Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 06:26

Əflatun Amaşov: ‘Bəlkə də Elina Hacıyevanın intiharı adi xəbər səviyyəsindən yuxarı qalxmamalı idi’


Əflatun Amaşov
Əflatun Amaşov

Bugünlərdə məktəbli Elina Hacıyevanın intiharından sonra bu sayaq xəbərlərin KİV-lərdə işıqlandırılması yenidən müzakirə mövzusuna çevrilib və yenidən “qırmızı xətt hardadır” sualı gündəmə gəlib. AzadlıqRadiosu-nun bu mövzuda suallarını Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov cavablandırır.

Əflatun bəy, intihar xəbərləri mətbuatda necə işıqlandırılmalıdır? Bəzən KİV-lər bilərəkdən ya bilməyərəkdən intiharın təbliğində iştirak edirmiş kimi görünürlər.

Avropa ölkələrində, xüsusən də Skandinaviya ölkələrində intiharlar başqa ölkələrə nisbətən daha çoxdur. Orda intihar xəbərlərinin necə verilməsi ilə bağlı istər peşə davranış qaydalarında, istərsə də digər sənədlərdə müəyyən hədd gözlənir. Jurnalistlər arasında bu məsələyə fərqli yanaşmalar var. Bəzi jurnalistlər düşünür ki, cəmiyyətdə nə baş verirsə ictimaiyyətə çatdırılmalıdır, fərq qoyulmamalıdır. Amma bəziləri düşünür ki, intiharlarla bağlı, nəinki intiharlarla, azyaşlı uşaqlarla bağlı problemlər, məsələn, onlar cinayətdə ittiham olunursa, valideynlərin icazəsi olmadan adları və ya fotoları verilməməlidir, bu, xoşagəlməz hallara səbəb ola bilər. Məsələn, Elina Hacıyevanın intiharından danışa bilərik. Baxır hadisə hansı aspektdən işıqlandırılır. Onu da deyim ki, bizim parlament azyaşlı uşaqlara ziyanlı informasiyaların verilməməsi ilə bağlı qanun qəbul edib. Əksər ölkələrdə bu cür qanunlar var. Biz övladlarımıza informasiya verilməsində müəyyən məhdudiyyət yaratmalıyıq. Məlum olur ki, bəzi xəbərlər yuxarı sinifdə oxuyan sosial şəbəkə istifadəçilərinin də qarşısına çıxır. Ona görə də bu cür məsələlərdə müəyyən ölçülər gözlənilməlidir. Əsasən də belə informasiyaların təsirinə düşüb onu təkrarlayacaq insanları düşünmək lazımdır, müəyyən maneələr yaradılmalıdır. Bu, qanunvericilikdə müəyyənləşdirilsə də, təəssüf ki, həmin meyarlar pozulur, informasiya azyaşlı uşaqların arasında da yayılır.

Mətbuat Şurasının sədri kimi necə düşünürsünüz, Elina Hacıyevanın intiharı ictimailəşdirilməli, KİV-lərdə geniş şəkildə verilməliydimi?

Bu hadisə baş verib və mütləq ölkə ictimaiyyətinə çatdırılmalı idi. Sadəcə, xəbər kimi çatdırılmalı idi. Ancaq onun intihar anı ilə bağlı görüntüləri yayarkən əminikmi ki, azyaşlılar bunu görməyəcəklər? Ola bilər, həmin yaşda uşaqların psixologiyasında müəyyən tamlıq yoxdur, ola bilər, həmin məqamda hansısa çıxış yolu axtarır. Həmin anda yeniyetmə qızın özünü atdığını görəndə təsir altına düşə, bunu çıxış yolu kimi seçə bilər. Bax, bu problemdir. Əlbəttə, xəbər verilməlidir. Məktəbdə şagirdin özünü atması ciddi olaydır, hamı üçün ağrılı məsələdir, hamının övladı məktəbə gedir. Ancaq intihar görüntülərinin yayılması doğru deyil. Sanki o xəbərlər təbliğ xarakteri daşıyırdı. Əksər media qurumları bunu dönə-dönə işıqlandırırdı, müəyyən qiymətləndirmə gedirdi. Artıq cəmiyyətdə ana xəbərə çevrilmişdi, amma bəlkə də adi xəbər səviyyəsindən yuxarı qalxmamalı idi.

Görüntülər verilməməlidir, bu aydındır, amma orda yaranan suallar səsləndirilməməlidir, onlara cavab axtarılmamalıdır?

Mən tərəfdarıyam ki, hadisə baş veribsə danışılmalıdır. ABŞ-da 11 sentyabr hadisələri zamanı çoxsaylı insan həlak oldu, yaralandı. Hadisə haqda məlumat verildi. Ancaq fikir verdinizsə, o vaxt CNN, BBC telekanalları və ya başqa aparıcı qəzetlər həmin hadisələrə qayıtsalar da, kritik məqamları göstərmədilər, yaralılar, ölülər, qanlı səhnələr göstərilmədi. Bu səhnələr insanlarda müxtəlif reaksiya yaradır. İnsanları qorumaq məqsədilə belə addım atıldı.

Mərhum Elina Hacıyevanın oxuduğu məktəbin önündə anım mərasimi keçirilib
Gözlə

No media source currently available

0:00 0:05:02 0:00

İki il öncə AzadlıqRadiosu-nun saytının ölkə içində bloklanmasına səbəb kimi APA informasiya agentliyinə istinadla intihar xəbərinin verilməsi göstərilmişdi. Sizin dediyiniz kimi, sadəcə xəbər verilmişdi. Sizcə, bu cür hadisənin KİV-də işıqlandırılması, tutalım, filan bölgədə filankəsin özünü asması onun təbliğidirmi?

Baxır jurnalistin mövqeyinə. Vaxtilə Azərbaycanın şimal bölgəsindən, eləcə də başqa bölgələrdən gələn xəbərlər arasında intihar xəbərləri çox yer tuturdu. Hadisə varsa xəbər vermək olar, ancaq hər intiharla bağlı xəbər verilsə nə radioda, nə televiziyada, nə də xəbər portallarında digər xəbərlərə yer qalar. Elina Hacıyeva ilə bağlı xəbərin çatdırılması düzgün idi, hadisə məktəbdə baş vermişdi, ictimai maraq var idi. Məktəb ictimai yerdir, hadisənin məktəblə bağlılığı var. Bu hadisənin kökünü axtarmaq, məktəb, valideyn, şagird, müəllim məsələlərində problemlər varsa onları aradan qaldırmaq lazımdır. Bu baxımdan xəbərin yayılması vacibdir. Ancaq bu xəbəri səhərdən axşama kimi xəbər portallarında yaymaq, baş xəbərə çevirmək, istər-istəməz, insan psixikasına təsir göstərir. Məktəb yaşında olan uşaqlara pis təsir göstərir. Lap elə intihar olmasın, qətllərlə bağlı xəbərlərin də təsiri var. Belə xəbərlər nə qədər çoxdursa, o qədər də mənfi təsir doğurur.

Bəs Mətbuat Şurası bu yöndə hansısa ölçü götürürmü?

Həmin vaxt Mətbuat Şurası ölkə jurnalistlərinə müraciət ünvanladı ki, bu hadisənin verilməsində ehtiyatlı olun, bu sayaq görüntülərin yayılması məqbul deyil. Həmin görüntüləri yaymaq və ya yaymamaq redaktorlardan asılıdır. Biz tövsiyə verdik ki, ehtiyatlı olun. Peşə davranış qaydalarında da göstərilir ki, o görüntülərin verilməsi düzgün deyil. Biz KİV rəhbərləri ilə müzakirə də apardıq.

Milli Məclisin İnsan hüquqları komitəsinin üzvüsünüz. Səhiyyə Nazirliyi də devalvasiyadan sonra intiharların artdığını bildirir. Sizcə, intiharların qarşısını almaq üçün hansı addım atılmalıdır?

Bəzən Skandinaviya ölkələrində insanların körpülərdən yalqız keçməsinə icazə verilmir. İnsanlar ya hər mənada təmin olunurlar, yaşamağa maraqları qalmır, ya da problemləri həll edə bilmirlər deyə intiharı seçirlər. Əsasən də məktəbyaşlı uşaqlar təklənirlər, təhqirə məruz qalırlar, açıq danışım, şəxsi münasibətləri alınmayanda da çıxışı intiharda görürlər. Bu, əvvəl də olub, sovet vaxtı, sadəcə, o vaxt mediaya çıxmırdı. İndi isə mətbuata çıxır deyə çoxalmış kimi görünür. Mətbuat Şurasının da tövsiyəsi var ki, bu sayaq xəbərləri mətbuat səhifəsinə çıxarmayaq.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG