Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 08:54

Koreya filmi necə Oskar aldı


Rejissor Bong Joon Ho
Rejissor Bong Joon Ho

Ötən ay Cənubi Koreya istehsalı olan "Parazit" (Parasite) filmi Oskar mükafatına layiq görülüb. Çoxlarına görə film bu uğurunu kapitalizmə satirik yanaşması və rejissor Bong Joon Ho-nun janrı dəyişmə məharətinə borcludur.

Ancaq nikkei.com saytı yazır ki, bu uğurlu komik trillerin arxasında Cənubi Koreyanın əyləncə sənayesinin "beyni" sayılan qadın və uzun illər davam edən senzuradan sonra qısa zamanda uzun yol gəlmiş rejissorlar dayanır.

61-yaşlı Miky Lee Oskar mükafatının təqdimatından sonra çıxışında belə deyib: "Mən bizim filmlərimizi dəstəkləyən, heç vaxt bizə səmimi rəylərini bildirməkdən çəkinməyən Koreya kino auditoriyasına, kinoya gedənlərə çox təşəkkür etmək istəyirəm".

300 milyon dollarlıq yatırım

Qidadan tutmuş, kinoya qədər bir çox sahələri əhatələyən "CJ Group" ailə konqlomeratının varisi olan Lee, eyni zamanda, Cənubi Koreyanın ən dəyərli mədəniyyət səfiri sayılır. O, 1998-ci ildən bəri "CJ Group"un əyləncə və media bölməsi olan CJE&M-ə rəhbərlik edir.

O, bacı və qardaşları ilə birlikdə ölkənin aparıcı qida şirkətinin idarəçiliyinə keçəndən sonra cəmi 20 il ərzində onu Koreya populyar mədəniyyətinin ən böyük ixracatçısına çevirə bilib.

Hollivud filmlərini çox sevən, "Samsung" şirkətinin yaradıcısının nəvəsi olan Lee cansız Koreya kinosunu amerikan kontenti ilə canlandırmaq istəyirdi. 1995-ci ildə o, "CJ Group"u ABŞ-ın "DreamWorks" studiyasına 300 milyon dollar yatırmağa inandıra bilib.

Bunun sayəsində şirkət xarici kontent əldə edə bilib. Ancaq Koreya kinosunun infrastrukturu əvvəlki kimi çox az idi. Buna görə Lee və qardaşı Lee Jay-hyun birlikdə Cənubi Koreyanın ilk multipleks kinoteatrlar şəbəkəsini yaratdılar. Hazırda bu şəbəkə dünyanın 455 yerində fəaliyyət göstərir.

Bundan sonra Lee yerli kinematoqrafçıları həvəsləndirməyə başlayıb. Onun əsasını 2000-ci ildə qoyduğu "CJ Entertainment" şirkəti tezliklə ölkənin ən böyük kino prodakşn şirkətinə çevrildi. "CJ" əvvəlcə rejissor Park Chan-wook-un ilk blokbasteri olan "Birləşmiş təhlükəsizlik ərazisi" (Joint Security Area) filmini dəstəkləyib və beləliklə hazırda bütün dünyada böyük maraq doğuran Koreya kinosunun yeni dalğasına təkan verib. "CJ" Bong-un dörd filmini də maliyyələşdirib. "Onlardan biri-"Parazit" Oskar cekpotunu udub", – sayt yazır.

Lee Koreya kinosunu tanıdan yeganə adam deyildi. Ancaq yerli kino sənayesini inkişaf etdirməyə çalışan hökumətin cəhdləri, əsasən, effekt vermirdi. Çünki hökumət söz azadlığına ciddi məhdudiyyət qoyur, ekran kvotaları tətbiq etməyə çalışırdı.

Yalnız 1996-cı ildə Konstitusiya Məhkəməsinin qərarı ilə kino senzurasının qeyri-konstitusion olduğu elan edildi. Sayt yazır ki, bu azadlıq verilməsəydi, Koreya kinematoqrafı çiçəklənməzdi.

Senzuranın təsiri

Təqaüddə olan koreyalı kinorejissor Kim Soo-Yong sayta müsahibəsində deyib ki, ölkədə tətbiq olunan kino senzurası Koreya kinosunun inkişafını 30-50 il ləngidib. Hazırda Çinin çətin dövr yaşayan kino sənayesinə baxanda dövlət senzurasının mənfi təsirini çox yaxşı görmək olur. Bu ölkədə Kommunist Partiyası sərt senzura tətbiq etdiyindən rejissorlar çox zaman ssenarini "təhlükəsiz" hala gətirməli, yaxud da nəzarətdən keçmək üçün heyvan hekayələri uydurmalı olurlar.

Koreyanın ilk dəfə 1966-cı ildə qəbul olunmuş, sonradan dəfələrlə dəyişdirilmiş kino qanunu Koreya filmlərinin kino ekranlarında nə qədər qalacağını tənzimləyən kvota sistemi nəzərdə tutur. Bu, yerli film istehsalının artırılması və idxal olunan filmlərə məhdudiyyət qoyulması üçün edilirdi. Ancaq kvotaya hesablanmış yerli filmlər bazarı doldurub və Koreya kinosunu inkişafdan qoyub. Bəzi distribütorlarsa idxal olunan filmlərin daha gəlirli olduğunu görüb kvotaya, ümumiyyətlə, məhəl qoymayıblar.

1998-ci ilin maliyyə böhranı zamanı prezident Kim Dae-Jung administrasiyası Koreya kinosunu ayrıca, rəqabətli biznes məhsuluna çevirmək üçün yerli kinematoqrafa yatırım etmək qərarına gəlir. Mədəniyyət sahəsinə ayrılan büdcə birdən-birə yüz dəfədən çox artırılır.

Dövlət senzurasının olmadığı azad bazar, habelə konqlomeratlarla hökumətin birgə səyləri nəticəsində Koreya kinosu intibah dövrünü yaşamağa başlayıb.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG