Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:52

Prezidentliyə yol TV debatlardan keçir


Fransada presidentliyə namizədlər Nikola Sarkozi və Seqolen Ruayal arasında teledebat, 2 may 2007
Fransada presidentliyə namizədlər Nikola Sarkozi və Seqolen Ruayal arasında teledebat, 2 may 2007
Cümə günü prezidentliyə əsas namizəd İlham Əliyevlə başqa namizəd Hafiz Hacıyevin TV-da debatı olacaq.
Bu sözləri eşidən dərhal cavab verəcək: Ola bilməz!

Əlbəttə ola bilməz. Bura Azərbaycandır, Amerika deyil ki, ölkənin prezidenti TV-ə çıxıb kiminləsə söz güləşdirsin.
Burada seçki komissiyası, komissiyanın qeydə aldığı namizədlər varsa bu özlüyündə artıq, necə deyərlər, irəli addımdır.
Lakin müasir demokratiyanı TV debatlarsız təsəvvür etmək çətindir. Barak Obamanı indiki yüksəkliyə gətirən irəli sürdüyü ideya və proqramlardan çox onun natiqlik qabiliyyəti, TV debatlardakı səriştəsi olub.

Onun Mckaynlə müqayisədə üstünlüyü bəzən elə məhz bu TV debat təcrübəsi ilə əsaslandırılır. Zarafat deyil, namizədlik mandatını almaq üçün senator Obama partiya rəqibi Hillari Klintonla azı 20 dəfə TV debatda iştirak etməli olub. O çətin suallara necə cavab verməyi, necə müdafiə olunub, necə əks-hücuma keçməyin incəliklərini gözəl bilir.

Hillari Klinton, Barak Obama və Con MakKeyn ABC telekanalında debatda, 5 yanvar 2008
Amma TV debatlar heç də həmişə iştirakçıların hazırcavablıq imtahanı olmur. Bəzən seçicilər ən gözlənilməz xırdalıqlara diqqət yetirilər.

Xatırlayırsınızsa, Hillari Klinton ümidsiz bir vəziyyətdə qəflətən qəhərlənib ürəkdən bir-necə cümlə dedi – prezident olmaqda ayrı məqsədim yoxdur, istəyirəm xalqa kömək edim. Onun bu hərəkəti çoxlarının ürəyini aldı, ertəsi gün vəziyyət artıq elə də ümidsiz görünmürdü – Barak Obama ilə namizədlik uğrunda mübarizəni davam etdirmək olardı.

Amerika tarixi belə misallarla zəngindir. Məsələn, təcrübə göstərir ki, seçicilər heç də həmişə cavabın səmimiliyinə qiymət vermir. 1988-ci ildə Massaçusetin qubernatoru Maykl Dukakisə sual verdilər ki, əgər kimsə onun həyat yoldaşını qətlə yetirsə, cinayətkara qarşı ölüm hökmünün tətbiq olunmasına razı olarsınızmı? Ölüm cəzasının qəti əleyhidarı kimi tanınan Dukakis cavab verdi ki, razı olmaz. Onun partiyası bu seçkilərdən məğlub qismində çıxdı.

1992-ci ildə TV debat zamanı tez-tez saatına baxan Corc H.Buşun bu hərəkətini seçki üzrə ekspertlər kobud səhv kimi qiymətləndirdilər.

Barak Obama və Hillari Klinton CNN kanalında debatda, 21 fevral 2008
2000-ci ilin payızında keçirilən seçkilər bir çoxlarının yaddaşında həm də onunla qaldı ki, TV debatlar zamanı Al Qor az qala qışqıra-qışqıra danışırdı.

1960-cı ildə özünün şəxsi qrim ustası ilə televiziya studiyasına gələn Con Kennedi bu həlledici debatdan qalib kimi çıxıb prezident seçildi.

Onun rəqibi Riçard Nikson tərslik edib qrimlənməsindən qəti imtina etmişdi. Nəticədə studiyanın gur projektorları altında brilyant kimi parıldayır, tamaşaçılarda elə bir təsəvvür yaradırdı ki, həyəcandan tərləyib, özünə güvənmir.

Fransada son prezident seçkiləri zamanı Nikola Sarkozyinin hazırcavablığı klassik debat nümunəsi ola bilər. Mübahisə onun rəqibi Segolen Royalı özünə elə cəlb etmişdi ki, o həyəcanla, ucadan danışmağa başladı. Sarkozy dedi: «Sakitləşin». Royal cavab verdi: «Xeyr, bu elə bir əhəmiyyətli məsələdir ki, mən sakitləşmək istəmirəm!». Sarkozinin cavabı sonradan dərsliklərə yazıldı: «Əgər Siz Fransanın prezidenti olmaq istəyirsinizsə, gərək sakitləşməyi bacarasınız...»
XS
SM
MD
LG