Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:23

Ələsgər Məmmədli: '...Polislər vəzifələrindən azad olunmalıdırlar'


Polis Yasamalda əməlliyyat keçirdi
Gözlə

No media source currently available

0:00 0:02:22 0:00

Polis Yasamalda əməlliyyat keçirdi

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov iyunun 8-də sosial şəbəkələrdə polis və vətəndaşların davranışına aid yayılan videolardan (Yasamal rayonunda baş verənlərlə bağlı) sonra deyib ki, bu məsələlər araşdırılacaq. "İstər polis əməkdaşı, istərsə də vətəndaşın yol verdiyi hər bir qanunazidd hərəkət hüquqi qiymətini alacaq və nəticələri üzrə müvafiq tədbirlər görüləcək", - deyə o qeyd edib.

Daha sonra da E.Zahidov vurğulayıb ki, əməliyyat zamanı qadınlardan biri ilə yüksək tonda danışan, onun həyat yoldaşının ünvanına yersiz ifadə işlədən bir polis əməkdaşının da tutduğu vəzifədən azad edilməsi və barəsində xidməti yoxlama aparılması haqqında qərar qəbul edilib.

Ə.Məmmədli
Ə.Məmmədli

Hüquqşünas Ələsgər Məmmədliyə görə, son günlərdə baş verən prosesin əsas məsuliyyəti Nazirlər Kabineti yanında Operativ Qərargahın həftəsonu günlərdə hər yerin qapadılması ilə bağlı yanlış qərarından irəli gəlir. "Həftəsonu günlərdə bütünlüklə hər yeri qapatmaq, hətta çörək almaq üçün və ya zibili atmaq üçün icazə verilməməsi düzgün idarəetmə deyil. Bu, hökmən tənzimlənməlidir. Bu formada idarəetmə şahidi olduğumuz problemləri yaradır", - hüquqşünas AzadlıqRadiosuna əlavə edib.

"Polisin aşırı gücdən istifadə etməsi"

Onun deməsinə görə, Yasamalda baş verən hadisədə polisin aşırı gücdən istifadə etməsi aydın görünür və vətəndaşın aşırı güc tətbiqinə etiraz hüquq var: "Onu da qışqırmaqla, bağırmaqla, fit çalmaqla ifadə edir və bu, demokratik hüquq çərçivəsində mövcud olan hallardır".

Ə.Məmmədli əlavə edib ki, polisə əşya atılıbsa belə, ən pis halda bu, xırda xuliqanlıq sayıla bilər.

Polisin keçirdiyi əməliyyata gəlincə, Ə.Məmmədli bunun daha çox qisas əməliyyatına bənzədiyini söyləyib. Onun deməsinə görə, bu, mənzil toxunulmazlığı hüququnun pozulması, vəzifə səlahiyyətindən sui-istifadədir: "Buna görə cinayət məsuliyyəti var, üstəlik, işgəncəyə meyllilik kimi pis rəftar, ləyaqətin alçaldılması vardır və polis haqqında qanunun 5-ci maddəsi ilə yolverilməzdir".

Onun fikrincə, bu əməliyyatda iştirakçı olan polislər vəzifələrindən azad olunmalıdırlar.

F.Ağamalı
F.Ağamalı

"Polis ən çətin anlarda xalqın yanında olub"

"Belə hadisə olmalı deyildi". Bunu isə deputat Fəzail Ağamalı baş vermiş hadisə ilə bağlı "Turan" agentliyinə bildirib.

F.Ağamalının fikrincə, ölkə polisi ən çətin anlarda xalqın yanında olub, sabitliyin təmin olunmasında onların çox böyük rolu var.

Deputat deyib ki, koronavirus pandemiyası ilə bağlı yaranmış mürəkkəb vəziyyətdə də polis qüvvələri vəzifələrini yerinə yetirirlər: "Baş vermiş hadisə daxilində bir polis nəfərinin vətəndaşla belə davranışı təəssüf doğurur. Fikrimcə, bir epizod polisin üzərinə gəlməyə əsas vermir. Bəzən sosial şəbəkələrdə belə ədalətsiz yanaşmalar olur. Bu, doğru olmayan, qeyri-obyektiv yanaşmadır".

Onun fikrincə, bu hadisə ilə bağlı hər kəs öz əməlinə görə cavab verəcək.

F.Ağamalı onu da vurğulayıb ki, bir şəxsə görə də bütöv bir qurumu suçlu bilmək doğru deyil, belə münasibət çox ədalətsiz və təhlükəli ola bilər.

"Xalqla polis arasına etimadsızlıq toxumu səpmək istəyirlər"

Deputat hesab edir ki, bu situasiyadan öz mənafeləri naminə istifadə etmək istəyənlər az deyil, xalqla polis arasına etimadsızlıq toxumu səpmək istəyirlər, bu, birmənalı olaraq pislənməlidir: "Kimsə qanunu pozubsa, buna görə də cavab verməlidir. Amma polisin üzərinə hücuma keçən və ən müxtəlif davranışlar nümayiş etdirən vətəndaşlar da cəza və tənbehdən kənarda qalmalı deyil".

F.Ağamalı inanır ki, araşdırmaların gedişində obyektivlik gözləniləcək və bütün proses olduğu kimi aydınlaşacaq. "Hər kəs öz əməlinə görə cavab verəcək", - deyə o əlavə edib.

Polis Yasamalda əməliyyat keçirib
Gözlə

No media source currently available

0:00 0:02:24 0:00

Xatırlatma

İyunun 8-i səhər saatlarında çoxsaylı polis qüvvələri Bakının Yasamal rayonundakı Dadaş Bünyadzadə küçəsi, 13 saylı çoxmərtəbəli binada əməliyyat keçirib. Binanın sakinlərindən saxlananlar olub.

Əməliyyatla bağlı sosial şəbəkələrdə videolar da yayılıb. Həmin videolarda polisin bəzi şəxsləri yarıçılpaq vəziyyətdə apardığı görünür. Üstəlik, videolarda polislə sakinlər arasında gərginlik, mübahisə yarandığı da sərgilənir. Hətta polislərdən biri binanın qadın sakininə və onun həyat yoldaşına xitabən "dovşan" ifadəsi də işlədir.

Daxili İşlər Nazirliyi (DİN) də Yasamal rayonunda baş verən insidentlə bağlı açıqlama yayıb. Açıqlamaya görə, iyunun 7-də sərtləşdirilmiş xüsusi karantin rejiminə nəzarəti həyata keçirən polis əməkdaşları Yasamal rayonu ərazisindəki yaşayış binalarından birinin həyətində karantin rejimi qaydalarını pozan şəxsi saxlayıb. DİN-in qeyd etməsinə görə, o zaman həmin binada yaşayan bir qrup sakin mənzillərinin eyvan və pəncərələrindən polis əməkdaşlarının üzərinə müxtəlif əşyalar ataraq onların ünvanına təhqiredici ifadələr səsləndiriblər.

İyunun 8-də keçirilən əməliyyat da bununla izah edilir. DİN ümumilikdə 11 nəfərin saxlandığını açıqlayıb.

Koronavirus pandemiyası ilə bağlı martın 24-dən Azərbaycanda karantin rejimdir. İyunun 6-sı saat 00:00-dan iyunun 8-i saat 6:00-a qədər (həftəsonu, şənbə və bazar günləri) küçəyə çıxmaq yasağı tətbiq edilmişdi.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG