9 kəndin də işğaldan azad edildiyi bildirilir
Azərbaycan ordusunun Cəbrayıl, Zəngilan və Qubadlı rayonlarının 9 kəndini də işğaldan azad etdiyi deyilir.
Bu barədə Azərbaycan prezidenti İlham Əliyev özünün Twitter hesabında bildirib.
"Müzəffər Azərbaycan ordusu Cəbrayıl rayonunun Xudaverdili, Qurbantəpə, Şahvələdli, Xubyarlı, Zəngilan rayonunun Aladin, Vejnəli, Qubadlı rayonunun Kavdadıq, Məmər, Mollalı kəndlərini işğaldan azad etmişdir…", - o yazıb.
Hikmət Hacıyev: "AİHM-ə müraciət ediləcək"
"Ermənistan tərəfindən işğal olunmuş ərazilərdə maddi-mədəni irs dağıdılıb".
Bunu bu gün, oktyabrın 30-da keçirilən brifinqdə Azərbaycan prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.
Prezidentin köməkçisi qeyd edib ki, Ermənistan tərəfindən işğal olunmuş ərazilərdəki mineral yataqlar qanunsuz istismar olunub, digər məqsədlər üçün xərclənib: "Qanunsuz iqtisadi əməllər nəticəsində əldə olunan maliyyə vəsaitlərinin digər ölkələrin bank sistemlərinə daşınması da həyata keçirilib...".
H.Hacıyev deyib ki, prezident İlham Əliyev bu yaxınlarda BMT Baş Assambleyasının 75-ci sessiyasında çıxışında işğal olunmuş ərazilərdə qanunsuz məskunlaşmaya toxunub: "Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) və digər instansiyalara müraciət edilərək müvafiq addımlar atılacaq. Cinayət əməllərində iştirakla bağlı Ermənistan rəhbərliyində olan insanlar məsuliyyət daşıyır...".
91 nəfər həlak olub
Azərbaycan Baş Prokurorluğu mülki insanların itkiləri ilə bağlı oktyabrın 30-da növbəti açıqlama yayıb.
Məlumatda bildirilir ki, sentyabrın 27-dən (cəbhədə döyüşlər başlanandan) hazırkı vaxtadək Ermənistan ordusunun yaşayış məntəqələrini atəşə tutması nəticəsində Azərbaycan tərəfdən 91 mülki şəxs həlak olub, 400 nəfər yaralanıb: "Bundan başqa, 428 mülki obyekt, 92 çoxmənzilli yaşayış binası və 2 min 442 yaşayış evi yararsız vəziyyətə düşüb".
Baş Prokurorluğun məlumatında habelə qeyd edilib ki, sentyabrın 27-dən indiyə qədər Ermənistan silahlı qüvvələrinin təcavüzü nəticəsində 7 ailə tamamilə məhv olub.
Həmçinin bildirilib ki, nəticədə 4 uşaq hər iki valideyni itirib.
Açıqlamaya görə, həlak olanlardan 1-i körpə, 10-u uşaq, 27-si qadın, 53-ü kişidir. Həlak olanlardan 15-nin ahıl şəxs olduğu vurğulanıb.