Goranboy-Naftalan ərazilərinin də atəşə tutulduğu deyilir
Azərbaycan oktyabrın 24-i səhər saatlarında Ermənistanın nəzarətində olan silahlı qüvvələrin Goranboy-Naftalan istiqamətindəki əraziləri də atəşə tutduğunu açıqlayıb.
Bu barədə Müdafiə Nazirliyi (MN) məlumat yayıb.
Tərtər və Bərdə rayonlarının atəşə tutulduğu bildirilir
Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Tərtər və Bərdə rayonlarının ərazilərindəki yaşayış məntəqələrini atəşə tutduğu bildirilir.
Bu məlumatı da oktyabrın 24-i, səhər saatlarında Azərbaycanın Müdafiə Nazirliyi (AMN) yayıb.
“Cəbhədə oktyabrın 24-nə olan vəziyyət”
Oktyabrın 23-ü gün ərzində və 24-nə keçən gecə cəbhənin Ağdərə, Xocavənd, Füzuli, Hadrut, Qubadlı istiqamətlərində döyüş əməliyyatlarının müxtəlif intensivliklə davam etdiyi bildirilir.
Bu barədə oktyabrın 24-i, səhər saatlarında Azərbaycan Müdafiə Nazirliyi (AMN) məlumat yayıb.
Məlumatda qeyd edilib ki, qarşı tərəf Azərbaycanın müdafiə mövqelərini atıcı silahlar, minaatanlar və toplardan atəşə tutub:
“Azərbaycan ordusunun bölmələri əməliyyat planına uyğun cəbhənin müəyyən edilmiş istiqamətlərində döyüş fəaliyyətlərini davam etdirib”
Bəzi istiqamətlərdə Ermənistan silahlı qüvvələrinin bölmələrinin geri çəkildiyi, vacib yüksəkliklərin azad edildiyi vurğulanıb.
“Hazırda bütün cəbhə boyu döyüşlər davam edir. Qoşunlarımız əməliyyat şəraitinə nəzarət edir”, deyə AMN bildirib.
Halbuki,…
Azərbaycan və Ermənistan oktyabrın 18-i, yerli vaxtla saat 00.00 dan etibarən müvəqqəti humanitar atəşkəsə razılıq vermişdilər.
Bundan əvvəl də oktyabrın 10-da saat 12:00-dan etibarən tərəflər arasında hümanitar atəşkəs təmin edilməliydi.
Amma həmin tarixdən sonra da cəbhədə bir çox istiqamətlərdə döyüşlərin davam etdiyi bildirilirdi. Hətta, Azərbaycanın ikinci böyük şəhəri, cəbhə xəttindən uzaq Gəncə oktyabrın 11-i və17-də raket zərbələrinə tutulmuşdu.Nəticədə üst-üstə 25 dinc sakinin həlak olduğu, 80-dan çoxunun isə yaralandığı açıqlanmışdı.
Ümumilikdə, son həftələr cəbhənin ən müxtəlif istiqamətlərində qarşılıqlı döyüşlərin davam etdiyi, hər iki tərəfdən itkilərin olduğu bildirilib.
Atəşkəsin pozulmasına görə, də qarşılıqlı ittihamlar səslənib.
Vaşinqtonda Qarabağ danışıqları başa çatdı
Oktyabrın 23-də Vaşinqtonda ABŞ dövlət katibi Mike Pompeo Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Zohrab Mnatsakanyanla ayrı-ayrılıqda danışıqlar aparıb.
Bundan əvvəl verilən xəbərlərdə deyilirdi ki, nazirlər Pompeo ilə üçtərəfli danışıqların keçirilməsinə razılıq verməyiblər.
Reuters agentliyi yazır ki, danışıqların aparıldığı vaxt ABŞ Dövlət Departamentinin qarşısında Azərbaycanı və Ermənistanı dəstəkləyən əks-etiraz aksiyaları keçirilirdi.
Nazir Ceyhun Bayramov həmsədrlərlə də görüşüb
Vaşinqtona səfəri çərçivəsində Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramovun oktyabrın 23-də ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə də görüşü keçirilib.
Bu barədə Azərbaycan Xarici İçlər Nazirlyi (XİN) oktyabrın 24-ü məlumat yayıb.
Məlumata görə, görüşdə Ceyhun Bayramov qeyd edib ki, Ermənistan tərəfi iki dəfə humanitar atəşkəsi pozub, mülki əhalini məqsədyönlü şəkildə davamlı atəşə tutur və münaqişə zonasından kənarda yerləşən şəhərləri, yaşayış məskənlərini raket hücumuna məruz qoyur.
Məlumatda vurğulanıb ki, nazir habelə, Ermənistan rəhbərliyinin münaqişənin diplomatik həllinin olmaması barədə açıqlamasını həmsədrlərin diqqətinə çatdırıb.
Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr dövlətlərdir.
Oktyabrın 1-də bu qurumun həmsədr ölkələrinin liderləri birgə bəyanat yayaraq tərəfləri hərbi əməliyyatları dayandırıb, ilkin şərtsiz sülh danışıqlarını bərpa etməyə çağırmışdı.
Trump: “Biz Ermənistanla işləyirik…”
Bu arada prezident Donald Trump deyib ki, Qarabağa dair danışıqlarda “yaxşı irəliləyiş” əldə olunub.
O Azərbaycan və ya Ermənistanın liderləri ilə danışıb-danışmadığını açıqlamayıb.
Trump deyib:
“Biz Ermənistanla işləyirik. Bizim Ermənistanla çox yaxşı münasibətlərimiz var…Görək nə olur…”
Reuters yazır ki, Pompeonun nazirlərlə söhbəti 30-40 dəqiqə davam edib.
Zohrab Mnatsakanyan görüşdən sonra jurnalistlərin suallarına cavab verərkən danışıqları “çox yaxşı” adlandırıb.
Erdoğan: “Türkiyənin Rusiya qədər haqqı var”
Vaşinqton danışıqlarından az əvvəl Türkiyə prezidenti Recep Tayyip Erdoğan demişdi ki, o Qarabağ məsələsinin Moskva və Ankara arasında nizama salınacağına ümid edir:
“Türkiyə inanır ki, buradakı sülh prosesində işrtirak üçün onun da Rusiya qədər haqqı var”.
Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üçün yaradılmış Minsk qrupunun həmsədr ölkələri – Rusiya, ABŞ və Fransa hələki Türkiyənin rolunu qəbul etmək istəmirlər.
Birgə bəyanat qəbul edilmədi
Bu arada oktyabrın 23-də BMT Təhlükəsizlik Şurasının 15 üzvü Dağlıq Qarabağ münaqişəsinə dair birgə bəyanat üzrə razılığa gələ bilməyiblər.
Diplomatların dediyinə görə bu ona görə baş verib ki, şuranın bəzi üzvləri bəyanatda BMT-nin Dağlıq Qarabağa dair məlum qətnamələrinə istinad edilməsini tələb edirdilər.
Rusiya, ABŞ və Fransa isə bu yanaşmanı qəbul etməyiblər.
Reuters yazır ki, belə bəyanatlar Təhlükəsizlik Şurasının bütün üzvlərinin konsensusu ilə qəbul edilməlidir.
Rusiyanın BMT-dəki səfirinin müavini Dmitri Polyanski deyib ki, üzvlər mətn üzərində işi davam etdirməmək qərarına gəliblər.