Keçid linkləri

Təcili xəbərlər
2020, 21 Oktyabr, çərşənbə, Bakı vaxtı 05:45

Müsavatçıya qarşı şikayət geri götürüldü


Ə.Sadıqlı

Müsavat Partiyası Gənclər Təşkilatının həbsdə olan sədri Əbülfəz Sadıqlının işində yenilik var. Onun işi üzrə zərərçəkən qismində tanınan «Nikoilbank» şikayətindən və 11 min manatlıq mülki iddiasından imtina edib. Fevralın 21-də Qaradağ Rayon Məhkəməsində bankın nümayəndəsi bu barədə ərizə təqdim edib.

Nümayəndə bildirib ki, təqsirləndirilən şəxslərdən Kamran Abbasov mülki iddiada tələb olunan 11 min manatı tam ödəyib.

Cinayət işinin materiallarında iddia olunur ki, Ə.Sadıqlı avtomobil kreditinə görə «Nikoilbank»a qalmış 5100 manat əsas borcunun ödənildiyi barədə saxta arayışı Dövlət Yol Polisinə təqdim edərək, avtomobili öz mülkiyyətinə keçirib və daha sonra satıb. Ona görə də Ə.Sadıqlıya qarşı dələduzluq və saxta sənəd hazırlama, istifadə etmə ittihamları irəli sürülüb.

Ə.Sadıqlı ilə yanaşı, onun bu son olaylara qədər yol polisi işləyən əmisi oğlu Asif Sadıqov və bankın əməkdaşı Kamran Abbasov da bu cinayət işi üzrə təqsirləndirilən şəxsdir. Onların barəsində polisin nəzarətinə vermə qətimkan tədbiri seçilib.

İş materiallarında iddia edilir ki, Ə.Sadıqlı pulu ödəmədiyi halda, bankın əməkdaşı K.Abbasov ona borcun qapanması haqda arayış verib.

Ə.Sadıqlı isə bildirir ki, ittihamda yazılanlar yalandır, o, K.Abbasova 5100 manatı ödəyib, ona görə sənəd verilib: «Əgər Kamran Abbasov həmin vəsaiti bankın kassasına köçürməyibsə, bu, mənim günahım deyil».

K.Abbasov isə iddia edir ki, Ə.Sadıqlı ona pul verməyib. Amma Əbülfəzin əmisi oğlu ilə dostluq münasibətlərinə görə pulu almadan ona borcun ödənilməsi barədə arayış verib. Arayış da bankın blankında, bankın möhürü vurulmaqla verilib.

Ə.Sadıqlı məhkəmədə bildirib ki, onun həbsindən sonra K.Abbasov gətirib həmin 5100 manatı ailəsinə qaytarıb: «Almadığı pulu niyə qaytarmalıdır axı?».

K.Abbasov təsdiqləyib ki, onun həbsindən sonra aparıb ailəsinə pul verib. Amma həmin pulu yardım məqsədilə verdiyini bildirir.

Məhkəmə fevralın 27-də davam edəcək.

Ə.Sadıqlı noyabrda həbs olunub. Ona qarşı CM-in 178 (dələduzluq) və 320-ci (sənədləri saxtalaşdırma və ya saxta sənədlərdən istifadə etmə) maddələri ilə ittiham irəli sürülüb. Bu maddələrdə 5 ilə qədər həbs nəzərdə tutulub.

Multimedia

XS
SM
MD
LG