Şuşanın artilleriya ilə vurulduğu deyilir
Dağlıq Qarabağdakı separatçı rejim Azərbaycan qüvvələrinin münaqişə zonasının şərq hissəsində hücum cəhdinin qarşısını aldığını deyir. Separatçılar Azərbaycan tərəfinin Xocavənd və Şuşa şəhərlərində mülki hədəfləri artilleriya atəşinə tutduğunu, amma itki olmadığını bildirir.
Azərbaycan isə yalnız hərbi hədəflərə atəş açdığını bildirir. Elə Müdafiə Nazirliyinin noyabrın 5-də yaydığı məlumatda da Xocavənd və Şuşanın Azərbaycan Ordusu tərəfindən yenidən atəşə tutulması ilə bağlı xəbərin həqiqətə uyğun olmadığı deyilir.
Azərbaycan prezidenti: "…Məlumatı Rusiya rəsmilərinə təqdim etmişik"
"…Türkiyənin bizə hərbi dəstək göstərdiyini həmişə deməyə davam edənlər nəyə görə vasitəçi, Minsk qrupunun həmsədri olan Rusiyanın Ermənistana hərbi dəstək göstərdiyini demirlər?".
Bu sualı Azərbaycan prezidenti İlham Əliyev noyabrın 4-də İspaniyanın EFE informasiya agentliyinə müsahibəsində səsləndirib. O, "Türkiyənin sizə nəinki siyasi, eyni zamanda, hərbi dəstək də göstərdiyini söyləyənlərə nə deyərdiniz" sualına cavab olaraq sonra da əlavə edib: "Bizim əlimizdə sübutlar var, bu 40 gün ərzində Ermənistanın hansı məbləğdə silahla təchiz edildiyi ilə bağlı məlumatı Rusiya rəsmilərinə təqdim etmişik. Niyə heç kim bu barədə danışmır? Gəlin, bunun haqqında danışaq, gəlin, ədalətli olaq…".
Hazırda Azərbaycanla Ermənistan arasında münaqişəyə səbəb olan Dağlıq Qarabağ probleminin həlli ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr dövlətlərdir.
Bərdədə yaralananlardan biri də ölüb
Azərbaycan Baş Prokurorluğu bildirir ki, sentyabrın 27-si, cəbhədə döyüşlər başlanandan Ermənistan silahlı qüvvələrinin açdığı atəş nəticəsində 405 mülki şəxs yaralanıb. Qurum qeyd edir ki, onlardan 43 nəfər ağır vəziyyətdə reanimasiyada stasionar müalicə olunurdu.
Baş Prokurorluqdan verilən məlumata görə, onlardan biri, oktyabrın 28-də Bərdə şəhərinin raket atəşinə tutulması nəticəsində ağır bədən xəsarətləri alan 1995-ci il təvəllüdlü Niftalı Paşayev noyabrın 5-də xəstəxanada vəfat edib.
Qurum əlavə edir ki, bununla da son 40 gündə həlak olan mülki şəxslərin sayı 92-yə çatıb: "Bundan başqa, 502 mülki obyekt, 100 çoxmənzilli yaşayış binası və 2971 yaşayış evi yararsız vəziyyətə düşüb".
Bərdə şəhərinə oktyabrın 27-də və 28-də raketlər atılıb. Nəticədə üst-üstə ümumilikdə 26 mülki şəxsin həlak olduğu, 80 civarında insanın isə müxtəlif dərəcədə xəsarət aldığı qeyd edilir.