Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:17

«İctimai nəqliyyatda tibbi müayinə də inhisara alınıb»


189 saylı marşrutun dispetçeri sürücülərdən pul yığıldığını etiraf edir
189 saylı marşrutun dispetçeri sürücülərdən pul yığıldığını etiraf edir
Hər gün yüzlərlə insanın etibar edib mindiyi sərnişin avtobuslarının sürücülərinin sağlamlığına tam nəzarət edilmir. Bu işə cavabdeh olan «Bakı sərnişinnəqliyyat» MMC-nin Mətbuat Xidmətinin rəhbəri Samir Həsənov deyir ki, bütün sürücülərin hər gün tibbi müayinədən keçirilməsi hələlik mümkün deyil.

Sürücülər özləri isə «Azadlıq» radiosuna deyirlər ki, tibbi müayinə ümumiyyətlə aparılmır. Sadəcə sürücülərə bir neçə aylığa verilən bir səhifəlik tibbi sağlamlıq kağızına marka yapışdırılır və həmin markanın üzərinə qol çəkilir. Buna görə hər sürücüdən 50 qəpik pul alınır. Sürücü isə nə həkim görür, nə də müayinə. Yığılan pulların hara getməsi isə məlum deyil.

Sürücülərdən bu formada pul yığılmasından «Bakı sərnişinnəqliyyat» MMC-də də xəbərsizdirlər.

189 saylı marşrutun dispetçeri sürücülərdən pul yığıldığını etiraf edir. Amma deyir ki, gündəlik müayinəyə görə onlardan 50 yox, 30 qəpik alınır.

Bəs sürücülər hər gün tibbi müayinədən harda və kim tərəfindən keçirilir? 189 saylı marşrutun dispetçeri deyir ki, müxtəlif yerlərdə belə məntəqələr var. Misal üçün həmin məntəqələrdən biri marşrut avtobuslarının daha çox dayandığı metronun «Gənclik» stansiyası ərazisindədir:

«Həkim səhər tezdən saat 5-6-da gəlir, bütün sürücüləri yoxlayır, onları müayinədən keçirir, təzyiqlərini ölçür. Bir sözlə, müayinə üçün nə lazımdısa, hər şey var».

Sürücülər isə deyirlər ki, onlardan özlərini necə hiss etmələri soruşulur, ancaq hər hansı müayinə aparılmır.

«Nəqliyyatçıların Hüquqi Problemlərinin Həllinə Yardım» İctimai Birliyinin rəhbəri Məzahir Rüstəmov deyir ki, sürücülərin hər gün tibbi müayinədən keçməsi sərnişinlərin birbaşa təhlükəsizliyinə hesablanmış məsələ olduğundan bu işə ciddi yanaşılmalıdır:

«Sürücülər hökmən yoxlanılmalıdır, onların fiziki və psixi durumuna baxılmalı, sonra işləmələrinə icazə verilməlidir».

M.Rüstəmov hesab edir ki, əslində bu iş gərək çoxdan qurulaydı. Onun sözlərinə görə, onlar bununla bağlı bir neçə dəfə monitorinq aparıblar və məlum olub ki, bəzi dayanacaqlarda sürücülərə sağlamlıqla bağlı sənəd verənlərin özləri heç həkim deyil.

Məzahir Rüstəmov deyir ki, onlar 2001-ci ildə bir qrup tibb işçisini bu işə cəlb etməklə müəyyən iş aparıblar. Amma sonradan bəzi məmurlara aidiyyatı olan firmalar onları bu sahədən sıxışdırıb çıxarıblar.

M.Rüstəmov bildirir ki, təkcə Bakıda 5 mindən çox sərnişin daşıyan avtobus var. Və hər sürücüdən gündə 50-60 qəpik pul yığılır, bu isə elə də kiçik məbləğ deyil:

«Bu, bir ayda 80 min manata yaxın pul deməkdir».

Birlik rəhbərinə görə, bəzi məmurlar digər sahələrlə yanaşı ictimai nəqliyyatda tibbi müayinə məsələsini də öz inhisarlarına alıblar.
XS
SM
MD
LG