Keçid linkləri

2024, 02 Noyabr, şənbə, Bakı vaxtı 09:33

«İqtidar yoxsula güvənir. Çünki onları aldatmaq asandı»


Müşahidəçilər deyirlər ki, seçkiyə münasibət 15 il bundan əvvəl necə idisə indi də elə qalıb
Müşahidəçilər deyirlər ki, seçkiyə münasibət 15 il bundan əvvəl necə idisə indi də elə qalıb
AXCP Masallı rayon təşkilatının sədri Əlişir Bəşirli bildirir ki, rəhbərlik etdiyi təşkilat həmişə seçkiyə hazırdır. Buna baxmayaraq, partiyanın yuxarı orqanlarının qərarı ilə seçkiyə getməyəcəklər. O, deyir ki, YAP özünə arxayındırsa, azad və ədalətli seçki keçirsin.
«Rayonda təbliğat aparmağa qoymurlar. Mitinqlər üçün mal tövləsini ayırıblar. Öz ayırdıqları yerlərə biz mitinq, yürüş keçirməyə müraciət etmişik, icazə vermirlər».

O, deyir ki belə bir vəziyyətdə seçkiyə getmək mənasızdır. «Əgər YAP doğrudan da inanır ki, xalqın 95 faizi bu partiyaya səs verəcək, onda bütün siyasi təşkilatlar üçün bərabər şərait yaratsın. Şərait yaradılmalıdır ki, müxalifət partiyaları təbliğatla məşğul olsunlar. Aksiya keçirmək üçün icra hakimiyyətinə 50-dən çox müraciət etmişik, heç birinə də icazə verilməyib».
Müsavat partiyasının Lənkəran rayon təşkilatının sədri Yadigar Sadıqov da seçkilərə hazır olduqlarını deyir. O, bildirir ki, indi seçkilərlə bağlı iqtidar öz sözünü deməlidir. Bölgələrdə demokratik şərait yaratmalıdır. O, eyni zamanda qeyd edir ki, Müsavat partiyası seçkiyə getmədiyindən onlar da bu qərara təbedirlər.

YAP Astara təşkilatının sədri Natiq İbadov yerlərdə seçkilərə hazırlıq kampaniyası başlandığını və seçkilərin şəffaf keçirilməsi üçün tədbirlər həyata keçirildiyini deyir:

«Seçkinin demokratik, şəffaf keçirilməsi üçün respublikanın hər yerində olduğu kimi rayonumuzda da şərait yaradılıb. Rayon icra hakimiyyəti başçısının xüsusi sərəncamı ilə rayonda 17 qapalı, 17 açıq mitinq, tədbir, görüş keçirmək yerlər müəyyən olub. Bu məsələ ilə əlaqədar heç bir problem yoxdur».

N.İbadov müxalifət partiyalarının rayon təşkilat rəhbərlərinin seçki ilə bağlı dedikləri ilə razılaşmır. Onun dediyinə görə, rayonlarda siyasi fəallıq, demokratik şərait var. Sadəcə müxalifət partiyalarının yerli təşkilatlarının sosial bazası yoxdur. Ona görə də onlar bəhanə gətirib seçkiyə getmirlər: «Bütün bu imkanlar var. Fikir plüralizmi var, prezidentimiz bütün şəraiti yaradıb. Bu mənada biz bir yerdə işləyə də bilərik». O, deyir ki, müxalifət partiyaları yerli təşkilatları tərəfindən hər hansı bir tədbir keçirməklə bağlı onlara hansısa müraciət etməyiblər.

Müşahidəçilər isə bölgələrdə prezident seçkilərinə hazırlığın sönük keçirdiyini deyirlər: «Həm iqtidar, həm də müxalifət partiyaları seçkiyə heç bir hazırlıq işi aparmırlar».

Hüquqşünas Elman Hüseynov deyir ki, 10-15 il bundan əvvəl seçkiyə münasibət necə idisə, indi də bu münasibət qalmaqdadır: «İqtidar seçkini mənimsəyib və hesab edir ki, həmişə qalib gələcək. Buna görə də vətəndaşlara verilən imtiyazlar məhdudlaşır».

Onun sözlərinə görə, müxalifət partiyalarının rayon təşkilatlarında vəziyyət fərqlidir: «Müxalifət də heç bir tədbir görmür. Görəndə də qanun işləmir. Çünki iqtidarda olanlar bu qanunu həyata keçirməlidirlər».

Elman Hüseynov deyir ki, rayon təşkilatlarında fəalların sayı azdır: «Onlar bütün seçki məntəqələrini əhatə edə bilmirlər. İqtidar yoxsula güvənir. Çünki yoxsulu ələ almaq və aldatmaq daha rahatdır. Yoxsulun sayı isə bölgələrdə daha çoxdur».
Müşahidəçilər deyirlər ki, sovet sistemindən miras qalmış bir çox qaydalar indi də qalmaqdadır. Onlardan biri də idarə rəhbərlərinin seçki məntəqələrinə təhkim edilməsidir. Artıq idarə rəhbərləri arasında seçki məntəqələri bölüşdürülür. Müşahidəçilər deyir ki, kənd yerində seçkilər əvvəlki illərdən fərqlənməyəcək.
XS
SM
MD
LG