Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:35

Əfqan qızlar 'Oskar' filminə necə düşdü


Carol Dysinger
Carol Dysinger

Amerikalı rejissor Carol Dysinger-in Kabildə qızlar üçün skeytbord məktəbi haqda çəkdiyi sənədli film bu il ən yaxşı qısa sənədli film nominasiyasında "Oskar" mükafatına layiq görülüb.

"Mən bilsəydim ki, skeyt sürmək insanların Əfqanıstandan bezginliyə son qoyacaq, bütün əfqan milli ordusunu skeytə mindirərdim!", – Dysinger deyir. Rejissor artıq 15 ildir ki, davamlı Əfqanıstana gedib-gəlir. O, burada 11 Sentyabr hadisələrindən sonrakı həyatı çəkir və öyrənir.

Dysinger 2010-cu ildə çəkdiyi "Camp Victory, Afghanistan" adlı tammetrajlı sənədli film üçün nə az, nə çox 300 saatlıq material çəkib. On ildən sonra çəkdiyi yeni filmsə "Müharibə zonasında skeyt sürməyi öyrənmək" (Learning to Skateboard in a War Zone (if You’re a Girl)) adlanır. Film ötən il IDA, bu ilsə "Bafta" və "Oskar" mükafatına layiq görülüb.

Diz zədəsindən daha böyük risklər

BƏƏ-nin "The National" nəşri yazır ki, Dysinger Kabildə yaradılmış "Skeytistan" adlı qız məktəbi haqda filmi çəkməyə bir il vaxt sərf edib. Məktəb ilk dəfə avstraliyalı skeyt həvəskarı Oliver Percovich tərəfindən yaradılsa da, hazırda onu əfqanlar idarə edir. "Skeytistan" qız uşaqlarının erkən yaşda ərə verildiyi ölkədə qızlara özünəməxsus ifadə azadlığı verir. Dysinger filmi "Skeytistan"ı reklam etmək üçün çəkmədiyini, sadəcə olaraq, ideyanı çox bəyəndiyini deyir.

"Valideynlərin "Skeytistan"da dərs almağa icazə verdiyi uşaqlar diz zədəsindən daha böyük risklərlə üz-üzədirlər. Kabil küçələrində adam oğurluğu nadir hadisə deyil. Üstəlik, qızlar tez-tez təhqirlərə məruz qalırlar. Qızların qrup halında getdikləri məhəllə məktəbləri var. Ancaq "Skeytistan" bir az uzaqdadır", – Dysinger deyir. Uşaqları buraya həftədə üç dəfə avtobus gətirib aparır.

Burada 300-dək qız uşağı sinifdə və skeytbord üzərində cəsarətli olmağı öyrənir. "Skeytistan"ın təhsil missiyası eyni zamanda Nyu-York Universitetinin Tiş humanitar elmlər məktəbinin professoru olan Dysinger-in diqqətini dərhal cəlb edib.

Filmin operatoru "Menace II Society" filmini çəkən Lisa Rinzler-dir. Ümumiyyətlə, bu filmin çəkiliş komandası qadınlardan ibarətdir. "Bunu etməyin başqa yolu yox idi. Əgər otaqda bir nəfər kişi olsaydı, hər şey dəyişərdi. Onları dilə tutmaq üçün çoxlu götür-qoy etmək lazım gəldi. Bilirdim ki, yaşlı olduğum üçün mənimlə rahat danışa bilməyəcəklər. Mən bir növ ulu nənəyəm. Ona görə də hörmətimi saxlayacaqdılar. Mənsə bunu heç istəmirdim", – 64-yaşlı Dysinger deyir.

Buna görə də son nəticədə müsahibələri 3 yaşında Əfqanıstanı tərk etmiş, Almaniyada böyümüş Zamarin Wahdat götürüb.

Bir güllənin iziylə

Dysinger-in 1977-ci ildə, Nyu-York Universitetində oxuyarkən çəkdiyi "Sixteen Down" adlı qısametrajlı filmi "Oskar" mükafatlarını təqdim edən Amerika Kino Akademiyasının Tələbə Mükafatına layiq görülüb. Mükafatı təqdim edən rejissor Frank Capra Dysinger-in yanağından öpüb və belə deyib: "İlahi, kaş bu filmi mən çəkmiş olaydım". Rejissor "həyatın o biri ucu"nda da mükafat almasına çox sevindiyini deyir.

Dysinger uzun illər ərzində Hollivudda ssenarist kimi çalışıb, sənədli və bədii filmlərin redaktoru olub. Belə filmlərdən biri 2001-ci ildə Martis Scorsese-nin prodüserliyi ilə çəkilmiş "Yağış" (Rain) filmidir.

Dysinger hazırda "Bir gülləlik Əfqanıstan" (One Bullet Afghanistan) adlı yeni filmin üzərində işləyir.

"Film 2008-ci ildə atışmada övladını itirən ailə haqqındadır. Ana ilə mən eyni yaşdayıq. Çox gözəl insandır və hər ikimizin bir-birimizə qarşı qəribə …marağı var. [Filmdə] mən onların sonbeşiyini öldürən o bir güllənin, onun bu ailəyə etdiklərinin izi ilə gedirəm, ancaq hər şey qadın dostluğu prizmasından baş verir", – o deyir.

"Skeytistan" haqda filmin "Oskar" və BAFTA mükafatlarına layiq görülməsinin bu yeni filmə marağı daha da artıracağı gözlənilir.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG