Bərdəyə raket hücumunda 3 mülki şəxs ölüb
"Ermənistan silahlı qüvvələrinin Bərdəyə xain raket hücumu nəticəsində 3 mülki şəxs ölüb, 10 nəfər yaralanıb".
Bunu Azərbaycan prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Twitter hesabında bildirib.
"Xəsarət alanlar arasında qadınlar və uşaqlar var. Ermənistanın müharibə cinayətləri davam edir. Bu gün (oktyabrın 27-də) Ermənistanın Müdafiə Nazirliyi sərt hücumlar ediləcəyi barədə bəyanat vermişdi. Bununla onlar mülki şəxsləri – uşaqları və qadınları nəzərdə tuturdu", - H.Hacıyev qeyd edib.
Goranboy, Tərtər və Bərdə atəşə tutulur
Azərbaycan Müdafiə Nazirliyi (MN) oktyabrın 27-si, saat 17:30 radələrində bildirib ki, Ermənistan silahlı qüvvələri Goranboy, Tərtər və Bərdə rayonlarının ərazilərini raket atəşinə tutur.
Dağlıq Qarabağdakı separatçı rejim Azərbaycanla döyüşlərdən həlak olmuş daha 35 hərbçisinin adlarını açıqlayıb.
Beləliklə, sentyabrın 27-dən gedən əməliyyatlarda 1006 Ermənistan hərbçisi həlak olub.