Keçid linkləri

Təcili xəbərlər
2019, 07 Dekabr, şənbə, Bakı vaxtı 13:42

Almaniyadan Azərbaycana 61 nəfər qaytarılıb


Almaniyadan deportasiya. Foto arxiv

2019-cu il noyabrın 14-də Almaniyadan Azərbaycana çarter reysi ilə 61 nəfər Azərbaycan vətəndaşının readmissiyası (geri qaytarılması) həyata keçirilib. Bu barədə Azərbaycan Dövlət Miqrasiya Xidmətinin noyabrın 15-də yaydığı məlumatda bildirilir.

Məlumata görə, bu, «Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında» Sazişin icrası çərçivəsində baş tutub.

«Onlardan 22 nəfəri kişi, 18 nəfəri qadın, 21 nəfəri uşaq olub. Readmissiya olunan Azərbaycan vətəndaşları Dövlət Miqrasiya Xidmətinin əməkdaşları tərəfindən qarşılanıb», - məlumatda belə yazılıb.

Amma ölkəyə qaytarılan şəxslərin adı açıqlanmır.

«Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında» Saziş 2014-cü il fevralın 28-də Brüsseldə imzalanıb. 2014-cü il sentyabrın 1-də qüvvəyə minib.

Almaniyada yaşayan ictimai fəal Həbib Müntəzir isə özündə olan məlumata əsasən Bakıya qaytarılanların 140 nəfər olduğunu yazırdı. Amma Azərbaycan Dövlət Miqrasiya Xidməti, hələlik, yalnız 61 nəfərin qəbul edildiyini açıqlayıb.

XİN-dən reaksiya

«Almaniyada Azərbaycan vətəndaşlarının sənədlərinin saxtalaşdırılması və qanunsuz miqrasiyada şübhəli bilinərək saxlanmaları barədə məlumatlıyıq».

Bunu Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Leyla Abdullayeva deyib.

«Özlərini «siyasi mühacir» kimi qələmə verən bu şəxslərin belə bir fəaliyyətdə şübhəli bilinərək saxlanmalarına təəssüf edirik. Azərbaycan və Almaniya hüquq-mühafizə orqanları arasında əməkdaşlıq mövcuddur. Almaniya tərəfindən müraciət olduğu təqdirdə bu məsələ müvafiq qaydada nəzərdən keçirilə bilər», - L.Abdullayeva bildirib.

Alman polisinin miqrantlara qarşı reydi
Alman polisinin miqrantlara qarşı reydi

Sabir Rüstəmxanlı: «Bu gün vəkil Əlövsətlə görüşəcək»

«Əlövsət Əliyev hələ də şübhəli şəxs kimi saxlanılır. Bu gün, noyabrın 15-də vəkili onunla görüşməlidir».

Bunu isə noyabrın 13-də Almaniyada saxlanan «Leqat» İnteqrasiya Mərkəzinin rəhbəri Əlövsət Əliyevin qardaşı, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı bildirib.

S.Rüstəmxanlıya görə, Ə.Əliyevin saxlanması bir anlaşılmazlığın da nəticəsi ola bilər. «Belə ki, o, Azərbaycandan Almaniyaya gedən şəxslərə hüquqi köməklik göstərirdi. Bu da onu hədəfə gətirə bilərdi. Onun qanundankənar hər hansı əmələ yol verdiyini düşünmürəm», - S.Rüstəmxanlı bildirib.

Əlövsət Əliyev Almaniyada saxlanıb

Noyabrın 13-də Almaniyada fəaliyyət göstərən «Leqat» İnteqrasiya Mərkəzinin rəhbəri Əlövsət Əliyev və Azərbaycandan gedən daha bir neçə mühaciri yerli polisin saxladığı bildirilir.

Ə.Əliyevin oğlu Türkel Rüstəmxanlı AzadlıqRadiosuna atasının saxlanılmasını təsdiqləyib. O bildirib ki, Ə.Əliyev noyabrın 13-də səhər saatlarında Berlinə gedərkən saxlanıb. Saxlanma səbəbi hələ ki, bilinmir.

Ə.Əliyev
Ə.Əliyev

Ə.Əliyevin Azərbaycanda yaşayan qardaşı, şair, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı isə Azadlıq Radiosuna bunları deyib: «Nə üçünsə şübhələniblər ki, Əlövsət Almaniyaya miqrant daşınmasına kömək edib. Guya, qeyri-qanuni şəkildə Azərbaycandan oraya adamlar aparılmasına köməklik göstərib. İndi Azərbaycandan insanlar axıb Almaniyaya gedirlər, hüquqi yardım üçün müraciət edirlər. Əlövsət də kimə bacarırsa, köməyini əsirgəmir».

S.Rüstəmxanlı bildirib ki, bir neçə il öncə də Ə.Əliyevdən belə şübhələnmə olmuşdu. «Amma bu şübhələr təsdiqini tapmamışdı. Yəqin, indi də elə olacaq», - S.Rüstəmxanlı əlavə edib.

S.Rüstəmxanlı Ə.Əliyevin qanunsuz nəsə etməsinə inanmır: «Əlövsət Əliyev qanunsuz heç bir işlə məşğul olmayıb. Sadəcə, ora gedən vətəndaşlarımıza kömək edib. Bu da vətəndaşlarımız xeyrinə olan bir şeydir».

Bəzi mənbələr saxlananlar arasında Müsavat Avropa Koordinasiya Mərkəzinin də bir neçə üzvünün olduğunu iddia edib.

Müsavat Partiyasından isə AzadlıqRadiosuna bildiriblər ki, bu məsələni araşdırdıqdan sonra açıqlama verəcəklər.

A.Hacılı: «Araşdırmalar davam edir»

«Almaniyanın saytlarının birində məlumat dərc edilib ki, Ukraynadan ucuz işçi qüvvəsinin bu ölkəyə gətirilməsinin qarısını almaq üçün böyük əməliyyat keçirilib. Həmin məqamda müəyyən azərbaycanlı miqrantların da evlərində axtarış aparılıb, saytda olan məlumata görə, Əliyev və Xəlilbəyli familiyalı şəxslər saxlanılıblar. Bizdə olan məlumat, hələlik, bundan ibarətdir».

Bunu Müsavat Partiyasının başqanı Arif Hacılı bildirib.

A.Hacılı sosial şəbəkələrdə və bəzi saytlarda digər saxlanılanlar barədə yazılanlar haqqında isə bunları deyib: ​«Adları çəkilən digər şəxslərin saxlanılması barədə məlumatımız yoxdur. Başqa bir tərəfdən də, onların heç də hamısı orada qeyd olunduğu kimi Müsavat Partiyasının üzvləri deyil. Müsavat Partiyasının üzvü olmayanları da partiyanın üzvü kimi göstəriblər. Araşdırmalar davam edir və yekunlaşandan sonra bu məsələ ilə bağlı açıqlama veriləcək».

Xatırlatma

Miqrasiya Mərkəzi İctimai Birliyinin rəhbəri olmuş Əlövsət Əliyev Azərbaycanda bəzi vətəndaş cəmiyyəti qurumları təmsilçilərinin istintaqa cəlb edildikləri vaxtda - 2014-cü ildə mühacirətə gedib. Mühacirət etdikdən sonra ona qarşı cinayət işi açıblar. O, Daxili İşlər Nazirliyinin generalı Emin Şəkinskinin keçmiş həyat yoldaşının qanunsuz olaraq ölkədən çıxarılmasına yardım etməkdə günahlandırılıb.

Ə.Əliyevin özü əvvəllər cinayət işinin qurama olduğunu, polis generalının onunla haqq-hesab çəkmək istədiyini açıqlamışdı.

Alman polisi
Alman polisi

«20 nəfəri qaçaq yolla Azərbaycandan Almaniyaya aparıblar»

Son günlər Almaniya polisinin ölkədəki qanunsuz miqrasiya halları ilə bağlı reydlər həyata keçirdiyi bildirilir.

«Spiegel» jurnalinın Almaniya federal polisinə istinadla yaydığı məlumata görə, 180 polisin cəlb olunduğu belə bir reyd Şimali Reyn-Vestfaliya və Hessendə qanunsuz yolla Azərbaycandan adam gətirən dəstəyə qarşı da keçirilib.

Polis Köln, Düsseldorf, Frankfurt və Visbadendəki 13 obyektdə axtarış aparıldığını, Koblenzdə iki nəfər haqqında həbs qərarı verildiyini açıqlayıb.

Almaniyanın swr.de saytı isə polisə istinadla 8 nəfərin şübhəli şəxs qismində istintaqa cəlb olunduğunu yazır. Xəbərdə qeyd olunur ki, həmin şəxslər 3 min-10 min avro müqabilində ən azı 20 nəfəri qaçaq yolla Azərbaycandan Almaniyaya aparıblar.

Bu əməliyyat tədbirləri təkcə Almaniyada deyil, digər Avropa ölkələrində də həyata keçirilməkdədir. Almaniya polisinin noyabrın 13-də yaydığı məlumatda deyilir ki, insan alveri şəbəkəsinin aşkarlanması üçün Britaniya, Macarıstan, Rumıniya və Türkiyə polisləri də bu əməliyyata cəlb olunublar.

Məlumatda ən azı 2 milyon avro qarşılığında azı 580 miqrantı Almaniyaya gətirməkdə şübhəli bilinən 36 nəfərə qarşı birgə əməliyyat aparıldığı bildirilir.

Oxşar əməliyyat Ukraynadan olan şəbəkəyə qarşı da keçirilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG