Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 01:37

Ali Məhkəmə Ə.Bünyadovu buraxmadı


Ə.Bünyadov
Ə.Bünyadov

Ali Məhkəmə də 2015-ci il noyabrın 26-da Nardarandakı polis əməliyyatında güllələnib hərəkət qabiliyyətini itirmiş Əbülfəz Bünyadovu həbsdən buraxmaqdan imtina etdi. İyunun 12-də Ali Məhkəmədə Əli Seyfəliyevin sədrlik etdiyi hakimlər kollegiyası onun, eləcə də Nardaran hadisələrinə görə axtarışa verilib, 2 il sonra həbs olunmuş Elxan İsgəndərovun şikayətinə baxıb və təmin etməyib. Ə.Bünyadovun 15, E.İsgəndərovun isə 14 il azadlıqdan məhrum edilməsi barədə hökm və qərarlar qüvvədə saxlanılıb.

Nardaranda 2-si polis olmaqla, 6 nəfərin öldürüldüyü, «Müsəlman Birliyi» Hərəkatının sədri, ilahiyyatçı Taleh Bağırov və başqalarının tutulduğu əməliyyat Ə.Bünyadovun evində keçirilib. Onun özü də həmin əməliyyatda onurğasından iki güllə yarası almaqla, hərəkət qabiliyyətini tam itirib.

«Bədəninin 80 faizi işləmir»

Ali Məhkəmədə vəkillər çıxışlarında hər iki şəxsin günahsız, ittihamların isə əsassız olduğunu bildirməklə yanaşı, Ə.Bünyadovun durumuna diqqət çəkiblər. Bildiriblər ki, onun vəziyyəti kritikdir.

«Bu adamın bədəninin 80 faizi işləmir. Mən hər dəfə Penitensiar Xidmətin Müalicə Müəssisəsinə gedib onunla görüşəndən sonra azı bir həftə özümə gələ bilmirəm. Xahiş edirəm, qərar verəndə bu nüansı yaddan çıxarmayasız», – vəkil Bəhruz Bayramov belə deyib.

Vəkilin sözlərinə görə, E.İsgəndərov «Müsəlman Birliyi» Hərəkatının sədr müavini Elçin Qasımovun saxlanmasına etiraz olaraq 2015-ci il noyabrın 5-də Sabunçu Rayon Polis İdarəsinin qarşısındakı aksiyada iştiraka görə iki dəfə cəzalandırılıb. Öncə ona 15 sutka inzibati həbs cəzası verilib, sonra isə eyni əmələ görə barəsində cinayət işi başlanıb: «Qanunvericilik isə bir əmələ görə təkrar cəzalandırmanı qadağan edir».

B.Bayramov deyir ki, ekspertiza Nardaran əməliyyatında polislərin qumbara qəlpəsindən ölməsi barədə rəy verib. Amma hadisə yerində qumbara atıldığını təsdiqləyən heç bir sübut yoxdur.

Digər vəkil Fəxrəddin Mehdiyev də hər iki şəxsə bəraət istəməklə yanaşı, Ə.Bünyadovun durumundan danışıb: «Cəza insanlar üçün işgəncə olmamalıdır, məhrumiyyət gətirməməlidir. Belə vəziyyətdə olan adamın həbsdə saxlanması humanizm prinsiplərinə də ziddir».

Prokuror Müstəcab Əliyevin çıxışı isə bir cümləlik olub: «Kassasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməsin».

Təxminən beşdəqiqəlik müşavirədən sonra hakimlər də şikayətin təmin olunmadığını elan ediblər.

Vəkillər AzadlıqRadiosuna bildirib ki, Ali Məhkəmənin qərarını alandan sonra Avropa Məhkəməsinə şikayət edəcəklər.

Xatırlatma

Ə.Bünyadov Nardaran əməliyyatında yaralanaraq iflic olmasına baxmayaraq, həmin gün tutulub və 1 il 1 ay həbsdə saxlanılıb, 2016-cı ilin sonunda polis nəzarətinə vermə-qətimkan tədbiri ilə həbsdən buraxılıb.

2018-ci il iyulun 11-də 15 illik həbsi haqqında hökm oxunarkən məhkəmə zalında həbs edilib. Hökmə əsasən, o, 15 illik cəzanın ilk 3 ilini Qobustanda həbsxana rejimində çəkməlidir.

«Müsəlman Birliyi» Hərəkatının sədri Taleh Bağırov, onun müavini Elçin Qasımov da daxil, təşkilatın xeyli üzvü həbs olunub. Onlar dövlət çevrilişi, terror cəhdi, qanunsuz silah saxlama və başqa maddələrlə 10 ildən 20 ilədək azadlıqdan məhrum ediliblər.

T.Bağırov və onunla birlikdə mühakimə olunmuş digər şəxslər kimi, Ə.Bünyadov da saxlanılarkən və ondan sonra DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində işgəncələrə məruz qaldığını söyləyib. Sözügedən idarənin əməkdaşları isə məhkəmədə ifadə verərkən işgəncə iddialarını təkzib ediblər.

Nardaran məhbuslarının bir hissəsi prezident İlham Əliyevin martın 16-da imzaladığı əfv sərəncamı ilə azadlığa buraxılıb.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG