MN: Qubadlı Ermənistandan atəşə tutulur
"Hazırda Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonu tərəfdən Qubadlı rayonunun ərazisini artilleriya atəşinə tutur".
Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən (MN) oktyabrın 30-u saat 12 radələrində bildirilib.
Ceyhun Bayramov Cenevrəyə gedib
Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov Cenevrədə işçi səfərdədir.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən (XİN) bildirilib.
Onun ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşəcəyi, Dağlıq Qarabağ münaqişəsi və cəbhədəki mövcud durumu müzakirə edəcəyi gözlənir.
Əslində, bu görüş oktyabrın 29-na nəzərdə tutulmuşdu. Amma Azərbaycanın istəyi ilə ertələnmişdi.
Cəbhədə oktyabrın 30-na olan son vəziyyət
Ermənistan silahlı qüvvələrinin bölmələrinin oktyabrın 29-u gün ərzində, 30-na keçən gecə cəbhənin müxtəlif istiqamətlərində Azərbaycan ordusunun yerləşdiyi mövqeləri, yaşayış məntəqələrini artilleriya və raketlər də daxil müxtəlif silahlardan atəşə tutduqları bildirilir.
Bu barədə Azərbaycan Müdafiə Nazirliyi oktyabrın 30-u, saat 8:15 radələrində məlumat yayıb: "Döyüş əməliyyatları, əsasən, cəbhənin Ağdərə, Xocavənd və Qubadlı istiqamətlərində davam edib".
Açıqlamaya görə, qarşı tərəfin hücum etmək cəhdlərinin qarşısı alınıb: "Hazırda qoşunlarımız əməliyyat şəraitinə nəzarət edir".
Yaşayış məntəqələrinin atəşə tutulduğu bildirilir
"Oktyabrın 30-u saat 07:35-dən başlayaraq Goranboy, Tərtər, Ağdam və Ağcabədi rayonlarının ərazisi artilleriya atəşinə tutulur".
Azərbaycan Müdafiə Nazirliyinin məlumatında habelə vurğulanıb ki, Azərbaycan ordusu adekvat tədbirlər görür.