Dilgəm Əsgərov və Şahbaz Quliyevi Ermənistana aparıblar
Dağlıq Qarabağ münaqişəsi nəticəsində saxlanan bəzi şəxslərin Ermənistana köçürülməsi ilə bağlı Beynəlxalq Qırmızı Xaç Komitəsinin Bakı ofisinə məlumat verilib.
Bu barədə "Turan" agentliyinə Qırmızı Xaç Komitəsinin Bakı ofisinin ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri İlahə Hüseynova deyib.
İ.Hüseynovanın sözlərinə görə, Ermənistana köçürülmüş şəxslərin arasında Dilgəm Əsgərov və Şahbaz Quliyev də var.
D.Əsgərov ilə Ş.Quliyev 2014-cü ildə Azərbaycanın işğal altında olan Kəlbəcər rayonu ərazisində saxlanıblar. Müdafiə tərəfi onların Kəlbəcərə yaxınlarının məzarlarını yad etmək üçün getdiklərini bildirir. Tanınmayan "Dağlıq Qarabağ Respublikası"nda isə onlar qətl və digər ağır cinayətlər törətməkdə ittiham ediliblər.
Xankəndində məhkəmə D.Əsgərovu ömürlük, Ş.Quliyevi isə 22 il azadlıqdan məhrum edib. Amma Azərbaycan həmin məhkəməni tanımır, onu separatçı qurumun qanunsuz orqanı sayır. Azərbaycan rəsmiləri hesab edirlər ki, ölkə vətəndaşlarının bu şəkildə mühakiməsi qanunsuzdur.
MN: Tərtər və Ağdamın kəndləri atəşə tutulur
"Noyabrın 5-i saat 14:40-dan başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Tərtər şəhəri, rayonun Səhləabad kəndini, eləcə də Ağdam rayonunun Hacıturallı və Əfətli kəndlərini artilleriya atəşinə tutur".
Bu məlumatı Azərbaycan Müdafiə Nazirliyi (AMN) yayıb.
Açıqlamaya görə, Azərbaycan ordusunun bölmələri də buna qarşı cavab tədbirləri görür.
Görüş gözlənilmir
ATƏT-in Minsk qrupu münaqişə üzrə fəaliyyətini davam etdirir, amma hazırda yüksək səviyyədə birbaşa kontakt nəzərdə tutulmayıb. Bunu Ermənistanın Xarici İşlər naziri Zöhrab Mnatsakanyan noyabrın 5-də Yerevanda mətbuat konfransında deyib.
"Hal-hazırda Ermənistanın Baş naziri Nikol Paşinyanla Azərbaycan Prezidenti İlham Əliyev arasında Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə heç bir görüş planlaşdırılmır", – Mnatsakyan deyib.
Putinin ümidi...
Rusiya Prezidenti Vladimir Putin noyabrın 4-də bildirib ki, ölkəsi "Cənubi Qafqazda münaqişənin mümkün qədər tez başa çatması üçün əlindən gıləni edir".
"Ermənistan və Azərbaycanla əlaqə saxlayırıq. Ümid edirəm, regionda yaşayanlar üçün qəbul edilən nəticələrə nail ola biləcəyik", – Putin dini liderlərlə görüşdə bildirib.