Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 07:47

Analoqu olmayan büdcə


«Təsəvvür edin ki, aeroporta gedən yolun bir km-nin tikintisi 23 milyon dollara qalxıb, amma izahını verən yoxdur ki, bu yol niyə belə baha başa gəlir»
«Təsəvvür edin ki, aeroporta gedən yolun bir km-nin tikintisi 23 milyon dollara qalxıb, amma izahını verən yoxdur ki, bu yol niyə belə baha başa gəlir»
Hökumət gələn ilin büdcə layihəsini təsdiqləyib və Prezident Aparatına göndərib. 2009-cu ilin dövlət büdcəsi 12 milyard manatdan bir qədər artıq proqnozlaşdırılır. Növbəti ilin büdcə xərclərində cari xərclər 6 milyard 655 milyon manat, əsaslı xərclər 5 milyard 600 milyon manat, kreditlərin qaytarılması üçünsə 90 milyon manatdan bir qədər artıq vəsait nəzərdə tutulur. Sosial yönümlü xərclərin büdcədəki çəkisi 33 faiz nəzərdə tutulur, bu isə 2008-c ildə sosial sahəyə ayrılan vəsaitdən 790 milyon manat çoxdur.
Sentyabrın 23-də büdcə layihəsinin Nazirlər Kabinetində müzakirəsi zamanı Baş nazir Artur Rasizadə deyib ki, təkcə sosial yönümlü xərclərdə 24-25 faiz artım proqnozlaşdırılır. Müdafiə xərcləri barədə hər hansı məlumat səsləndirilməyib. Amma ekspertlər bu sahədə də artım olacağını deyirlər. Elə bir neçə gün əvvəl Müdafiə Nazirliyinin Mətbuat Xidməti də hərbi xərclərin artırılacağını demişdi, amma konkret rəqəm söyləməmişdi.
Bəzi məlumatlara görə, gələnilki büdcədə hərbi xərclər 2 milyard manata yaxın ola bilər. İqtisadi Təşəbbüslərə Yardım Mərkəzinin əməkdaşı Rövşən Ağayev deyir ki, rəsmilər gələnilki büdcənin də sosial yönümlü olduğunu desə də, əslində büdcənin yarıya qədəri tikintiyə yönəlib. İqtisadçıya görə, bu baxımdan Azərbaycan çox nadir ölkədir:
«Biz büdcə sahəsində çalışan mütəxəssislər xeyli ölkələrin büdcələrini araşdırmışıq, mən sizə deyim ki, bu büdcənin analoqu yoxdur. Dünyada çox nadir büdcələr tapmaq olar ki, onun 50 faizi yalnız tikintiyə yönəlmiş olsun».
Rövşən Ağayev deyir ki, əgər yolların əsaslı təmiri, kateqoriyalara bölünməsilə bağlı qanunvericilikdə normativlər hələ də yoxdursa, belə şəraitdə yol tikintisinə bu qədər vəsait xərcləmək xalqa çatacaq pulların küçəyə atılması deməkdir:
«Biz bunu ipək yolunun timsalında deyə bilərik. Çəkilməsindən bir neçə il sonra bu yolda yenidən təmir-bərpa işləri aparılır».
Sosial yönümlü xərclərin 2009-cu il büdcəsində 33 faiz nəzərdə tutulmasına gəlincə, iqtisadçı hesab edir ki, əslində sosial xərclərin payı büdcədə 50 faizdən az olmamalıdır. Bu baxımdan da Rövşən Ağayev gələn il maaş və sosial ödənişlərdə elə də ciddi artım olacağını düşünmür. Neftin qiyməti isə büdcə layihəsində belə müəyyənləşdirilib:
«Dünya bazarında neftin qiymətində müşahidə olunan enib-qalxmalara görə, gələn ilin büdcə layihəsində neftin qiyməti üç variantda göstərilib. Belə ki, neftin baza qiyməti pessimist ssenarilə 80 dollar, orta ssenarilə 100, optimist ssenaridə isə 125 dollar səviyyəsində nəzərdə tutulub».
Milli Məclisin İqtisadi Siyasət Daimi Komissiyasının üzvü Əli Məsimli isə hesab edir ki, əsasən neftdən asılı olan büdcədə neftin qiymətinin çoxvariantlı ssenarilə qeyd olunması müsbət haldır. Amma millət vəkilinə görə, bu variantların seçimində ölkə diqqətli olmalıdır:
«Çünki indi neftin qiyməti 100 dollar ətrafındadır, amma ola bilər ki, nə vaxtsa büdcədə ən aşağı hesab edilən qiymətə yaxınlaşsın».
Əsaslı xərclərə, yəni təmir-tikinti və yenidənqurma işlərinə gələn il də xeyli vəsait nəzərdə tutulmasına gəlincə, Əli Məsimli hesab edir ki, ölkədə infrastrukturun normal hala gətirilməsi vacibdir, amma ən vacibi də ayrılan vəsaitin səmərəli xərclənməsidir.
İqtisadi Təşəbbüslərə Yardım Mərkəzinin əməkdaşı Rövşən Ağayev deyir ki, əslində infrastruktura indikindən də çox pul ayırmaq olar, amma bununla bağlı normativlər yerində deyilsə, bu o deməkdir ki, büdcədə korrupsiya üçün həmişə yer olacaq:
«Bizim də narahatlığımız xalqa çatacaq vəsaitlərin bu şəkildə korrupsiyaya uğradılmasıdır. Təsəvvür edin ki, aeroporta gedən yolun bir km-nin tikintisi 23 milyon dollara qalxıb, amma izahını verən yoxdur ki, bu yol niyə belə baha başa gəlir».
Mövcud qanunvericiliyə görə, növbəti ilin büdcə layihəsi bu il oktyabrın 15-də müzakirə üçün parlamentə təqdim olunmalıdır.
XS
SM
MD
LG