Keçid linkləri

Təcili xəbərlər
2020, 01 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 18:55

Əli Həsənov Dövlət Departamentinin hesabatını tənqid edir


Ə.Həsənov

«Dövlət Departamentinin Azərbaycanın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında baş verən hadisələrə münasibəti, həmişə olduğu kimi, yenə də tendensioz xarakter daşıyıb».

Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov ABŞ Dövlət Departamentinin 2017-ci ildə dünya ölkələrində insan haqlarının durumuna dair illik hesabatında Azərbaycanla bağlı əks olunmuş fikirlərə münasibət bildirərkən belə deyib.

AZƏRTAC-ın xəbərinə görə, hesabatın hazırlanma metodologiyasını tənqid edən Ə.Həsənov onu müəyyən siyasi dairələrin maraqlarına uyğun, qərəzli saydığını bildirib.

***Buna da bax-ABŞ hesabatı Azərbaycanda ciddi insan haqları pozuntularından bəhs edir

«Belə yanaşma, habelə mənbələrin göstərilməməsi, bir qayda olaraq «ekspertlər», «fəallar», «QHT təmsilçiləri» və bu kimi müəmmalı mənbələrə istinad edilməsi hesabatın obyektivliyini, şəffaflığını ciddi şübhə altına alır», - deyən Ə.Həsənov 2013-cü il prezident seçkiləri də daxil olmaqla Azərbaycanda keçirilən bütün seçkilərin beynəlxalq standartlara, yerli qanunvericiliyinə uyğun, demokratik, ədalətli və şəffaf olduğunu vurğulayıb.

«Siyasi sistemin çatışmazlığı deyil, əksinə, ... üstünlükdür»

«...Hansısa şübhəli «faktlar» əsasında hakimiyyət qanadlarının, ayrı-ayrı dövlət orqanlarının nüfuzunu aşağılayan qərəzli iddiaları qəbul etmirik və onları ciddi əsası olmayan subyektiv mülahizə kimi qiymətləndiririk. Azərbaycanda söz və məlumat, sərbəst toplaşmaq azadlığı, fikir plüralizmi də daxil olmaqla bütün demokratik normalar təmin olunub. Ölkədə yüzlərlə kütləvi informasiya vasitəsi, çoxsaylı jurnalist ordusu tam sərbəst fəaliyyət göstərir. Sosial şəbəkələrdə istifadəçilərin sayı 3 milyona yaxınlaşır, ölkə əhalisinin 80 faizi internet istifadəçisidir. Bu gün Azərbaycanda 3 mindən çox QHT fəaliyyət göstərir», - deyən Ə.Həsənov vətəndaş cəmiyyəti institutlarının fəaliyyətinin məhdudlaşdırılması ilə bağlı hesabatdakı məqamları da təkzib edib.

***Buna da bax-ABŞ ATƏT-in müşahidə missiyasının tənqidi bəyanatını dəstəkləyir

Aprelin 11-də keçirilmiş prezident seçkilərinə toxunan Ə.Həsənov qeyd edib ki, Avropa və Amerikada olduğu kimi, Azərbaycanda da marginallaşmış siyasi qrupları cəmiyyət inkar edilir: «Bu, Azərbaycanda siyasi sistemin çatışmazlığı deyil, əksinə, cəmiyyət həyatında təhlükəsizliyi, sabitliyi, tolerantlığı təmin edən mühüm üstünlükdür».

Ə.Həsənov ABŞ Dövlət Departamentinin hesabatında siyasi məhbus sayılan şəxslərlə və həbslərlə bağlı məqamlara da şərh verib.

«Hesab edirik ki, Qərb ölkələrində bu kimi faktlar daha çoxdur. Həmin faktlar Dövlət Departamenti tərəfindən eyni metodologiya əsasında şərh olunarsa, hansı nəticələrin ortaya çıxacağını təsəvvür edə bilərik», - o bildirib.

Xatırlatma

ABŞ Dövlət Departamenti bir neçə gün əvvəl «İnsan Haqları Hesabatı 2017» adlı sənəd açıqlayıb. Hesabatda 200-dək ölkədəki vəziyyət təhlil edilib.

***Buna da bax-Seçki bitdi: Yenə tutulan olacaq?

Hesabatın Azərbaycana aid fəslində yazılıb ki, ölkədə insan haqları pozuntularına qanunsuz ölümlər, bəzən təhlükəli həbsxana şəraiti, qanunsuz həbslər, ədliyyənin müstəqil olmaması, jurnalistlərə fiziki hücumlar, müxalifət fiqurları ilə sərt rəftar, kütləvi hökumət korrupsiyası və s. daxildir.

Hesabatda müxalifətyönlü bloqqer Mehman Qələndərovun Kürdəxanı təcridxanasında müəmmalı ölümündən də söz açılır.

Bundan başqa, 2017-ci ilin may ayında casusluqda ittiham olunan beş hərbçinin naməlum şəraitdə ölməsindən söz açılır.

Hesabatda jurnalistlərin, bloqqerlərin, dini fəalların həbslərinə geniş yer verilib.

Sənəddə həmçinin, «Müsəlman Birliyi»Hərəkatının liderlərindən Abbas Hüseynova, NİDA fəalı Bayram Məmmədova işgəncə şikayətlərinin araşdırmasız qalmasından bəhs edilib.

Sənədə görə, ölkədə müstəqil məhkəmə sisteminin olmaması mühakimələrin ədalətliyini təmin etmək imkanı vermir.

Hesabatda yazılıb ki, ümumilikdə Azərbaycanda 156 şəxs siyasi məhbus sayılıb. Bu da bildirilir ki, sosial mediada hökumətin, prezidentin və onun ailəsinin tənqidi çox vaxt qanunsuz və ədalətsiz həbs ilə nəticələnir.

XS
SM
MD
LG