Keçid linkləri

Təcili xəbərlər
2021, 18 Yanvar, Bazar ertəsi, Bakı vaxtı 11:05

Ə.Nuriyev: 'Mehman daha yaxşı davranışlar sərgiləyə bilər'


M.Hüseynov

Əksər hüquq müdafiəçiləri bloqqer Mehman Hüseynova yeni ittiham irəli sürülməsini qurama sayır və siyasi hakimiyyətin sadəcə, köhnə təcrübədən yararlandığını düşünürlər.

«Bu, qurama işdir. Belə faktlar bizdə olub. Eynulla Fətullayevə, Əli İnsanova və bir çoxlarına qarşı. Mehmana ittiham irəli sürülməsi də həmin siyasətin davamıdır. Bu, düzgün siyasət deyil», – hüquq müdafiəçisi Arzu Abdullayeva söyləyir.

«Hər dəfə gözləyirik vəziyyət dəyişəcək. Yeni il öncəsi insanları sevindirəcəklər. Ancaq bunun əksini görürük. Çox heyf. Yeni il qabağı insanları sevindirməkdənsə, insanlarda hansısa müsbət dəyişikliklərə ümid yaratmaqdansa, başqa addım atılır. Həm Azərbaycanın adına xələl gətirilir, həm öz adlarına, həm də cəmiyyətdə məyusluq yaradırlar», – o deyir.

Ə.Zeynalı
Ə.Zeynalı

«Demək istəyirlər ki, sizi həbs edərik, həbs müddətiniz bitsə də, buraxmarıq»

«Xural» qəzetin redaktoru Əvəz Zeynalı M.Hüseynova qarşı yeni ittihamın irəli sürülməsi xəbərinin onu sarsıtdığını bildirir. O, bloqqerə böhtan atıldığını düşünür.

«Mehmanın həbsdən çıxmaq vaxtı yaxınlaşırdı. Onu hamımız tanıyırıq, davaya, konfliktə meylli, polisi vuran, xəstəxanalıq edən adam deyil. Aydındır ki, bu yolla Mehmanın həbsdən çıxmasının qarşısını almaq məqsədi güdülür», - deyən Ə.Zeynallı əlavə edir: «Bu maddə ağırdır və keçmiş səhiyyə naziri Əli İnsanova qoyulan maddədir. Buna görə xeyli həbs cəzası düşür. Bu proses Əli İnsanovdan başladı. Elə cəbhəçi Məmməd İbrahimin azadlığa çıxmasına bir həftə qalmış ona da cinayət işi açıldı. İndi də Mehman. Bu, Azərbaycan hakimiyyətinin siyasi məhbuslara qarşı yürütdüyü siyasətdir, yeni bir xətdir. Demək istəyirlər ki, sizi həbs edərik, həbs müddətiniz bitsə də, buraxmarıq».

Ə.Zeynallı M.Hüseynovun həbsini onun siyasi mühacirətdə olan qardaşı Emin Hüseynovun siyasi fəaliyyəti ilə bağlı olduğunu iddia edir: «O, Avropada hakimiyyətin əleyhinə, siyasi məhbuslarla bağlı ciddi işlər aparır. Onun son bəyanatları da çox sərt idi. Prezidenti ad günündə öz ritorikasına uyğun təbrik etmişdi. Bunun da təsiri var. Amma ümumən bu qərar siyasi məhbuslara qarşı yeni dalğanın xəbərçisidir».

Ə.Nuriyev
Ə.Nuriyev

«İstintaq fərqli qərar verə bilər»

Məhbuslarla bağlı İşçi Qrupun üzvü Əliməmməd Nuriyev bu fikirlərə və ümumiyyətlə, baş verənlərə qiymət verməyə tələsmir. Onun qənaətincə, araşdırmanın nəticələrini gözləmək lazımdır və hətta istintaqın sonucda fərqli qərar verə biləcəyini də istisna etmir.

«O ki qaldı kimin kimə xəsarət yetirməsinə və buna imkanların olub-olmamasına, nəzəri baxımdan hər şey mümkündür. Amma güman edirəm, Mehman hər halda artıq başa düşür ki, onun cəzasını çəkib qurtarmasına elə uzun müddət qalmayıb. Daha yaxşı davranışlar sərgiləyə bilər. Amma indi... Yenə deyirəm, real olaraq nə baş verdiyini bilmirəm, Penitensiar Xidmətin məlumatını, istintaqın nəticəsini gözləyirik. Bundan sonra danışa bilərik. Amma indiki halda fikir söyləmək prosesə ziyan vura bilər», – Ə.Nuriyev bildirir.

Məhbus ailələri narahatdır: «Eyni aqibət...»

Bu arada beynəlxalq qurumların siyasi məhbus kimi təqdim etdiyi bəzi məhbus ailələri də narahatdır. Onlar da oxşar durumla üzləşəcəklərini güman edirlər. Məsələn, həbsdəki jurnalist və AXCP sədrinin müavini Seymur Həzinin həyat yoldaşı Nigar Həzi eyni aqibətin onları da gözlədiyini düşünür.

N.Həzi
N.Həzi

«O da siyasi məhbusdur. Beşinci ildir həbsdədir və bu sonuncu ildir. Bir neçə aya azadlığa çıxmalıdır. Amma Seymurla bağlı da analoji addım atıla bilər. Bunu vaxtı çatanda biləcəyik. Düşünürəm ki, Mehman sonuncu olmayacaq. Hətta AXCP sədrinin müavini Gözəl Bayramlı ilə bağlı da eyni şeyi gözləyirəm», – siyasi fəal N.Həzi söyləyir.

S.Həzi xuliqanlıq, G.Bayramlı isə qaçaqmalçılıq ittihamları ilə həbsə atılıblar. Yerli və beynəlxalq qurumlar onları siyasi məhbus sayır.

AzadlıqRadiosu rəsmilərdən deyilənlərə münasibət almağa çalışsa da, mümkün olmayıb.

Azərbaycan rəsmiləri ölkədə insanların tənqidi mövqe və siyasi baxışlarına görə şərlənməsi ilə bağlı deyilənləri qəbul etmirlər.

Xatırlatma

Bloqqer M.Hüseynovla bağlı rəsmi məlumatda deyilir ki, o, dekabrın 26-da 14 Saylı Cəzaçəkmə Müəssisəsində ümumi axtarış-baxış tədbirləri zamanı rejim-nəzarət şöbəsinin böyük inspektoru, ədliyyə leytenantı Əli Abdalovun qanuni tələblərinə tabe olmayıb, ona bədən xəsarəti yetirib.

Ona qarşı Cinayət Məcəlləsinin 315.2-ci (hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etməklə müqavimət göstərmə) maddəsi ilə cinayət işi başlanılıb.

Bu maddə üzrə ittiham edilən şəxsə 3 ildən 7 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

M.Hüseynov 2017-ci il martın 3-də Suraxanı Rayon Məhkəməsinin hökmü ilə 2 il azadlıqdan məhrum edilib. O, polisə böhtan atmaqda təqsirli bilinib. Bloqqer həbsindən öncə saxlanarkən polisdə işgəncəyə məruz qaldığını açıqlamışdı.

M.Hüseynov çəkdiyi videolarda hökumətin fəaliyyətini tənqid edib, yüksəkvəzifəli şəxslərin, deputatların olduğu deyilən bəzi mülklər barədə süjetlər hazırlayaraq sosial şəbəkələrdə yayıb. O, həbsinin fəaliyyəti ilə bağlı olduğunu bildirib.

XS
SM
MD
LG