AXCP sədri Əli Kərimlinin qaynı, bu ilin martında ölkə prezidentinin əfv sərəncamıyla azadlığa çıxan Elnur Seyidov həbsdə olduğu müddətdə əmlakının da əlindən alındığını deyir. Bununla əlaqədar E.Seyidov hələ həbsdə olduğu vaxtdan məhkəmədə iddia qaldırıb. Ötən 3 ildə bu məsələyə Yasamal və Nizami rayon məhkəmələrində, iki dəfə Bakı Apellyasiya Məhkəməsində, bir dəfə Ali Məhkəmədə baxılıb. Amma qərarların heç biri E.Seyidovun xeyrinə olmayıb.
Mübahisə predmeti isə «Dərəçiçək» Mənzil-Tikinti Kooperativinin Yasamalda, Şərifzadə küçəsində inşa etdiyi binadakı qeyri-yaşayış sahəsidir.
E.Seyidovun vəkili Nemət Kərimli AzadlıqRadiosuna danışır ki, müvəkkili hələ həbs olunmamışdan öncə – 2011-ci il martın 31-də şirkətlə müqavilə bağlayıb, əmlakın pulunu tam ödəyib, əlində də bunu təsdiqləyən sənədlərin hamısı var. Ancaq ötən illər ərzində əmlak təhvil verilməyib. Tələb edəndə isə bildirilib ki, onların əmlakı yoxdur, tələb olunan isə başqasına məxsusdur, çünki ona satılıb.
E.Seyidov öncə Yasamal rayon Məhkəməsində iddia qaldırıb. Məhkəmədən tələbi sahiblik hüququnun tanınıb əmlakın təhvil verilməsiylə yanaşı, həm də 2014-cü ildən başlayaraq, qətnamə icra olunana qədər hər ay üçün icarə haqqı kimi 10 min manat, mənəvi zərərə görə isə 20 min manat tələb edib. Məhkəmə iddianı qismən təmin edib, əmlakın E.Seyidovun sahibliyinə və istifadəsinə verilməsinə qərar verilib.
Tikinti şirkətinin direktoru Seyran Əhmədov bu qərardan apellyasiya şikayəti verib. Eyni zamanda, Zahir Nəcəfov da müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində prosesə qoşulub. Qarşılıqlı iddia qaldıraraq, şirkətlə E.Seyidov arasındakı müqavilənin ləğvini istəyib.
Qarşı tərəf nə deyir
Şirkət rəhbərliyi məhkəmədə iddia edib ki, E.Seyidovla müqavilə formal olub, onun işlədiyi bankdan kredit götürmək üçün zərurətdən irəli gəlib.
E.Seyidov həbs olunmamışdan öncə (qeyri-yaşayış sahəsi ilə bağlı müqavilə bağlanan ərəfədə -red.) «Texnikabank»ın Yasamal filialında müdir müavini olub. S.Əhmədov deyib ki, tikinti işi ilə əlaqədar bir neçə dəfə girovsuz həmin filialdan qısamüddətli kreditlər götürüb, vaxtında da bağlayıblar: «Hər dəfə kredit götürəndə Elnur Seyidov bildirirdi ki, kreditin təminatı kimi, formal olsa da, aralarında bir əmlak müqaviləsi bağlansın, onlar bunu baş bankın rəhbərliyinə göstərib kredit ayrılmasına razılıq alsınlar. Elnur Seyidov əslində, nə qeyri-yaşayış sahəsini alıb, nə də pul ödəyib. Formal müqaviləyə görə onun şirkətə qarşı heç bir tələbi ola bilməz. Həmin qeyri-yaşayış sahəsi payçı kimi Nəcəfov Zahir Vahid oğluna verilib».
Bakı Apellyasiya Məhkəməsi şirkət rəhbərliyinin dediklərini nəzərə alıb, birinci instansiya məhkəməsinin qərarını ləğv edib. E.Seyidov Ali Məhkəməyə şikayət versə də, nəticə dəyişməyib.
E.Seyidov bu dəfə məhkəmədə yeni iddia qaldırıb. «Dərəçiçək» MTK-dan qeyri-yaşayış sahəsinə görə vaxtilə ödənilmiş pulu, inflyasiya dəyərini tələb edib. Nizami rayon Məhkəməsi onun bu iddiasını da təmin etməyib. Bakı Apellyasiya Məhkəməsi qərarı qüvvədə saxlayıb.
Vəkil Nemət Kərimli deyir ki, bu qərarlar qanunsuz və əsassızdır. E.Seyidovun mülkiyyət hüququnun aşkar pozulduğunu deyən müdafiəçinin fikrincə, bu, ona qarşı qərəzdən irəli gəlir: «Adamın əlində müqavilə var, pulun ödənilməsi barədə qəbz var. Məhkəmə bu sübutlara yox, heç nəyə əsaslanmayan sözə söykənib qərar çıxarırsa, bunun qərəzdən başqa adı yoxdur. Ali Məhkəməyə şikayət verəcəyik. Əgər təmin olunmasa, Avropa Məhkəməsinə göndərəcəyik. Əminəm ki, Avropa Məhkəməsi Elnur Seyidova münasibətdə mülkiyyət hüququnun pozuntusu faktını tanıyacaq. Çünki bu, gün kimi aydındır. Məhkəmələr hansısa səbəbdən buna göz yumursa, bu, artıq başqa məsələdir».
Xatırlatma
Elnur Seyidov 2012-ci ilin martında Milli Təhlükəsizlik Nazirliyi tərəfindən «Texnikabank» işinə görə həbs olunmuş, 7 il 6 ay azadlıqdan məhrum edilmişdi
Həmin iş üzrə həbs edilən «Texnikabank»ın Müşahidə Şurasının sabiq sədri Etibar Əliyev hələ hökmdən bir müddət əvvəl xəstəliyi ilə əlaqədar həbsdən buraxılmışdı.
E.Seyidovla digərləri Cinayət Məcəlləsinin 178 (dələduzluq), 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 313 (vəzifə saxtakarlığı) və 320 (rəsmi sənədləri, möhürləri, ştampları, blankları saxtalaşdırma, hazırlama, satma və istifadə etmə) maddələri ilə ittiham olunublar.
E.Seyidov ittihamları rədd edir, heç bir cinayət törətmədiyini söyləyib.