Yerevan Bakını günahlandırır
Ermənistan tərəfi də Azərbaycanı yeni atəşkəs rejimini pozmaqda ittiham edir. Ermənistan Müdafiə Nazirliyi atəşkəsin Azərbaycan qüvvələri tərəfindən iki dəfə pozulduğunu iddia edir. Bu haqda nazirliyin sözçüsü Şuşan Stepanyan açıqlama yayıb.
Baş nazir Nikol Paşinyan Facebook-da yazıb ki, Ermənistan tərəfi atəşkəs rejiminə ciddi şəkildə əməl etməkdədir.
Ağdam rayonu atəşə tutulur
"Ağdam rayonunun kəndləri Ermənistan silahlı qüvvələri tərəfindən artilleriya atəşinə tutulur".
Bu məlumatı Azərbaycan Müdafiə Nazirliyi (MN) oktyabrın 26-sı, saat 10 radələrində yayıb.
Azərbaycan mövqelərinin atəşə tutulduğunu deyir
Ermənistan silahlı qüvvələrinin bütün cəbhə boyu atəşkəsi pozduğu bildirilir.
Bu barədə Azərbaycan Müdafiə Nazirliyi (MN) oktyabrın 26-sı, saat təqribən 9:45 radələrində yeni məlumat yayıb.
Məlumatda qeyd edilib ki, Ermənistan iki ölkənin dövlət sərhədində yerləşən Azərbaycanın yaşayış məntəqələrini və bölmələrinin mövqelərini də müxtəlif növ atıcı silahlar, minaatanlar və toplardan atəşə tutur. Bildirilir ki, səhər saatlarından başlayaraq Ermənistanın Berd, Çəmbərək, Vardenis rayonları ərazisindən Azərbaycanın Tovuz, Gədəbəy və Daşkəsən rayonlarının əraziləri atəşə tutulub. Tərtər, Ağdam, Füzuli, Laçın və Qubadlı istiqamətlərində yerləşən Azərbaycan bölmələrinin mövqelərinin də atəşə məruz qaldığı vurğulanır.
Prezidentin köməkçisi Ermənistanı günahlandırdı
"Ermənistan silahlı qüvvələri humanitar atəşkəsi pozaraq saat 08:04-dən Tərtər rayonunu və onun kəndlərini atəşə tutmağa başlayıblar".
Bu sözləri Azərbaycan prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün Twitter səhifəsində yazıb.
"Azərbaycan Müdafiə Nazirliyinin verdiyi məlumata görə, Ermənistan artilleriya və minaatanlarla saat 08:05-dən qüvvələrimizə hücum edir", - H.Hacıyev əlavə edib.