Keçid linkləri

Təcili xəbərlər
2021, 16 Yanvar, şənbə, Bakı vaxtı 05:00

Xanımı həbsdəki Əfqan Sadıqovla görüşüb


Ə.Sadıqov

Noyabrın 25-də həbsdə olan Azel.TV saytının redaktoru Əfqan Sadıqovla həyat yoldaşının görüşdüyü bildirilir

Bu barədə AzadlıqRadiosuna elə onun xanımı Sevinc Sadıqova danışıb.

Xanımının sözlərinə görə, Ə.Sadıqov artıq 22 gündür aclıq edir və onun vəziyyəti ağırdır: "Yoldaşım aclığın 20-ci günündən etibarən maye qəbul etməkdən də imtina edib. O, Bakı İstintaq Təcridxanasının tibb məntəqəsinə yerləşdirilib. Əfqan artıq gəzə bilmir. Həkimlər onun böyrəklərinin zəhərlənməsi təhlükəsi olduğunu bildiriblər. Əfqan həkimlərin sistem qoşmaq təklifini qəbul etməyib…".

Bu deyilənlərə Penitensiar Xidmətdən münasibət öyrənmək mümkün olmayıb. Amma ötən həftə qurumun mətbuat xidməti bəyan etmişdi ki, Penitensiar Xidmətin müəssisələrində aclıq edən dustaq yoxdur.

Əfqan Sadıqovdan xəbər var

Həbsdə olan azel.tv saytının rəhbəri Əfqan Sadıqovun quru aclığa keçdiyi bildirilir.

Bu barədə Ə.Sadıqovun həyat yoldaşı Sevinc Sadıqova məlumat verib. Onun sözlərinə görə, Ə.Sadıqov artıq 20 gündür aclıq edir, bu gün, noyabrın 23-də isə evə zəng vuraraq sudan da imtina etdiyini deyib: "Əfqanın vəziyyəti ağırdır. Bu gün onunla telefonla danışdım. Dedi ki, sabah gücü çatsa, yenə zəng vuracaq. Bu həftə onunla görüş almağa çalışacam".

Ə.Sadıqovun həbsinə etiraz olaraq aclıq aksiyası keçirdiyi söylənir.

Bu deyilənlərə, hələlik, Penitensiar Xidmətdən münasibət öyrənmək mümkün olmayıb. Amma ötən həftə qurumun mətbuat xidməti bəyan etmişdi ki, Penitensiar Xidmətin müəssisələrində aclıq edən dustaq yoxdur.

Ə.Sadıqov bu ilin mayında hədə yolu ilə pul tələb etmək ittihamı ilə həbs olunub. Noyabrın 3-də o, 7 il müddətinə azadlıqdan məhrum edilib. Noyabrın 4-dən hökmə etiraz əlaməti olaraq onun aclıq elan etdiyi vurğulanırdı.

Xatırlatma

Ə.Sadıqov bundan öncə, 2016-cı il noyabrın 22-də də həbs edilib. O, Cinayət Məcəlləsinin 127.2.3-cü (xuliqanlıq niyyəti ilə təhlükəli üsulla sağlamlığa qəsdən az ağır ziyan vurma) maddəsi ilə ittiham olunaraq 2 il 6 ay müddətinə azadlıqdan məhrum olunmuşdu. Sonradan onun cəzası 1 il azaldıldı. O, daha sonra da buna qədər bir neçə dəfə müxtəlif müddətlərdə inzibati qaydada həbs edilib.

Ə.Sadıqov bütün hallarda ittihamları qəbul etməyib və bunun jurnalist fəaliyyətinin məhdudlaşdırılmasına yönəldiyini bildirib. Onu yerli hüquq müdafiəçiləri əvvəlki həbsi zamanı siyasi məhbus kimi tanımışdılar. Amma rəsmilər ölkədə siyasi məhbusların olması ilə bağlı fikirləri qəbul etmirlər. Onlar deyirlər ki, siyasi məhbus adlandırılan şəxslər sırf törətdikləri əmələ görə məsuliyyətə alınıblar.

Multimedia

XS
SM
MD
LG