İki Su-25 təyyarəsinin vurulduğu bildirilir
Oktyabrın 29-da günorta saatlarında cəbhənin Qubadlı istiqamətində Ermənistan silahlı qüvvələrinin iki Su-25 hücum təyyarəsinin vurulduğu bildirilir.
Bu barədə Azərbaycan Müdafiə Nazirliyi (AMN) məlumat yayıb.
Məlumatda yazılıb ki, Azərbaycan Ordusunun mövqelərinə aviazərbələr endirməyə cəhd göstərən Ermənistan silahlı qüvvələrinin iki Su-25 hücum təyyarəsini Hava Hücumundan Müdafiə bölmələri vurub.
AB-dən Dağlıq Qarabağ bəyanatı
Avropa Birliyi (AB) Dağlıq Qarabağ münaqişəsinin qızışmasını "qəbuledilməz" adlandırıb, yeni sülh danışıqları başlatmağa çağırıb.
"Avropa Birliyi atəşkəs üzrə üç dəfə razılaşma əldə olunmasına baxmayaraq, Dağlıq Qarabağda və ətrafında döyüşün davam etdirilməsini qəbuledilməz sayır", – Avropa Komissiyasının xarici işlər və təhlükəsizlik siyasəti üzrə sözçüsü Peter Stano bəyanatında bildirib.
O, tərəfləri yubanmadan oktyabrın 25-də Vaşinqtonda əldə olunmuş atəşkəs razılaşması üzrə əsaslı danışıqlara qayıtmağa çağırıb.
MN: "Ermənistan qəsdən həmin istiqaməti atəşə tutub"
Oktyabrın 29-da Azərbaycandakı diplomatik korpusun rəhbərləri, səfirlər, hərbi attaşelər və beynəlxalq təşkilatların nümayəndəliklərinin əməkdaşlarının Tərtərə səfəri zamanı orada atəşkəsin növbəti dəfə pozulduğu bildirilir.
Bu barədə Azərbaycan Müdafiə Nazirliyi (AMN) məlumat yayıb.
Məlumatda yazılıb ki, Ermənistan silahlı qüvvələri qəsdən həmin istiqaməti atəşə tutub: "Biz Ermənistanın bu addımını qəti surətdə pisləyir və beynəlxalq ictimaiyyətə qarşı təcavüz aktı kimi dəyərləndiririk", - MN qeyd edib.