BMT atəşkəsi alqışlayır
BMT-nin Baş katibi Antonio Quterreş yeni atəşkəs razılaşmasını alqışlayıb, Azərbaycanı və Ermənistanı onu yubanmadan tam icra etməyə, ilkin şərtsiz substantiv danışıqları bərpa etməyə çağırıb, - BMT-nin sözçüsü Stefan Ducarriç deyib.
BMT-nin başçısı tərəfləri Dağlıq Qarabağa yardım aparılması üçün maneəsiz humanitar çıxışı təmin etməyə, Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həllinə doğru konkret addımlar atmağa səsləyib.
Dağlıq Qarabağdakı separatçı rejim sentyabrın 27-dən bəri toqquşmalarda 974 əsgərinin və 37 mülki şəxsin öldürüldüyünü deyir. Azərbaycan tərəfi hərbçi itkisini açıqlamasa da, 65 dinc sakinin öldürüldüyünü, 300 nəfərin yaralandığını bəyan edir.
Ermənistan və Azərbaycanla həmsərhəd İranın da narahatlığı artır. İslam İnqilab Keşikçiləri Korpusu (İİKK) bazar günü münaqişə zonasına yaxın sərhədə quru qüvvələri bölmələrini yerləşdirdiyini açıqlayıb. İİKK-nın quru qüvvələrinin komandanı Məhəmməd Pakpur bildirib ki, İran regionda İran xalqının təhlükəsizliyi və dincliyini pozan hər hansı hərəkəti qəbul etməyəcək.
Tərtər atəşə tutulub
"Ermənistan silahlı qüvvələri yeni humanitar atəşkəs rejimini kobud şəkildə pozaraq oktyabrın 26-da Tərtər şəhərini və rayonun kəndlərini artilleriya atəşinə tutub", - MN oktyabrın 26-ı, saat 8:24-də bildirib.
MN qeyd edir ki, oktyabrın 26-da saat 08:05-də Ermənistan silahlı qüvvələri yeni humanitar atəşkəs rejimini pozaraq Laçın şəhəri istiqamətindən Azərbaycan Ordusunun bu rayonun ərazisindəki bölmələrini artilleriya atəşinə tutub.
"Ermənistan yeni atəşkəs rejimini pozdu"
AMN bildirir ki, oktyabrın 26-da saat 08:00-dan yeni humanitar atəşkəs rejiminin elan olunmasına baxmayaraq, Ermənistan silahlı qüvvələri növbəti dəfə əldə olunmuş razılaşmanı kobud surətdə pozub.