Keçid linkləri

2024, 19 May, bazar, Bakı vaxtı 22:25

Deputat: ‘Görünür, bu məsələdə də səliqə-sahman yaradılması üçün polisin yardımına ehtiyac olacaq’


Boşaldılan piştaxtalar, arxiv foto
Boşaldılan piştaxtalar, arxiv foto

Bu gün, iyunun 6-dan etibarən paytaxt Bakı və ölkənin daha bir neçə iri şəhərlərində həftəsonu (şənbə, bazar) vətəndaşların küçəyə çıxması yasaqlanıb. Hazırda paytaxt Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonunda ərzaq mağazaları belə qapalıdır.

Bu qərar iki gün öncə, yəni, iyunun 4-də elan edilsə də iyunun 5-i günün ikinci yarısından sonra əhalinin müəyyən bir hissəsi marketlərə kütləvi axın edib. Bu zaman bir çox yerlərdə sosial məsafə qorunmayıb, bəzən maskadan belə istifadə edilməyib. Nəticədə bir çox mağazalarda bəzi dolablar boşalıb.

“Bunun qarşısını başqa üsullarla almaq mümkün idimi?”

Azər Mehtiyev, avqust 2018
Azər Mehtiyev, avqust 2018

Mövzu ilə bağlı iqtisadçı Azər Mehtiyev Azadlıq Radiosuna bildirib ki, əvvəlcə bu qərarın nə dərəcədə əsaslı olması müakirə edilə bilər:

“Operativ qərargah son günlər koronavirusa yoluxma hallarının artmasını əsas götürərək belə bir qərar verdi. Lakin bu qərarın nə dərəcədə əsaslandırılmış olmasını heç kəsə bildirmədi.

Bu say artımı nə ilə bağlı idi? ( Operativ qərargah bunu bir çox insanların maska istifadə etməməsi və sosial məsəfəni gözləməmələri ilə izah edib-red) Bunun qarşısını başqa üsullarla almaq mümkün idimi? Belə suallara cavab eşidilmədi”.

Azər Mehdiyev-ə görə digər tərəfdən hər hansı ajiotaj yaratmadan, sadəcə əvvəlki dövrdə tətbiq edilmiş SMS-lə evdən çıxmaq, insanlara rahat alış-veriş üçün yetərli idi. O, insanların iki gün evdə qalmalarının yoluxma hallarını xeyli azalda biləcəyi barədə ehtimalları başa düşülən sayır. Amma vurğulayır ki, qəbul edilən qərarın kifayət qədər əsaslandırılmaması və eyni zamanda qərarın düzgün yerinə yetrirlməsinin təmin olunmaması qeyd edilən hadisələrin yaranmasını qaçılmaz edib.

“Əhali nəinki inanmır...”

Onun firkincə, maarifləndirici tədbirlər qarşılıqlı etimada bağlıdır.

İqtisadçı əlavə edib ki, bu məsələdə bir çox insanlar hökumətin dediyinə nəinki inanmır, bu xəstəliyin özünü, yoluxma halları ilə bağlı rəqəmlərin artmasını belə şübhə altına alır, bunun hansısa məqsədlərlə edildiyini düşünürlər.

İnsanların marketlərdən ərzaq alması davranışına gəlincə A.Mehtiyev bunu rasional istehlakçı davranışı kimi dəyərləndirir:

“Sadə məntiqlə düşünür ki, mağzalar iki gün işləməyəcək, bu müddətə lazım olan ərzaq alır”

“İstənilən halda buna cahil davaranışı kimi yanaşmaq olmaz”

Konkret olaraq daha çox çörək alınmasnı isə belə izah edir:

“Dükanlara bir günlük çörək satışı qədər məhsul gətiriblər. Vətəndaş bilir ki, şənbə, bazar günləri mağaza işləməyəcək, odur ki, adi qaydada iki çərək alırdısa, bu şəraitdə 4 və ya 6 çörək alır”.

Onun sözlərinə görə, mağazalar 3 günlük yox, birgünlük çörək istehlakı normasını qəbul edir, vətəndaş isə ikigünlük çörək norması alır, ərzaq ehtiyatı görür:

“ Amma istənilən halda buna cahil davaranışı kimi yanaşmaq olmaz, hətta varsa belə bu idaretməyə inanmamasından qaynaqlanır”.

“...narahatlığa da əsas yoxdur”

Fəzail Ağamalı, 2014
Fəzail Ağamalı, 2014

Deputat Fəzail Ağamalı isə “Turan” agentliyinə deyib ki, bu ajiotaj hökumətə inamsızlıq məsələsi deyil, sırf psixoloji məqamla bağlıdır.

O, iyunun 5-də paytaxt marketlərində baş verən hallarla bağlı yayılmış videoları təəssüflə izlədiyini bildirib:

“Marketlərin birində çörək üstündə paroblem yaşanması kimi görünütlər var. Bu təəssüf doğurur. İki gün üçün bu qədər hazırlığa ehtiyac yoxdur və vəziyyət də buna əsas vermir. Ölkədə ərzaq təminatı kifayət qədərdir, ajiotaja, təşvişə, narahatlığa da əsas yoxdur”.

“ Bizim problemimiz elə bu sayaq davranışlardan qaynaqlanır ”

Onun fikrincə, digər tərəfdən həqiqətən də həmin bazarlıqlarda sosial məsafənin gözlənilməməsi, maska taxılmaması yeni yoluxmalara əsas ola bilər:

“İnsanlarmız nə üçünsə dükanların iki gün işləməməsini fəlakət kimi qəbul ediblər. Bizim problemimiz elə bu sayaq davranışlardan qaynaqlanır. Cəmiyyətdə problemi də bu düşüncədə olanlar yaradırlar”.

O, hesab edir ki, bu kəsimlə maarifləndirmə işi aparmaqla birgə, həm də qanunun gücündən istifadə olunmalıdır. Deputatın fikrincə, Operativ qərargahın tələblərinə əməl etməyənlər qanunun sərt üzü ilə rastlaşdıqdan sonra deyilənlərə əməl etməli olacaqlar:

“Görünür, bu məsələdə də səliqə-sahman yaradılması üçün polisin yardımına ehtiyac olacaq”

“Görünür, bu məsələdə də səliqə-sahman yaradılması üçün polisin yardımına ehtiyac olacaq. Yəni insanaları az saylı qruplar şəklində, sosial məsafəni qorumağa, maska taxmağa riayət edərək dükanlara buraxmaq lazım gələcək”

“Təkcə cərimə yox,...”

Deputatın sözlərinə görə, bəzliləri ümumiyyətlə qoruyucu vasitələrdən istifadəni inkar edirlər, bu isə virusun geniş yayılmasına şərait yaradır, buna qarşı sərt mübarizə lazımdır:

“Təkcə cərimə yox, inzibati həbs və ya lazım gələrsə cinayət məcəlləsinə uyğun məsuliyyətə cəlb olunmalıdırlar”.

Xatırlatma

Çinin Vuhan şəhərində həkimlər adamları müayinə edərkən, 15 may 2020.
Çinin Vuhan şəhərində həkimlər adamları müayinə edərkən, 15 may 2020.

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib.

Bu il martın 11-də Ümumdünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusa indiyə qədər 6.8 milyon şəxsin yoluxduğu bildirilir. Onlardan da artıq 398 mindən çox şəxsin vəfat etdiyi açıqlanıb. Azərbaycanda isə hazırkı dövrədək 6 min 860 nəfərin koronavirus infeksiyasına yoluxduğu müəyyən edilib, onlardan 82 nəfər vəfat edib.

Martın 14-dən, əksər ölkələr kimi, Azərbaycanda da bununla bağlı kütləvi tədbirlər ləğv edilib. Həmin ayın 24-dən xüsusi karantin rejimi elan edilib. Dövlət əhəmiyyətli sahələr və bir sıra mühüm xidmətlər istisna olunmaqla, əksər yerlərdə fəaliyyət dayandırılıb. Aprelin 5-dən də karantin rejimi çərçivəsində ölkədə hərəkət məhdudiyyətləri müəyyən olunub. Həmin qaydaya görə, dövlət qurumlarında, habelə fəaliyyətinə icazə verilən bir sıra sahələrdə çalışanlardan başqaları tibbi zərurət yarananda, mağazaya, aptekə və yasa gedəndə evdən çıxa bilərdilər. Bundan ötrü onlar 8103 nömrəsinə SMS göndərib icazə almalı idilər. Amma aprelin 27-dən bəzi iş və xidmət sahələrinə qoyulan qadağa götürülüb. Mayın 4-dən bölgələrdə, 18-dən isə Bakı və iri şəhərlərdə SMS-lə icazə almaq qaydası da ləğv edilib, məhdudiyyətlər ümumilikdə azaldılıb. Mayın 31-dən isə karantin rejimi bir qədər də yumşaldılıb. Artıq iri ticarət mərkəzləri də fəaliyyətə başlayıb.

Azərbaycanda koronavirus infeksiyasına ilk yoluxma halı fevralın 28-də aşkarlanıb. Son həftələr virusa yoluxmada təkrar artım müşahidə edilir. Halbuki, bir müddət əvvəl yoluxma halları azalmışdı.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG