Tərtər rayonu artilleriya atəşinə tutulub
Azərbaycan Müdafiə Nazirliyinin (MN) məlumatına görə, oktyabrın 28-də saat 07.30 radələrində Ermənistan silahlı qüvvələri Tərtər rayonunun ərazisini artilleriya atəşinə tutub.
Beynəlxalq təşkilatlar Azərbaycana dəvət edildi
Azərbaycan Human Rights Watch, Amnesty İnternational kimi beynəlxalq təşkilatlara müraciət edib.
Bunu bugün, oktyabrın 27-də prezidentin köməkçisi Hikmət Hacıyev Ermənistan Silahlı Qüvvələrinin Azərbaycanın Bərdə və Tərtər şəhərlərini “Smerç” raketindən atəşə tutması ilə bağlı məlumatı şərh edərkən bildirib.
Prezident köməkçisinin qeyd etməsinə görə, həmin təşkilatlara müraciət edilib ki, onların nümayəndələri gəlsinlər, obyektiv şəkildə Ermənistanın mülki insanlara qarşı ballistik raketlərdən və kasset bombalarından istifadə etmələri hallarını yerindəcə araşdırıb, hesabatlar hazırlayaraq beynəlxalq ictimaiyyətin diqqətinə çatdırsınlar.
‘İndiyə qədər 69 mülki şəxs həyatını itirib, 322-si yaralanıb...’
“Ermənistan və Azərbaycan arasında humanitar atəşkəsin əldə olunmasına baxmayaraq, Azərbaycana hücumlar davam edir”.
Bunu bugün, oktyabrın 27-də brifinqdə Azərbaycan prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.
Hikmət Hacıyev deyib ki, 26 oktyabr saat 08.00-dan - yeni humanitar atəşkəs qüvvəyə minəndən 5 dəqiqə sonra Azərbaycanın yaşayış məntəqələrini Ermənistan silahlı qüvvələri atəşə tutub :
“Bugün (oktyabrın 27-də) saat 16.40 radələrindən Bərdənin “Smerç” raketlərindən atəşə tutulması nəticəsində 1-i uşaq olmaqla, 4 nəfər həyatını itirib, yaralılardan da 4-ü uşaqdır. Bu, kassetli raketdir...”
Prezidentin köməkçisi qeyd edib ki, oktyabrın 27-də Ermənistan Müdafiə naziri Azərbaycana ağır zərbə endiriləcəyini bildirmişdi:
“Ancaq onlar hərbi qüvvələrə zərbə endirməkdə acizdirlər...”
Onun deməsinə görə, indiyə qədər (sentyabrın 27-də döyüşlər başlanandan bəri -red) Azərbaycan tərəfdən 69 mülki şəxs həyatını itirib, 322 mülki şəxs yaralanıb.
Nazirliyin açıqlamasında Bərdədə 13 nəfərin xəsarət aldığı bildirilir
“Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Bərdə rayonuna “Smerç” yaylım atəşli reaktiv sistemdən atılan raket atəşləri nəticəsində 4 nəfər mülki şəxs, o cümlədən azyaşlı uşaq həyatını itirib, aralarında uşaqlar və qadınlar olmaqla 13 nəfər ciddi xəsarət alıb”.
Bu məlumatı oktyabrın 27-də Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti yayıb:
“Bu, son günlər ərzində beynəlxalq vasitəçilərin davamlı səyləri ilə üçüncü dəfə razılaşdırılmış humanitar atəşkəs rejimini kobud şəkildə pozan Ermənistanın beynəlxalq humanitar hüquq öhdəliklərini heçə sayaraq törətdiyi növbəti müharibə cinayətidir”.
Açıqlamaya görə, iki ölkənin xarici işlər nazirlərinin Cenevrədə ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə keçirəcəyi görüşü ərəfəsində (oktyabrın 29-da gözlənilir) bu, Ermənistanın münaqişənin siyasi həllində maraqlı olmadığının və hər vəchlə danışıqlara maneə törətmək məqsədi güddüyünün bariz göstəricisidir:
“Azərbaycanın dinc əhalisinə qarşı insanlıq əleyhinə cinayətin törədilməsinə görə Ermənistanın siyasi-hərbi rəhbərliyi tam məsuliyyət daşıyır...”