərdi əlaqələrə üstünlük veririk»


Prezidentliyə namizəd İqbal Ağazadə «Azadlıq» radiosuna müsahibə verir, 30 sentyabr 2008
Prezidentliyə namizəd İqbal Ağazadə «Azadlıq» radiosuna müsahibə verir, 30 sentyabr 2008
Dinlə

Prezidentliyə namizəd, Ümid Partiyasının sədri İqbal Ağazadənin seçki qərargahı elə partiyanın mərkəzi ofisində yerləşir. Qəbul otağında bir neçə qız işlə məşğul olsalar da, foto şəkillər çəkdiyimi görüb qərargahdan çıxırlar. Onların nədənsə mətbuatla təmasda maraqlı olmadıqları görünür.

Ancaq Ümid Partiyası İdeoloji Təbliğat şöbəsinin müdiri Məhəmməd Ərsoy deyir ki, onlar burada, prezidentliyə namizəd İqbal Ağazadənin adından vətəndaşlara ünvanlanan müraciətin mətinlərini yerbəyer edirlər. Məhəmməd Ərsoyun sözlərinə görə, bu müraciətin ümumilikdə 800 minə qədər nüsxəsi hazırlanıb və onların hər biri evlərə paylanacaq. O, müraciətdən bir neçə cümlə də bizə oxuyur:

«Sizin bəziləriniz düşünür ki, seçkiyə getməməklə hakimiyyətə etiraz edir. Ancaq seçkiyə getməsəniz sizin əvəzinizdə səs verməyəcəklərmi? Sizi vicdanınız qarşısında gözü kölgəli etməyəcəklərmi?»

Ümid Partiyasının qərargahı
Qəbul otağında yeni çapdan çıxan və üzərində İqbal Ağazadənin şəkilləri olan təqvimlər, plakatlar və bukletlər də var. Məhəmməd Ərsoy bu seçkilərdə tətbiq edəcəkləri yenliklərindən də danışır:

«Biz bir-iki günə Bakıdakı bütün evlərin telefonlarına avtomat robotlardan çağırışlar edəcəyik. Hələlik bunu ancaq Bakını nəzərdə tuturuq, sonra vaxt qalsa rayonlara da zənglər edəcəyik…»

İqbal Ağazadənin seçki qərargahında deyirlər ki, hər gün onlara vətəndaşlardan təqribən 300-ə yaxın zəng gəlir. Onların sözlərinə görə, bəzən insanlar seçkiyə hazırlıq işləri ilə tanış olmaq üçün qərargaha da gəlirlər. Ancaq mən qərargahda olduğum müddətdə ora hər hansı sadə bir vətəndaşın gəlməsi ilə rastlaşmadım. Qərargahın özündə bununla belə işgüzar əhval-ruhiyyə var idi.

Məhəmməd Ərsoy deyir ki, ümumilikdə 800 minə qədər müraciət hazırlanıb
Prezidentliyə namizəd İqbal Ağazadə deyir ki, onlar təbliğatlarını kütləvi görüşlər, mitinqlər yox, seçicilərlə fərdi əlaqələr yaratmaq üzərində qurublar. O kütləvi aksiyalar keçirməmələrini öz tərəfdarlarını zərbə altına qoymaq istəməməsi ilə izah edir:

«Hakimiyyətin siyasətin bilə-bilə öz tərəfdarlarımı başıma yığıb özümə əl çaldırmağa dəyərmi? Sonra onlara bir-bir təzyiqlər başlayacaq, onların gözləri qorxacaq. Bu əvvəlki seçkilərdə olub. Biz indi siyasətimizi dəyişmişik. Əsas məqsədimiz insanları seçkiyə gətirməkdir».

İqbal Ağazadənin sözlərinə görə, indi ölkədə dəyişiklik istəyən insanların yeganə çıxış yolu seçkidən ibarətdir:

İqbal Ağazadənin təşviqat vərəqələri
«Bəylər, 2009-da, 2010-da, 2011-də söz verin ki, inqilab edəcəksiniz. Mən də namizədliyimi geri götürüm. Etməyəcəksiniz axı! Onda gözləməyin nə adı var?»

Prezidentliyə namizəd İqbal Ağazadənin seçki qərargahı Bakının Nərimanov rayonunda «Montin» kimi tanınan bazarın 100-150 addımlığında yerləşir. Hələ qərargaha gəlməzdən əvvəl həmin bazarın qarşısından keçən insanlardan oranın yerini soruşmuşdum:

«Mən tanımıram…

Heç kimin qərargahını tanımıram…

Seçkiynən maraqlanan deyiləm…

Niyə tanımıram. Ora Ümid partiyasının qərargahıdır»

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG