Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 12:39

Əli Kərimli Əli Həsənova cavab verdi


AXCP sədri Əli Kərimli
AXCP sədri Əli Kərimli

Bu gün, aprelin 23-də rəsmi AZƏRTAC saytında Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun “Azərbaycanın Formula 1 yüksəkliyi, milli qürur hissi və Əli Kərimli kimilərin mədə təfəkkürü” adlı məqaləsi yer alıb.

“Bütün mümkün yüksəklikləri fəth edən Azərbaycanımızı...”

Əli Həsənov əvvəlcə yazıb ki, Azərbaycan iqtidarı xalqa söykənərək özünü tam təmin edən, milli iradəsinə söykənən, dayanıqlı və gündən-günə inkişaf edən bir dövlət qurub: “ Bu mənada, biz ümummilli lider Heydər Əliyevin təməlini qoyduğu və Prezident İlham Əliyevin idarəçiliyi dövründə bütün mümkün yüksəklikləri fəth edən Azərbaycanımızı təkcə vətənimiz olduğuna görə deyil, həm də, sözün əsl mənasında, qüdrətli olduğuna görə sevirik”

Əli Həsənov
Əli Həsənov

Yazıda daha sonra prezidentin köməkçisi müxalifətdə olan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlini tənqid edib.

“Axı onlar iqtidarı nəyə görə tənqid edirlər? Məsələn, AXCP sədri Əli Kərimli öz Facebook səhifəsində iddia edir ki, bu günlərdə Bakıda növbəti dəfə start götürəcək Formula 1 yarışları “zülmdür”, kimlərinsə pul qazanması, hakimiyyətin təbliği üçün vasitədir. Sən demə, dünyada idman yarışları sırasında populyarlığına görə, üçüncü sırada yerləşən Formula 1 səbəbindən avtomobillərin şəhərin mərkəzində hərəkətinin məhdudlaşdırılması insanların “əsəbini tarıma çəkir””, deyə prezidentin köməkçisi yazıb.

“Olduqca qərəzli yanaşmadır”

Əli Həsənovun vurğulamasına görə, bu, özünü siyasətçi adlandıran, partiya rəhbəri hesab edən birisinə yaraşmayan, olduqca qərəzli yanaşmadır.

Onun fikrincə, çox təəssüf ki, bəziləri müxalifətçilik missiyasının əsl mahiyyətini başa düşmür:

“Anlamırlar ki, cəmiyyətdəki prosesləri, hadisələri yaxından izləmək imkanına malik və siyasi cəhətdən kifayət qədər yetkin olan vətəndaşlarımız davamlı şəkildə bədbinlik aşılayan, hər şeyi qara rəngdə, öz siyasi maraqlarına uyğun təsvir edən insanların səmimiyyətinə inanmır”

“Bu otellər də oliqarxlara aiddir”

AXCP sədri Əli Kərimli isə Azadlıq Radiosuna deyib ki, “Formula1” yarışlarının Azərbaycanda keçirilməsinə münasibəti mənfidir:

“Hər il bu yarışlar üzündən 100 minlərlə şəhər sakini həyat ritmini dəyişməli olur, Bakının mərkəzi isə belə yarışlar üçün ümumiyyətlə uyğun deyil”.

Əli Kərimli hesab edir ki, bu yarışlar bəzi hakimiyyət mənsublarına pul qazanmaqdan ötrü lazımdır:

“Burada təkcə kimlərsə pul qazanmır. Bu yarışa gələn xaricilər otellərə pul xərcləyirlər ki, bu otellər də oliqarxlara aiddir. Digər tərəfdən isə bu hesaba büdcədən pullar silinir”, AXCP sədri hesab edir.

“Bu hansı yüksəkliklərdir?”

Əli Kərimli Əli Həsənovun “Prezident İlham Əliyevin idarəçiliyi dövründə bütün mümkün yüksəklikləri fəth edən Azərbaycanımızı” ifadəsinə də diqqət çəkib: “ Bu hansı yüksəkliklərdir? Siyasi məhbus sayına görə Avropa məkanında birinci olmaq, adambaşına düşən səhiyyə xərcinə görə sonuncu yerlərdə qalmaq, media azadlığına görə 166-cı, korrupsiyaya görə 152-ci yerdə olmaq? Azərbaycan 2018-ci il üçün yeganə ölkədir ki, Avropa Şurası barəsində korrupsiya ilə bağlı ayrıca qətnamə qəbul etdi”.

Əli Kərimli iddia edib ki, ölkədə işgəncə siyasətə dönüb, son 20 ildə 3-4 milyon insan ölkəni tərk edib.

Xatırlatma

Azərbaycan Formula-1 Grand Prix yarışlarını 2016-cı ildən təşkil edir.

Bu yarışlar təşkilatçılarla razılaşmaya əsasən 2023-cü ilə kimi Azərbaycanda keçirilməlidir. Bu il isə 26-28 aprel tarixində Bakı bu yarışlara ev sahibiliyi edəcək.

Bu münasibətlə artıq, Bakının mərkəzi küçələrində nəqliyyatın hərəkəti məhdulaşdırılıb, 17 marşurutun istiqaməti müvəqqəti dəyişdirilib.

Yarışlara çəkilən ümumi xərc isə, açıqlanmayıb.

Azərbaycan müxalifəti hesab edir ki, bu yarışlara çəkilən xərclər Azərbaycan xalqının sosial problemlərinə sərf edilməlidir. Rəsmilərə görə, isə bu yarışlar həm turistlərin sayına, həm də ölkənin imicinə müsbət təsir göstərir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG