Keçid linkləri

Təcili xəbərlər
2020, 15 İyul, çərşənbə, Bakı vaxtı 02:41

Əli Kərimliyə şeir yazan cəbhəçiyə 30 sutka verilib


E.Məmmədov

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü Elvin Məmmədovun 30 sutka inzibati qaydada həbs olunduğu bildirilir.

Bu barədə AzadlıqRadiosuna AXCP-dən məlumat verilib.

Partiyadan bildirildiyinə görə, fəal mayın 2-dən yoxa çıxmışdı.

AXCP-dən qeyd edildiyinə görə, E.Məmmədov mayın 2-də səhər saatlarında iş yerindən çağırılıb və geri qayıtmayıb: "Elvin Məmmədov bir mühafizə şirkətində çalışırdı. Mayın 2-də onu çağırıblar ki, gəl, sənə karantin rejimində (Koronavirus pandemiyası ilə bağlı Azərbaycanda martin 24-dən xüsusi karantin rejimi elan edilib-red.) işləməyə icazə verən kağız verəcəyik. O evdən çıxıb və bir daha geri qayıtmayıb".

Partiyadan bildirilib ki, iki sutka ərzində ailəsi E. Məmmədov haqqında heç bir məlumat ala bilməyib: "Yalnız bugün, mayın 4-də Qaradağ rayonunun Qobustan qəsəbəsində yerləşən polis bölməsindən zəng vurub məlumat veriblər ki, Elvin inzibati qaydada həbs olunub. İndicə aldığımız məlumata görə isə, o, Qaradağ Rayon Məhkəməsi tərəfindən 30 sutka müddətinə inzibati qaydada həbs olunub".

Amma partiyadan vurğulandığına görə, onlar gənc fəalın rəsmi şəkildə nədə ittiham edildiyini, hələlik, dəqiqləşdirə bilməyiblər.

AXCP hesab edir ki, E.Məmmədovun həbsinin səbəbi onun partiya sədri Əli Kərimlinin ad gününə yazdığı şeir ola bilər: "Aprelin 28-də E.Məmmədov 55 yaşı tamam olan AXCP sədri Əli Kərimli üçün şeir yazaraq klip şəklində yığıb və sosial şəbəkələrdə paylaşıb. Bundan sonra onu izləməyə başlayıblar və bir dəfə polis bölməsinə çağırıblar. Elvin getməkdən imtina edib və rəsmi çağırış vərəqəsini təqdim etməyə tələb edib".

Bu deyilənlərə, hələlik, Daxili İşlər Nazirliyi, Qaradağ Rayon Məhkəməsi və başqa uyğun qurumlardan münasibət almaq mümkün olmayıb. Amma Azərbaycanın hüquq-mühafizə orqanları ölkədə insanların siyasi mövqelərinə görə həbs olunduqları ilə bağlı deyilənləri qəbul etmirlər.

Azərbaycan prezidenti İlham Əliyev isə mayın 1-də ölkənin yeni baş prokuroru Kamran Əliyevi videoformatda qəbul edərkən bunları demişdi: "…Azərbaycanda heç kim öz siyasi baxışlarına, siyasi mənsubiyyətinə, siyasi fəaliyyətinə görə təqib edilməməlidir".

XS
SM
MD
LG