"Ağdamın kəndləri intensiv atəşə tutulur"
Azərbaycan Müdafiə Nazirliyi (AMN) bildirir ki, noyabrın 4-ü saat 10:00-dan başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Ağdam rayonunun kəndlərini intensiv artilleriya atəşinə tutur.
Açıqlamaya görə, Azərbaycan ordusunun bölmələri buna qarşı cavab tədbirləri görür.
Hələlik, təlafat və dağıntı haqqında məlumat verilmir.
"Tərtər və Ağcabədi rayonları atəşə tutulur"
"Noyabrın 4-ü saat 08.05-dən başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Tərtər rayonunun Hüsənli, Qazyan kəndlərini, eləcə də Ağcabədi rayonunun Hacılar, Qaraxanlı və Boyat kəndlərini ara-sıra artilleriya atəşinə tutur".
AMN habelə bildirir ki, onlara qarşı adekvat cavab tədbirləri görülür.
Cəbhədə noyabrın 4-nə olan son vəziyyət
Noyabrın 3-ü gün ərzində, habelə 4-ə keçən gecə Ermənistan silahlı qüvvələrinin cəbhənin müxtəlif istiqamətlərində Azərbaycan ordusunun yerləşdiyi mövqeləri, yaşayış məntəqələrini müxtəlif atıcı silahlar, top və minaatanlardan atəşə tutduğu bildirilir.
Bu barədə Azərbaycan Müdafiə Nazirliyi (AMN) noyabrın 4-ü, səhər saatlarında məlumat yayıb:
"Döyüş əməliyyatları müxtəlif intensivliklə, əsasən, cəbhənin Tərtər, Ağdam, Xocavənd, Zəngilan və Qubadlı istiqamətlərində davam edib", - məlumatda yazılıb.
Açıqlamaya görə, qarşı tərəf cəbhənin bəzi sahələrində geri çəkilməyə məcbur edilib.
Xameneyi: ‘Ermənistan işğal olunmuş torpaqları Azərbaycana qaytarmalıdır’
İranın ali rəhbəri ayətüllah Əli Xameneyi noyabrın 3-də Dağlıq Qarabağdakı münaqişənin dayandırılmasına çağırıb.
O bunu da bəyan edib ki, Azərbaycanın işğal altında olan əraziləri ona qaytarılmalıdır:
“Ermənistan işğal olunmuş torpaqları Azərbaycana qaytarılmalı və ermənilərin yaşadıqları ərazilərdə onların təhlükəsizliyi təmin edilməlidir. Beynəlxalq sərhədlərin pozulmasına yol verilməməlidir və terrorçular bizim sərhədlərimizin yaxınlığına gəlməməlidir”.
Tehran bundan əvvəl Dağlıq Qarabağ münaqişəsinin gedişində onun ərazisinə mərmi düşməsi hallarını pisləmişdi.