'Bərdəyə raket hücumu nəticəsində ölənlərin sayı 4 nəfərə çatıb'
“Ermənistan silahlı qüvvələrinin Bərdəyə raket hücumu nəticəsində ölənlərin sayı 4 nəfərə çatıb”.
Bunu da Azərbaycan prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter” hesabında bildirib.
Baş prokurorluq: 3 ölüm, 7 xəsarət
Baş Prokurorluq da oktyabrın 27-də Bərdə rayonunda 3 nəfərin həlak olması ilə bağlı açıqlama yayıb. Məlumata görə, oktyabrın 27-də günorta saatlarından başlayaraq Ermənistan silahlı qüvvələri Goranboy, Bərdə rayonlarını müxtəlif istiqamətlərdən intensiv raket və ağır artilleriyadan atəşə tutublar.
Məlumatda deyilir:
“... Saat 16 radələrində Bərdə rayonunun Qarayusifli kəndinin müxtəlif istiqamətlərdən ağır artilleriyadan atəşə tutulması nəticəsində dinc sakinlər - Cəfərova Ofeliya Məcid qızı, Əhmədova Aybəniz Əşrəf qızı və 2013-cü il təvəllüdlü İsgəndərova Aysu Rövşən qızı həlak olub, 7 nəfər isə xəsarət alıb”.
Baş prokurorluq buna qədər bildirmişdi ki, sentyabrın 27-dən ( cəbhədə döyüşlər başlayandan) Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrini atəşə tutması nəticəsində 65 mülki şəxs həlak olub, 297-i isə yaralanıb.
Pompeo Əliyev və Paşinyana zəng edib
ABŞ dövlət katibi Mike Pompeo Ermənistanın baş naziri Nikol Paşinyana və Azərbaycan prezidenti İlham Əliyevə zəng edib.
Bu barədə məlumatı Dövlət Departamentinin sözçüsü Morgan Ortagus yayıb.
Onun sözlərinə görə Pompeo Paşinyan və Əliyevlə ayrı-ayrılıqda danışıb.
Məlumatda deyilir ki, ABŞ dövlət katibi iki ölkənin liderlərini döyüş əməliyyatlarının dayandırlması və Dağlıq Qarabağ münaqişəsinin ATƏT-in Minsk qrupu vasitəsilə diplomatik həlli barədə öhdəliklərinə əməl etməyə çağırıb.
Pompeo vurğulayıb ki, bu münaqişənin hərbi yolla çözümü yoxdur.
Dövlət katibi oktyabrın 10-da Moskvada əldə olunmuş atəşkəs razılaşmasının tam şəkildə icrasının mühümlüyünü bir daha qeyd edib.