Keçid linkləri

2026, 08 İyun, bazar ertəsi, Bakı vaxtı 23:14
Vladimir Putin
Vladimir Putin

Putin deyib ki, Qarabağın statusu ‘gələcəyə’ qalır

Noyabrın 27-də Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində ağır döyüşlər başlamışdı. Azərbaycan bildirir ki, noyabrın 9-u günün sonuna, döyüşlərin dayandırılmasına qədər 280 civarında kəndi, dörd qəsəbəni (Hadrut, Mincivan, Ağbənd, Bartaz), Şuşa və daha dörd şəhəri (Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı) işğaldan azad edib.

Noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya rəhbərlərinin adından atəşkəs bəyanatı yayılıb. Sənədə görə, Azərbaycan işğaldan azad etdiyi ərazilərdə qalır. Dekabrın 1-dək üstəlik, Kəlbəcər, Ağdam və Laçın rayonlarının Azərbaycana qaytarılması nəzərdə tutulurdu. Laçın dəhlizində və qoşunların təmas xəttində isə Rusiya sülhməramlıları yerləşdirilir.

21:33 4.11.2020

Müdafiə Nazirliyi: 'Diversiya cəhdinin qarşısı alınıb'

Noyabrın 4-də Ermənistan-Azərbaycan dövlət sərhədinin Zəngilan rayonu sahəsində Azərbaycan bölmələrinə qarşı diversiya cəhdinin qarşısının alındığı bildirilir.

Azərbaycan Müdafiə Nazirliyi (AMN) habelə qeyd edir ki, Ermənistan tərəfinin kəşfiyyat-diversiya qrupu geri çəkilməyə məcbur edilib.

18:08 4.11.2020

Prezident 7 kəndin də işğaldan azad edildiyini bildirib

Azərbaycan ordusunun Cəbrayıl, Zəngilan və Qubadlı rayonlarının 7 kəndini də işğaldan azad etdiyi bildirilir.

Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev bu gün, noyabrın 4-də özünün Twitter hesabında yazıb: "Müzəffər Azərbaycan ordusu Cəbrayıl rayonunun Mirək, Kavdar, Zəngilan rayonunun Məşədi İsmayıllı, Şəfibəyli, Qubadlı rayonunun Başarat, Qarakişilər, Qaracallı kəndlərini işğaldan azad etmişdir".

16:28 4.11.2020

"Tərtər atəşə tutulur"

"Tərtər şəhəri və rayonun Şıxarx qəsəbəsi Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən artilleriya atəşinə tutulur".

Bu məlumatı Azərbaycan Müdafiə Nazirliyi ( AMN) noyabrın 4-ü, saat 16:00 radələrində yayıb.

Hələlik, tələfat və dağıntı haqqında məlumat yoxdur.

16:21 4.11.2020

Video yayanlarla bağlı cinayət işi başlandı

Döyüş zonasından video yayanlarla bağlı cinayət işi başlandığı bildirilir.

Bu barədə Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti (DTX) məlumat yayıb.

DTX bildirir ki, dövlət sirrinin mühafizəsi tədbirlərinə zidd olaraq və xəbərdarlıqlara baxmayaraq, döyüş əməliyyatları aparılan ərazilərdə bir sıra şəxslər mobil telefon aparatlarından istifadə etməklə icazəsiz videoçəkilişlər aparıblar.

Bildirildiyinə görə, həmin videogörüntülərdən qarşı tərəf Azərbaycanın qoşun hissələrinin qüvvə və mövqeləri barədə informasiyanın əldə edilməsi, həmçinin, kəşfiyyat-təxribat fəaliyyətinin həyata keçirilməsi məqsədləri üçün istifadə edib: "Aşkar edilmiş faktlar üzrə Dövlət Təhlükəsizliyi Xidmətində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 284-cü (dövlət sirrini yayma) maddəsi ilə cinayət işi başlanılmış, hazırda həmin şəxslərin cinayət əməlləri ilə bağlı istintaq aparılır".

Amma rəsmi məlumatda bu işlə bağlı istintaqa cəlb edilən şəxs və ya şəxslərin adları açıqlanmayıb.

Davamı

XS
SM
MD
LG